
Bazarlarda bəzi meyvələrin, xüsusilə armud kimi məhsulların qiymətinin artması alıcılar arasında narazılıq doğurur. Bəzi hallarda bir ədəd meyvənin belə yüksək qiymətə satılması sağlam qidalanmanın əlçatanlığı məsələsini gündəmə gətirir. Bu bahalaşmanın arxasında istehsal xərclərinin artması, mövsümi amillər və logistika problemləri dayanır. Eyni zamanda, yerli istehsalın tələbatı tam qarşılaya bilməməsi də qiymətlərin yüksəlməsinə təsir edən əsas faktorlar sırasındadır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, meyvələrin, xüsusilə də alma, armudun və digərlərin bazarda yüksək qiymətə satılması təkcə istehlakçı narazılığı yaratmır, həm də iqtisadi proseslərin birbaşa əksidir.
"Qiymətlərin qalxmasının əsas səbəblərindən biri təklif və tələb arasındakı uyğunsuzluqdur. Əgər müəyyən bir dövrdə məhsul bol olmursa, məsələn, hava şəraiti əlverişsizdirsə, məhsulun qiyməti təbii olaraq yüksəlir. Digər tərəfdən, idxal və yerli istehsalın maliyyət strukturu da qiymətlərin formalaşmasına təsir göstərir. Yanacaq, gübrə, suvarma və əmək xərcləri artdıqca, fermerlər məhsulu daha yüksək qiymətə satmağa məcbur olurlar, çünki aşağı qiymət istehsalın rentabelliyini təmin etmir. Eyni zamanda logistika məsələləri məhsulun bazara çatdırılması, saxlanması və itkilərin minimuma endirilməsi qiymətlərin üzərində əlavə təzyiq yaradır".
Ekspert bildirib ki, sağlam qidaların getdikcə əlçatmaz olmasının daha geniş səbəbləri isə həm qlobal, həm də lokal səviyyədədir.
"Qlobal bazarlarda enerji və ərzaq qiymətlərinin artması, iqlim dəyişikliyi və qeyri-sabit hava şəraiti yerli istehsalın məhsuldarlığını aşağı salır. Yerli istehsalın tələbatı ödəməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri də fermerlərin uzunmüddətli investisiyalara çıxış imkanlarının məhdud olmasıdır; suvarma sistemləri, modern texnika və toxum təminatı kimi amillər yetərli səviyyədə inkişaf etmədikdə məhsul həcmində ciddi artım mümkün olmur. Bundan başqa, kənd təsərrüfatında planlaşdırma və bazar proqnozlaşdırılması zəif olduqda istehsal tələbi qarşılamır, nəticədə mövsümi qiymət sıçrayışları baş verir".
Onun sözlərinə görə, qiymətlərin yüksəkliyi həm təklif-tələb tarazlığının pozulması, həm istehsal və logistika xərclərinin artması, həm də uzunmüddətli investisiya və infrastruktur çatışmazlığı ilə bağlıdır. Bu proseslər sağlam qidaları daha az əlçatan edir və yerli istehsalın bazarın artan tələbatına cavab verməsini çətinləşdirir.
Qeyd edək ki, armud hazırda bazarlarda kiloqramı 5,50 qəpiyə təklif olunur.

































