Day, Month 00, Year
00: 00: 00 AM
Valideyn təzyiqi, özünəqəsd və ya cəzadan qaçmaq üçün yol - Psixoloq intiharlardan DANIŞDI

Son günlər gündəmi zəbt edən hadisələr arasında təəssüf ki, intiharların xüsusilə yer tutur. İntihar hadisələrinin bu qədər cavanlaşması isə cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır.
Hər kəsi düşündürən bu məsələ cəmiyyəti narahat etməyə başlayıb. İntiharlar arasında yaş faktoru isə vəziyyəti daha vahiməli hala salır. 16, 18 və ya 20 yaşlı qızın özünü hündürmərtəbəli binadan atmasına səbəb nə ola bilər?
Həyatda insanı intihara sürükləyən nədir? Onları qarşılaşdıqları çətinliklərdən “çıxış yolunu” kimi intiharı seçməyə nə vadar edir?
Bu mövzu ilə əlaqədar Oxu.Az-ın suallarını cavablandıran psixoloq Aytən Ələkbərova bildirib ki, insanları intihara təhrik edən şərti olaraq birbaşa altşüurun idarəsi altına düşmələridir. Psixoloq düşünür ki, bu vəziyyətdə insanlara kimsə “bunu et!” deyə səslənir:
“Bu vəziyyət üç istiqamətdə analiz olunmalıdır. Birincisi, insanların yaşadıqları proseslər nəticəsində şüuraltı düşüncələrinin təsirinə düşməsidir. Çoxları düşünür ki, bu, psixoloji vəziyyətin pozulması nəticəsində olur. Kimisi qadın, kimisi robot, kimisi də kişi səsinin ona “intihar et, bunu bacararsan” sözünü deməsini eşidir. Bu, tamamilə başqadır, onlar artıq şizofreniya xəstəliyi olanlardır ki, müalicə ilə onların vəziyyətini nəzarətdə saxlamaq olur.
Ən qorxulusu özünəqapanan insanlara “sakit təbiətlidir” deyib, onları diqqətdənkənar qoymaqdır. Əsas bu cür sakit qalan insanlardan ehtiyat etmək lazımdır. Onların başına gələcək hadisəni ictimai qınağa çıxarmaq, yəni ailə daxilində “sən məni biabır etdin”, “sənin səhvin qulağıma çatsa, gör sənə nə edəcəm” kimi ifadələrlə təzyiq altında saxlamaq insanın intihara meyllənməsinə şərait yaradır. O zaman insan düşünür ki, hər iki halda öldürüləcəm. İnsan cəzadan, cəzanın növündən, bilmədiyi hədələrdən qorxaraq, özünə daha ağır cəza verir və canına qəsd edir”.
Psixoloq son günlər gündəmi zəbt edən 20 yaşlı Sevilin intiharı ilə bağlı mediada yazılan və sosial şəbəkədə müzakirə edilən mövzulara da toxunub:
“Mən bu məsələ ilə bağlı məlumatları oxudum, ailəsinin müsahibəsini dinlədim. Hər birinin açıqlamasında müəyyən mənada qaranlıq qalan məqamlar var. Lakin bu məsələdə media diqqətli olmalıdır. Atanın öz çıxışında qeyd etdiyi bir məsələ diqqətimi çəkdi. Ümumi olaraq bu hadisəni atanın qızına “bax, bunu etmək olmaz…” kimi ifadələr səsləndirməsi ilə əlaqələndirib, uşağın intihara meyl etməsi kimi təqdim etmək olmaz. Belə olsa, “atanın kəskin xarakteri qızını intihara sövq etdi” fikri ortaya qoyulsa, qız övladları “atam mənə “gözünün üstündə qaşın var” deməsin” deyib bu fikri əllərində bayraq edəcəklər. Təbii ki, valideynlər övladları ilə maraqlanmalı, onları dinləyib, yol göstərməlidirlər. Analar oğlanların, atalar isə qızların tərbiyəsində daha çox iştirak etməlidirlər. Hadisəni elə təqdim etmək lazımdır ki, bu, digər gənclərin valideynlərini “cəzalandırmaları” üçün vasitəyə çevrilməsin”.
Hadisəni müzakirə edən sosial şəbəkə istifadəçiləri arasında Sevilin, eləcə də Sevil kimi intiharı çıxış yolu seçən gənclərin addımı dəstəkləyənlər də var.
Bəs bu kimi müzakirələr psixoloji cəhətdən zəif olan insanları intihara sövq edə bilərmi?
Psixoloq Aytən Ələkbərova bu suala cavab olaraq bildirib ki, sosial şəbəkədə yazılan rəylər insanlar üçün hər hansı meyar olmamalıdır:
“Sosial şəbəkə istifadəçiləri arasında bu kimi mövzuları müzakirə edən şəxslərin kimliyi, yaş faktoru çox önəmlidir. 30-35 yaş hələ o insanın həqiqətən də bu yaşda olmasına dəlalət etmir. Valideynin günahkar olduğunu yazanlara diqqət etsəniz, görərsiniz ki, bu, şəbəkə istifadəçilərinin çox kiçik bir qrupunu təşkil edir. Bu məsələni analiz etsək, görərik ki, o şəxslər məhz həmin övladlardır ki, valideynləri onların hər hansı seçimlərinə qarşıdırlar. Bu cür şərh yazaraq valideynlərə qarşı manipulyasiya aparırlar. Sanki bu yolla onlar “seçimlərimizə qarışmayın, yoxsa biz də belə edərik” kimi fikirləri göz önünə gətirməyə cəhd edirlər.
Bütün bunlarla mübarizə aparmağın yolu maarifləndirici söhbətlərdir. Yaxşı olardı ki, pandemiyadan sonra gəncləri toplayıb, vebinarlar təşkil edilsə, mən təmənnasız gənclərlə profilaktik söhbətlər aparmağa hazıram. Təki sağlam cəmiyyət və sağlam təfəkkürlü gənclik yetişsin”, - deyə psixoloq sonda əlavə edib.


Tarix: 23-02-2021, 11:08 Oxunub: 143


Bölməyə aid digər xəbərlər