Day, Month 00, Year
00: 00: 00 AM
“ASAN xidmət”ə hansı qurumlar üzrə ən çox müraciət daxil olub? - SİYAHI

2020-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN xidmət”ə 5 740 809 müraciət daxil olub və onlardan 5 316 145 müraciət xidmətlə təmin edilib ki, bu da 92,6 faiz təşkil edib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ötən il üzrə hesabatında qeyd edilib.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq müraciət sayı 2019-cu illə müqayisədə 37,7 faizə yaxın azalıb.
Həmçinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə gündəlik müraciətlərin sayı 2019-ci illə müqayisədə 24 792 müraciətdən 18 564 müraciətə qədər azalıb. 
Gün ərzində müraciət sayı üzrə ən yüksək göstərici yanvar ayında, ay ərzində müraciət sayı üzrə ən yüksək göstərici isə fevral ayında qeydə alınıb (müvafiq olaraq 39 614 və 806 970 müraciət). 2020-ci il ərzində mərkəzlərdə vətəndaşlara 3 026 699 hazır sənəd təqdim edilib.  
Hesabat dövründə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə daxil olmuş ən çox müraciət Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər üzrə qeydə alınıb (2 064 236 müraciət – 39,4 faiz). 
Növbəti ən çox müraciət isə Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan notariat fəaliyyəti (716 988 müraciət) və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (443 056 müraciət) xidmətləri (ümumilikdə 20,2 faiz), habelə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan xidmətlər (295 332 müraciət - 5,6 faiz) üzrə qeydə alınıb.
“ASAN Kommunal” mərkəzlərində xidmətlərə ən çox müraciət “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər üzrə qeydə alınıb (133 395 müraciət - 39,7 faiz). Növbəti ən çox müraciət isə “Azərişıq” ASC (66 310 müraciət - 19,8 faiz) tərəfindən təqdim olunan xidmətlər üzrə qeydə alınıb.


Tarix: 11-02-2021, 11:32 Oxunub: 154


Bölməyə aid digər xəbərlər