Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB

Baxış: 180
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB


“Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, bu məsələdə mövqeləri hər zaman açıq olub. M.Abbaszadənin fikrincə, imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır:

“İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur. Lakin diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm”.

Onun sözlərinə görə, hazırda DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir:

“Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir.

Biz hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirik. Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir”.

DİM sədri bildirib ki, ötən il bu məsələyə daha dərindən baxmaq, imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək üçün anonim sorğular da keçiriblər:

“Sorğular həm imtahandan əvvəl, həm də sonra aparıldı. Əldə etdiyimiz nəticələri təhlil edərək məqalə şəklində hazırlamışıq və sizinlə bölüşürük. Hər kəsi bu məqaləni oxumağa, təqdim olunan nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə dəvət edirəm. İnanıram ki, faktlara və təhlillərə əsaslanan müzakirələr həm mövcud mənzərəni daha düzgün qiymətləndirməyə, həm də qarşılıqlı anlaşmaya kömək edə bilər.

İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.