
Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.
APA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.
Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Qeyd edək ki, hər iki ölkənin hökumət başçılarının həmsədrləri olduğu komissiyanın 10-cu iclası ötən ilin yanvarında Bakıda baş tutub.







































