Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərbaycan və Türkiyənin arasını vura bilməyəcəksiniz”

Baxış: 171
“Azərbaycan və Türkiyənin arasını vura bilməyəcəksiniz”


Türkiyəli jurnalist, “Yeşil Iğdır” qəzetinin təsisçisi və baş redaktoru Cabbar Şıktaş Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı üzərindən Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən dairələrə cavab verib. Yazar iki ölkə arasındakı nifaq cəhdlərinin əbəs olduğunu vurğulayıb.

“Qafqazinfo” müəllifin həmin məqaləsini təqdim edir:

“Keçən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında geniş nitq söylədi.

Çıxışının bir hissəsində o, “Bizə heç kim kömək etmədi. Biz öz gücümüzlə döyüşdük. Aldığımız hər bir silahın pulunu artıqlaması ilə ödədik. Kiminsə məsləhətinə də ehtiyacımız yoxdur. Hər kəs öz ölkəsinə, öz xalqına baxsın” fikirlərini səsləndirdi.

İlham Əliyevin bu çıxışından dərhal sonra xüsusilə Türkiyə və Azərbaycandakı bəzi müxalif media orqanlarında Əliyevin sözlərinin birbaşa Türkiyəyə qarşı yönəldiyi barədə şərhlər verilməyə başlandı.

Halbuki bu şərh və iddiaların nifaq toxumu səpmək istəyən bəzi dairələr tərəfindən həm Prezident İlham Əliyevə qarşı çıxmaq, həm də Prezident Rəcəb Tayyib Ərdoğana tənqidlər yönəltmək məqsədilə ortaya atıldığı aydındır.

Prezident İlham Əliyevin çıxışı kifayət qədər uzun idi. Çıxışın yalnız bir hissəsini cımbızlayaraq bunun üzərindən polemika yaratmaq və Azərbaycan ilə Türkiyə arasındakı dostluğa xələl gətirməyə çalışmaq hər baxımdan qərəzli yanaşmadır.

Nədənsə hər zaman Azərbaycan ilə Türkiyənin arasını vurmaq üçün pusquda duran və müxtəlif mərkəzlərdən aldıqları təlimatlar doğrultusunda hərəkət edən şəxs və ya dairələr hər fürsətdə Azərbaycanı qaralamağı və Azərbaycan üzərindən Türkiyə Cümhuriyyətini tənqid etməyi üstün tuturlar.

Azərbaycan üzərindən yeni müzakirə cəhdi

Kimin kim olduğu və nəyi təmsil etdiyi barədə ictimaiyyətin kifayət qədər məlumatı olmadığı bəzi qruplar Azərbaycanın İstanbuldakı Baş konsulluğu qarşısında ölkəmizdəki hicab qaydalarını bəhanə edərək aksiya keçirib, Azərbaycana güclə etiraz bildirdilər.

Siz kimsiniz? Özünüzü nə zənn edirsiniz?

Atdığınız bu addım bir ölkənin daxili işlərinə müdaxilə etmək demək deyilmi?

Türkiyədə bir zamanlar hicab qadağasının siyasi alət kimi istifadə olunduğunu hamımız bilirik. Qadağa ləğv edildikdən sonra da hicab və din üzərindən müəyyən siyasi hesabların aparıldığına şahid olduq. Bu məsələdə nə qədər səmimi olunduğunu da hamılıqla gördük və görürük.

Yaxşı, bəs eyni şəxslərin İsrail Konsulluğu qarşısında Fələstində və Qəzzada uşaqların qətlə yetirilməsinə etiraz etdiyini gördünüzmü?

Eyni adamların Fələstin və Qəzza məsələsində nümayiş etdirdikləri həssaslığı sözdə müsəlman ölkələrinə qarşı göstərdiklərinə şahid oldunuzmu?

“22 ərəb ölkəsi var, niyə kömək etmirlər?” deyərək həmin ölkələrin konsulluqları qarşısında etiraz aksiyası keçirdiklərini gördünüzmü?

Keçirilmədiyini və keçirilməyəcəyini hamımız yaxşı bilirik.

Məhz bu səbəbdən Azərbaycanın İstanbul Baş konsulluğu qarşısında keçirilən bu aksiyanı şiddətlə qınayıram. Bu, həddini aşmağın pik nöqtəsidir.

Hər fürsətdə dindən istifadə edərək, dini siyasətə alət edərək Azərbaycana dil uzatmaq və tənqid oxlarını yönəltmək də özü-özlüyündə hədsizlikdir.

Bu günə qədər Yaxın Şərqdə aparılan siyasətin böyük ölçüdə məzhəb təəssübkeşliyi üzərində qurulduğunu görürük. Qəribədir ki, Fələstin və Qəzza məsələsi gündəmə gələndə məzhəb təəssübkeşliyi unudulur, İsrailə biət başlayır.

Halbuki Sünni Fələstin və Qəzzada baş verənlərin əsas məsuliyyətdaşıyıcısı İsraildir. Buna baxmayaraq, regiondakı bir çox müsəlman ölkəsinin mövqeyinə qarşı eyni həssaslığın nümayiş etdirilmədiyini görürük.

Dolayısilə, Azərbaycana qarşı bu yanaşmanı səmimiyyətlə izah etmək mümkün deyil.

Azərbaycan və Türkiyənin arasını vura bilməyəcəksiniz

Bu davranış bəzi dairələrin içlərində bəslədikləri kin, nifrət və qəzəbin çölə vurmasından başqa bir şey deyildir.

Qidalandıqları mərkəzləri də hamımız yaxşı tanıyırıq. Bu mərkəzlərdə belə işlərin planlı şəkildə idarə olunduğu reallıqdır. Məsələ Azərbaycan və İran olduqda, məzhəb təəssübkeşliyi ucbatından dərhal reaksiya verən dairələr hər fırsətdə yeni bir müzakirə başlatmağa, yeni münaqişə zəmini yaratmağa çalışırlar.

Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkədir.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasındakı qardaşlığı və strateji tərəfdaşlığı dəfələrlə ictimaiyyət qarşısında nümayiş etdiriblər.

Buna baxmayaraq, fitnə maşını dayanmadan işləyir. Türkiyə ilə Azərbaycanın arasına nifaq salmağa, iki ölkəni bir-birinə küsülü, düşmən və əlaqəsiz dövlətlərə çevirməyə çalışırlar.

Lakin bu cəhdlərin əbəs olduğu hamımıza bəllidir.

Yenə də öz missiyalarını yerinə yetirmək üçün fəaliyyətlərini davam etdirir, fitne yaymağa və iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa cəhd edirlər.

Amma əbəs yerə çalışırlar.

Bu fitnə tutmaz.

Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı iki ölkə xalqları arasındakı könül bağı var olduqca davam edəcəkdir.

Nifaq mərkəzləri isə hər zaman olduğu kimi, növbəti dəfə də öz işlərini görməyə cəhd edəcəklər.

Əziz oxucular…

İlham Əliyevin sözləri Türkiyəni hədəf alan bəyanatlar deyildir.

Əliyevin çıxışı böyük bir nitqdir və sözügedən ifadələri yalnız Türkiyəyə bağlamağa çalışmaq çıxışın ümumi kontekstindən kənar qiymətləndirmədir.

Bu sözləri xüsusilə Türkiyəyə qarşıymış kimi qələmə vermək məqsədyönlü və şüurlu nifaq yaratmaq cəhdidir.

Bir neçə gün ərzində Prezident Rəcəb Tayyib Ərdoğan ilə Prezident İlham Əliyev bir araya gəldikdə, bu gün bu sözlər üzərindən ajiotaj yaradanların nə deyəcəyini hamılıqla görəcəyik.

İki lider yenidən yan-yana gələcək, iki ölkənin qardaşlığı növbəti dəfə nümayiş olunacaqdır.

O zaman fitnə törətməyə çalışanların deyəcək bir sözünün qalıb-qalmadığını bərabər görəcəyik.

Azərbaycan və Türkiyə qardaşdır. Bu qardaşlığı bozmağa heç kimin gücü çatmaz”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.