Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident 2 sərəncam imzaladı

Baxış: 45
Prezident 2 sərəncam imzaladı


Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi qəbul edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

***

Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunub).

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;

2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.