Day, Month 00, Year
00: 00: 00 AM
Prezident İlham Əliyev qəbullar keçirib - FOTO

Prezident İlham Əliyev qəbullar keçirib - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
Sahibkartv.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.
Sahibkartv.az xəbər verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlət başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.
Qonaq COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirdi. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğuladı.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirdi. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğuladı.
BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə etdi.
Dövlət başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır.
Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulandı.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
Sahibkartv.az xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.
Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.
Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib.
COP29-un əhəmiyyətinə toxunan dövlət başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib.
Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb.
Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.
Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.


Tarix: 9-10-2024, 17:57 Oxunub: 21


Bölməyə aid digər xəbərlər