
Ötən ay Azərbaycanda 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 7 stomatoloqdan 5 nəfəri 210.1-ci maddəsi ilə, 2 nəfəri isə 215.1-ci maddəsi ilə bağlı protokollar üzrə tədbir görülüb. Həmin protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib.
Bundan əlavə, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib. Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və protokollar müvafiq icraata göndərilib.
Ümumilikdə sentyabr ayı ərzində 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilib. Qeyd olunan hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.













































