Day, Month 00, Year
00: 00: 00 AM
Bu il Naxçıvanda 48 yeni subartezian quyusu qazılacaq



Bu il Naxçıvanda 48 yeni subartezian quyusu qazılacaq.
“Sahibkartv.az”ın yerli bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Lalə Allahverdiyeva bildirib ki, hazırda Culfa rayonunun Bananiyar kəndində yeni subartezian quyusunun tikintisi işləri davam edir.
Bundan başqa, bu il Şərur rayonunda 13, Babək rayonunda 12, Culfada 10, Şahbuzda 4, Ordubadda 5, Kəngərlidə 4 ədəd subartezian quyusu qazaılacaq.
Onun sözlərinə görə, faktiki olaraq Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin subartezian quyularının yerinin təyin edilməsi üçün geofiziki tədqiqat işlərinə başlayıblar. Hazırda tədqiqat işləri davam edir.
Məlumata görə, son illər yağıntının miqdarının az olması, yeraltı suların səviyyəsinin aşağı düşməsi meliorativ tədbirlərin həcminin artırılmasını şətləndirib. Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılsa da, onlardan təyinatı üzrə və səmərəli istifadə olunmayıb, lazımi qədər quyu qazılmayıb. Ötən il Naxçıvanda çox az sayda-ümumilikdə 5 subartezian quyusu istifadəyə verilib. Halbuki bu rəqəm daha çox ola bilərdi.
Bu il Bakı şəhərindən gələn aid qurumların nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə muxtar respublika ərazisində monitorinq və müşahidələr aparılıb. Artıq yeni subartezian quyularının qazılması və digər meliorativ tədbirlərin görülməsi istiqamətində daha geniş işlərə başlanılıb.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında 932 subartezian quyusu var. Bu hidrotexniki qurğular əkin və həyətyanı torpaq sahələrinin su təminatının ödənilməsi ilə yanaşı, sakinlərin içməli su ehtiyacının böyük bir hissəsini də ödəyir.

Tarix: 16-03-2023, 16:35 Oxunub: 88


Bölməyə aid digər xəbərlər