Day, Month 00, Year
00: 00: 00 AM
Gəncə sənayesində 185 milyon manatlıq istehsal - ŞƏHƏRİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ AÇIQLANDI

2022-ci il yanvar-mart aylarında Gəncə şəhərinin sosial-iqtisadi göstəriciləri açıqlanıb. Sahibkartv.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən məlumatları təqdim edir.
Gəncə şəhərində sənayenin vəziyyəti haqqında
2022-ci ilin yanvar-mart aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 185,1 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 6597 nəfər işçiyə verilən orta aylıq əmək haqqı 600,8 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 564,6 manat, qeyri-dövlət sektorunda 652.8 manat təşkil etmişdir.  
Emal sektorunun müəssisələri tərəfindən 162,9 milyon manatlıq (150,7 milyon manat qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 47,9 milyon manat qida məhsulları istehsalı, 2,6 milyon manat içki, 88,3 milyon manat metallurgiya sənayesi məhsulları, 12,2 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 11,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-mart ayları ərzində 64,3 ton makaron, 29,6 min dekalitr araq, 28,3 min dekalitr şərab, 125 ədəd traktor, 55 ədəd MAZ yük avtomobili,      3 min 747,0 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 21 ədəd sair qoşqular və 2 min 227 ədəd elektron, 31 min 920 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-mart ayları ərzində 17,2 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 5,0 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 
Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında
2022-ci ilin məhsulu üçün keçən ilin  dekabr ayında  Gəncə şəhərində cəmi 29,0 hektar sahədə arpa səpilmişdir.   
2022-ci ilin aprel ayının 1-i vəziyyətinə təsərrüfatlarda 998 baş iribuynuzlu mal-qara  (ondan 406 baş inək və camış), 1917 baş qoyun və keçi mövcud olmuşdur. 
Gəncə şəhərində 2022-ci ilin  yanvar-mart aylarında heyvandarlıq bölməsində 15,2 ton ət diri çəkidə, 100,4 ton süd, 115 min ədəd yumurta istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 45 min ədəd (64,3 faiz) artmış, süd istehsalı 47,4 ton (32,1 faiz), ət istehsalı isə 0,6 ton (3,8 faiz) azalmışdır.  
2022-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə  346,5  min manat təşkil etmiş və heyvandarlıq məhsullarından ibarət olmuşdur.
 Mal-qaranın, quşların və arı  ailələrinin tam uçotunun yekunları haqqında
Gəncə şəhərində 2022-ci ilin yanvar ayının 1-i vəziyyətinə 1085 baş iribuynuzlu mal-qara (ondan 444 baş inək və camış), 1937 baş qoyun və keçi, 12 baş at, 5638 arı ailəsi,14227 baş quş qeydə alınmışdır. İribuynuzlu mal-qaranın sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 606 baş (35,8 faiz), ondan inək və camışların sayı 227 baş (33,8 faiz), qoyun və keçilərin sayı 743 baş (27,7 faiz), quşların sayı 745 baş (5,0 faiz), atların sayı 18 baş (60,0 faiz) azalmış, 1250 arı ailəsi (28,5 faiz) artmışdır.
Qeyri-dövlət müəssisələrində 13 baş iribuynuzlu mal-qara, 420 baş qoyun və keçi, 4 baş at mövcud olmuşdur. İribuynuzlu mal-qaranın və atların sayı keçən ilin müvafiq dövrünə nisbətən dəyişməz qalmışdır.
Ailə kəndli və ev təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 2021-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 606 baş (36,1 faiz), inək və camışların sayı 227 baş (34,3 faiz), qoyun və keçilərin sayı 1163 baş (43,4 faiz), quşların sayı 745 baş (5,0 faiz), atların sayı 18 baş (69,2 faiz) azalmış, 1250 arı ailəsi (28,5 faiz) artmışdır. Şəhərdə mövcud olan iribuynuzlu mal-qaranın 1072 başı (98,8 faizi) ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. İl ərzində inək və camışların sayı 662 başdan 435 başa enmişdir. 2022-ci il yanvarın 1-i vəziyyətinə ailə kəndli və ev təsərrüfatlarında 1449 baş qoyun, 68 baş keçi mövcud olmuşdur. 2021-ci ilin yanvar ayının 1-nə nisbətən qoyunların sayı 1099 baş (43,1 faiz) azalmış, keçilərin sayı 64 baş (48,5 faiz) azalmışdır. 
2021-ci il ərzində şəhər üzrə heyvandarlıq məhsullarının istehsalı faktiki qiymətlərlə 720,9 min manat təşkil etmişdir. Ət istehsalı 2020-ci illə müqayisədə 29,9 ton (73,6 faiz), süd istehsalı 114,9 ton (24,2 faiz), yun istehsalı 1,1 ton (31,7 faiz), yumurta istehsalı 391 min ədəd (2,8 dəfə) artmış, yun istehsalı 1,4 ton (35,0 faiz) azalmışdır.
Pərakəndə  ticarət dövriyyəsi haqqında
2022-ci ilin  yanvar-mart aylarında  pərakəndə ticarət şəbəkəsində  istehlakçılara 317 milyon 743,9 min manatlıq, o cümlədən 200 milyon 842,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,116 milyon 901,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz  azalmış qeyri-ərzaq malları üzrə isə 9,6 faiz artmışdır.
2022-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 17,6 faizi ticarət müəssisələri, 54,3 faizi fərdi sahibkarlar tərəfindən, 28,1 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,3 faiz, bazar və yarmarkalarda 26,3 faiz artmış, fərdi sahibkarlar üzrə isə 9,6 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 296,6 manatlıq o,cümlədən 187,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,  109,1 manatlıq qeyri-ərzaq malları almışdır. 
Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2022-ci ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 7 milyon 558,4 min manat təşkil etmişdir. Dövriyyənin 12,9 min manatı hüquqi, 7 milyon 545,5 min manatı isə fiziki şəxslərin payına düşür.
2022-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,3 faiz artaraq 81 milyon 810,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 27 milyon 570,3 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 33,7 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 6,1 faizi dövlət, 93,9 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla ayda cəmi 74,6 manatlıq və ya 2021-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə 10,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Tikintinin vəziyyəti haqqında
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 11778,8 min manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1 milyon 774,3 min manatı (15,1 faizi) məhsul istehsalı sahələrinin, 6 milyon 994,8 min manatı (59,3 faizi) xidmət sahələrinin, 3 milyon 9,7 min manatı (25,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 89,8 faizi dövlət, 10,2 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyon 850,0 min manatı və ya 83,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi həcmində büdcə vəsaitləri 89,8 faiz, müəssisə və təşkilatların vəsaitləri 8,5 faiz, əhalinin şəxsi vəsaitləri 1,7 faiz təşkil etmişdir.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2022-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 5 milyon 929,2 min manat təşkil etmişdir.Ümumi tikinti işlərinin 3 milyon 407,4 min manatını, yaxud 57,5 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 41,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,0 faizini əsaslı təmir, 6,0 faizini cari təmir işləri, 2,3 faizini sair işlər) təşkil etmişdir. 42,5 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.  
Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında
Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2022-ci ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə (ilkin məlumatlara əsasən) 16 milyon 642,0 min nəfər sərnişin daşınmışdır.
2022-ci ilin yanvar-mart ərzində avtomobil nəqliyyatı sahəsində 1 milyon 95,0 min ton yük daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 1780,7 min manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 10,8 faiz çox xidmət göstərilmiş, xidmətlərin 98,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5 faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 81,3 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 18,7 faiz təşkil etmişdir.
Gəncə şəhərinin demoqrafik göstəriciləri
Ərazisi 125 kvadrat kilometri əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci  ilin yanvar-mart ayları ərzində 87 nəfər artaraq 1 aprel 2022-ci il vəziyyətinə 335 min 881 nəfərə çatmışdır. Əhalinin 152 min 844 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 37 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (163 min 942 nəfər) kişilərdən, 52,2 faizi (171 min 939 nəfər) isə qadınlardan ibarətdir. 
2022-ci ilin yanvar-mart aylarında şəhərdə 724 körpə doğulmuşdur. Doğulanların 399 nəfərini oğlanlar, 325 nəfərini qızlar təşkil edir.
2022-ci ilin 3 ayında 693 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-mart aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 399 nikaha daxilolma və 142 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-mart ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 129 nəfər gələn, şəhərdən 73 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 56 nəfər təşkil etmişdir.


Tarix: 13-05-2022, 19:11 Oxunub: 296


Bölməyə aid digər xəbərlər