
Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ÜDM-in 5 faizindən bir az artıq olan xarici borcumuzun dünyada ən aşağı borclardan olduğunu bildirdi. Xarici borcun ÜDM-dəki nisbəti iqtisadi təhlükəsizlik baxımdan əsas meyarlardandır.
Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.
Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada neçəncidir?
O bildirib ki, "World Economics"in statistikasına əsasən, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı üçlükdədir:
"Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir. Xarici borcun ÜDM-dəki payının bir rəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur. Xarici borcun ÜDM-ə nisbətinin aşağılığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir. ÜDM-ə nisbətdə ən yüksək borc asılılığı Avropada Luksemburq, Malta və Kiprdədir. ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2,6 dəfə çoxdur".
"Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89,4 milyard dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir. Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir", - deyə millət vəkili əlavə edib.






































