
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir.
2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir.
Hazırda Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpü, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur.
Marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Eyni zamanda yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər davam etdirilir.
Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz-Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma çərçivəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması ilə Zəngəzur dəhlizi boyunca dəmir yolu bağlantısının bərpası nəzərdə tutulur. Hazırda dəhlizin digər istiqamətlərində işlər davam etdirilir. Ələt-Osmanlıda işlərin 60 faizi, Horadiz-Ağbənddə isə 73 faizi tamamlanıb.
Yeni bağlantı Orta Dəhlizin imkanlarını genişləndirməklə Avropa və Asiya arasında yükdaşımaların inkişafına, Türkiyə və Avropa bazarlarına çıxışın gücləndirilməsinə töhfə verməklə Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda Zəngəzur dəhlizi Şimal-Cənub nəqliyyat marşrutu ilə bağlantı baxımından da strateji əhəmiyyət daşıyacaq.












































