
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 3-də polis əməkdaşları tərəfindən ölkə ərazisində cinayətkarlığa qarşı mübarizə, axtarışda olan şəxslərin saxlanılması, narkotik vasitələrin və qanunsuz silah-sursatın aşkarlanması istiqamətində kompleks əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.
Görülən tədbirlər nəticəsində gün ərzində qeydə alınmış 57, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması təmin edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Axtarış tədbirləri çərçivəsində ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 88-i borclu şəxs qismində axtarışda olub. Bundan başqa, dələduzluq əməllərinə görə axtarışda olan 7 nəfər də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Sentyabrın 3-də keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş şəxs kimi axtarışa verilən 8 nəfərin də yeri müəyyən edilib. Həmin şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 25 fakt müəyyən olunub. Əməliyyat tədbirləri zamanı ümumi çəkisi 1,3 kiloqram olan narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində isə 11 fakt qeydə alınıb. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 2 avtomat, 1 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 6 patron darağı, 1 mərmi və müxtəlif çaplı 253 patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz silah-sursat saxlanılmasına qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir.







































