14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Pərviz Heydərov yazır...
Bəziləri gileylənirlər ki, getdikcə hər şey ödənişli olur. "Bir azdan nəfəs aldığım hava da pullu olacaq" - deyənlər də var. Nəzərə alınmır ki, bazar iqtisadiyyatı şəraitində ödənişsiz heç nə olmur. Xüsusən də, təbii resurslar tükənməz deyil və ondan istifadəyə qənaətlə yanaşmaq lazımdır. O cümlədən də, sudan istifadəyə...
Bu baxımdan hökumətin bu ilin keçən ayının 17-si tarixində verdiyi qərar ciddi müzakirələrə yol açıb. Əslində isə Nazirlər Kabinetinin (NK) ölkədə sudan istifadəyə görə ödənişlərin tətbiqinə dair tələblə bağlı qərarı zərurətdən irəli gələrək verilib.
Su təbii sərvətdir, odur ki, ondan istifadə də müəyyən qaydalara əsaslanmalı və bu sahədə müvafiq nəzarət mexanizmi fəaliyyət göstərməlidir. Buna əslində, çoxdan əməl etmək lazım idi. Xüsusən də o baxımdan ki, həm dünyada, həm ölkəmizdə içməli və texniki su ehtiyatları və istifadəsi sahəsində ciddi problemlər mövcuddur və getdikcə də bu problemlər daha çox kəskinləşməkdədir.
Su sahəsində ciddi problemlər mövcud olduğunu danışdıqda təəssüf ki, əhali buna diqqət yetirmir və söhbətin, əslində nədən getdiyinin fərqinə varmır, yaxud maraq göstərmir.
Halbuki, hökumət səviyyəsində bir neçə dəfə dövlət başçısının sədrliyi ilə su ehtiyatları və ondan istifadə ilə bağlı iclaslar və müşavirələr keçirilib və bu zaman dönə-dönə səsləndirilib ki, ölkəmizi içməli, o cümlədən texniki su ilə bağlı məsələlərdə yaxın perspektivdə çox ciddi təhlükə gözləyir.
Bu, bütün dünya üzrə belədir. Və Azərbaycan da dünyanın bir parçası olduğundan tədbirlər görülməsə, çox ciddi böhranla üzləşə bilərik.
Bəli, bunun bir səbəbi iqlim şəraiti ilə bağlıdır. Bu, regionlarda torpaq, ev təsərrüfatı sahibləri tərəfindən əyani hiss olunur. İkinci səbəbi isə, sudan istifadəyə nəzarətin olmaması və nəticədə kəskin israfçılıq, itkilərlə bağlıdır.
Birinci obyektiv xarakter daşısa da, ikinci müdaxilə tələb edir. Ona görə də sudan istifadə, istehlak qaydalarına dövlət tərəfindən nəzarətin təmin olunması və bunu durmadan gücləndirmək, bu sahədə müvafiq ödəniş sistemi tətbiq etmək və qiymət siyasəti yürütmək vacib hesab olunur.
Ölkə iqtisadiyyatının inkişafı, xüsusən də kənd təsərrüfatında və ərzaq təhlükəsizliyimizin təmin olunması sarıdan bu, hökumətin qarşısında duran ən ümdə məsələlərdən sayılır.
Vətəndaşların yaxın gələcəkdə çaylardan, göllərdən və anbarlardakı sudan, o cümlədən həyətlərində xüsusi qurğularla su əldə etməkləri belə ödənişli olacaq. Tarif (Qiymət) Şurası bütün bunlara dair müvafiq haqları və yaxud qiymətləri müəyyən edəcək. Yəni, NK-nin sözügedən qərarında belə tapşırıq verilib.
Lakin bu zaman bir sual yaranır. Bu addım, yəni yaradılacaq yeni mexanizm digər sahələrdə xidmətə və qiymətlər səviyyəsinə təsir etməyəcəkmi ?!
Sudan istifadə sahəsində ödənişlərin tətbiqi təbii ki, digər sahələrdə də qiymətlərə təsir göstərəcək. Hansı ki, bu, qaçılmaz xarakter daşıyır. Çünki ortaya yeni ödəniş mexanizmi və vasitəsi gəlir.
Xüsusən də nəzərə alsaq ki, müəyyən olunacaq yeni qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödənişlər həyata keçirəcəklər demək, zəncirvari olaraq digər sahələrdə qiymətlərə təsirsiz ötüşmək əsla mümkün deyil.
Düzdür, bu zaman diferensiallaşdırılma siyasəti də yürüdüləcək. Lakin istər-istəməz yeni xərclər yaranacağından digər sferalara aid qiymətlərin səviyyəsi də dəyişəcək və artmalı olacaq.
Təkrar edirəm, başqa çarə yoxdur: dövlət son illər ərzində külli məbləğdə investisiya, böyük məbləğdə maliyyə vəsaitləri hesabına su anbarları tikərək istifadəyə versə də yenə su problemi var. Rayonlarda artezian quyularının qazılmasına da dövlət maliyyə vəsaiti ayırır. Bütün bunların müqabilində isə real nəticə heç də ürəkaçan deyil. Belə ki, yenə də bir çox bölgələrdə su çatışmazlığı var, yay fəslində suvarma işlərində böyük problemlər olur.
Hətta bölgələrdə bununla bağlı ciddi münaqişələr və hadisələr ortaya çıxır. Bu da ciddi siqnaldır. Əgər nəzarət olmasa, yaxın 5-10 ildə bizi çox acınacaqlı vəziyyət gözləyir.
Ümumiyyətlə, su ilə bağlı elə ciddi problemlər üzləşə bilərik ki, onu real olaraq təsəvvür etmək mümkün deyil. Nazirlər Kabinetinin qərarı da göstərir ki, hökumət təhlükəni görür və bununla bağlı müvafiq addımlar atmağa çalışır.
Hesab edirəm ki, sudan istifadəyə görə ödəniş mexanizminin tətbiqi bu sahəyə dövlət nəzarətinin tətbiq olunması ilə ehtiyatlardan səmərəli istifadə üçün yol açmaqla yanaşı, yeni-yeni su anbarlarının tikintisi və müvafiq itkilərin qarşısını almaq baxımından da vəsait qoyuluşuna əlavə imkan və şərait yaradacaq, bunu təmin edəcək.
Məsələn, Bakı-Qəbələ-Oğuz su kəmərinin çəkilişinə milyonlarla vəsait sərf olundu və bu, Bakının su təminatında mühüm rol oynadı. Ancaq adıçəkilən kəmər kifayətdirmi ?! Xeyr...
Əhalinin sayı durmadan artır, iqtisadiyyat inkişaf edir və genişlənir - iri sənaye obyektləri və sahələri yaranır. Elektrik enerjisinə və digər kommunal xidmətlərə - təchizata ehtiyac fasiləsiz olaraq artdığı kimi suya da tələb yüksələn xətt üzrə inkişaf etməkdədir. Odur ki, yeni su mənbələrinin əldə edilməsi və ehtiyatlarının təşkili üçün əlavə vəsait qoyuluşlarına tələb durmadan artır.
Ancaq bir məsələ də var ki, bütün bunlara rəğmən, sudan istifadəyə dair qiymətlər də elə səviyyədə və müvafiq tənzimlənən mexanizm əsasında tətbiq edilməlidir ki, qarşıya qoyulan məqsədə nail olunsun və həyatımıza tezliklə daxil olacaq bu yeni ödəmə mexanizmi ümumi istehlak qiymətləri səviyyəsinə hiss olunmayacaq dərəcədə təsir göstərsin.
Bölməyə aid digər xəbərlər