Day, Month 00, Year
00: 00: 00 AM
Diplomatik mesajların paralelində: Azərbaycan Xocalıda erməni mövqelərini dağıdır – ŞƏRH

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində gərginlik davam edir.
Bu fikri söyləmək üçün Azərbaycan Müdafiə Nazirliyinin martın 12-də verdiyi açıqlamaya diqqət etmək kifayətdir.
Ancaq bir gün öncə, martın 11-də diplomatik cəbhədə səslənən bəyanatlara qısa nəzər yetirsək, bunların hərb meydanındakı proseslərlə uzlaşdığını göstərən cizgiləri görə bilərik.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana 5 maddədən ibarət təklif paketi göndərdiyini açıqlayıb. Hərb səhnəsində Azərbaycanın yenidən düşmənə layiqli cavab verməsi fonunda deyə bilərik ki, Bakının İrəvana yolladığı şərtlər sonuncu xəbərdarlıq məzmunu daşıyır.
Bu xəbərdarlığın motivlərini Azərbaycanın baş diplomatı Ceyhun Bayramovun işlətdiyi ifadədə tapa bilərik:
“Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz, təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”.
Digər bir bəyanat isə xarici işlər nazirinin müavini Xələf Xələfovdan gəldi. Cənab Xələfov Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan mülki ermənilərin Azərbaycan vətəndaşı olduqlarını xatırlatdı.
Bunun ardınca isə hərbi-diplomatik yüklü bir mesaj ünvanlayaraq qanunsuz erməni hərbi birləşmələrinin həmin ərazilərdən çıxarılmasının vacibliyini dilə gətirdi və bu istiqamətdə prosesin gedəcəyini bildirdi.
Diplomatik-siyasi mesajların suyu çəkilməmiş Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatlarına dair daha bir məlumat yaydı.
Məlumatda iki əsas məqam:
1. Azərbaycan Ordusu erməni təxribatlarına (Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətində) cavab olaraq qanunsuz dəstə üzvlərinin döyüş mövqelərinə zərbələr endirib,
2. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.
Birinci bənd onu göstərir ki, artıq təxribat törədən hər-hansı erməni yox, onun girib gizləndiyi mövqe də atəşə tutulur.
Bu, MN-in son günlərdəki açıqlamalarında ikinci belə haldır, bundan əvvəl də Azərbaycanın hərb nazirliyi erməni separatçılarının mövqelərinə dəqiq zərbələr endirildiyini bəyan etmişdi. Bəs separatçıların neçə mövqeyi darmadağın edilib? Bunu zamanla, yəqin ki, rəsmi qurumlar açıqlayacaqlar.
İkinci bəndə baxaq. Əməliyyat şəraitinin Azərbaycan Ordusunun nəzarətində olması o deməkdir ki, ordumuz nəyə lazımdır, nail olur və vəziyyətə nəzarəti gücləndirir.
Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki hazırkı mənzərə Azərbaycanın psixoloji təzyiq ilə hərbi-taktiki gedişlərinin vəhdətidir.
Artıq həmin zonalardakı mülki ermənilər də separatçıların onlara gətirdiyi bəlalardan təngə gəliblər, mümkündür ki, onlar separatçılara rəhbərlik edənlərə etiraz aksiyası təşkil edərək cana yığıldıqlarını desinlər.


Tarix: 12-03-2022, 15:02 Oxunub: 107


Bölməyə aid digər xəbərlər