Day, Month 00, Year
00: 00: 00 AM
İlham Əliyev Köçəryan və Sarkisyanın başının əziləcəyi mesajını verir - ŞƏRH

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi cəbhə zonasından kənarda olan ərazilərin taleyinə də qara günlər yazdı.
Bu qara günlər isə Azərbaycanı xalq, dövlət olaraq sarsıtmadı, əksinə daha sıx birləşməsinə gətirib çıxardı.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə 44 günlük müharibə zamanı Ermənistanın vandal hücumuna məruz qaldı, bura atılan 13 raketdən 8-i partladı, digər 5-i isə partlamadı.
Partlayan raketlər neçə-neçə can aldı, indi Prezident İlham Əliyev raket düşən ərazilərdən vandal aktla fəxarət hissi keçirən erməni revanşistlərinə mesaj verir.
Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində raket zərbələrinin yaratdığı dağıntıların fonunda dayanaraq Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibə verib.
Azərbaycan 44 günlük müharibəni şərəflə aparıb, şərəfli qalibiyyətə nail olub, Ermənistanın mülki obyektlərini və mülki insanlarını hədəf taxtasına gətirməyib.
Müharibənin qaydası nədirsə, ona uyğun hərbi əməliyyatlar keçirib, əvəzində isə Ermənistanın vicdansız əməllərinə yenidən şahidlik edib.
Birinci Qarabağ Müharibəsində azərbaycanlıları etnik təmizləməyə məruz qoyan Ermənistan 44 günlük savaşda da Gəncəyə, Bərdəyə, Mingəçevirə atdığı raketlərlə bir daha faşizm ənənəsini bəyan etdi.
Mülki insanların, körpələrin, qocaların qətli ilə fəxarət hissi keçirən, xaraktercə isə qorxaq və şərəfsiz olan Serjik Sarkisyan, Robert Köçəryan indi də revanşist duyğularla qidalanaraq yeni müharibə mesajları verirlər.
Bunlar isə əbəsdir, artıq onların yaratdığı mif 44 günlük müharibə ilə darmadağın edilib, postmünaqişə dövründə isə yeni reallığa uyğun olaraq Azərbaycan ordusu başlarına od ələyib.
Yəni “revanşizm baş qaldırsa, onun başını əzəcəyik” mesajını hərb meydanında praktiki nümayiş etdirib.
Baş verənlərdən dərs çıxarmayan sarkisyanlar, köçəryanlar yenə də hansısa hərbi tərzlə həyasızlıqlarını göstərirlər.
Prezident İlham Əliyev adekvat cavablar verir, müsahibədə qeyd edir ki, Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar.
İlham Əliyev bildirir ki, erməni faşizmi məğlub olsa da, məhv edilməyib:
“Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun”, - deyə İlham Əliyev əlavə edib.  
İlham Əliyevin bəyanatı diktəedici xəbərdarlıqdır, Azərbaycan dövlətinin qarşısında duran çağırışları özündə ehtiva edir.
Bakının konsepsiyasının qarşısına faşizm elementləri qoyula bilməz və faşizmdən qidalanan erməni siyasətçilər bundan dərs çıxarmalıdırlar.
Ehtimal etmək olar ki, İlham Əliyevin xəbərdarlıqları təkcə hərbi məzmunlu deyil, həm də hüquqi kontentdədir. 
Azərbaycanın postmüharibə dövründə qarşısında duran çağırışlardan biri də beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddiaları təmin etməkdən ibarətdir.
Hələ işğal müddətində Köçəryanın da, Sarkisyanın da məsuliyyətə cəlb edilməsinə dair fikirlər səslənirdi, o dövrü üçün real görünmürdü, amma indi reallığa doğru yeni pəncərə açılıb. 
Mümkündür ki, Azərbaycan beynəlxalq məhkəmələrdə Köçəryan və Sarkisyana qarşı hərəkətə keçsin.
Bununla da ən azından hüquqi şəkildə erməni faşizminin başını əzməyə qadir olacaq...


Tarix: 31-01-2022, 16:50 Oxunub: 275


Bölməyə aid digər xəbərlər