Day, Month 00, Year
00: 00: 00 AM
Bakı yağış imtahanından kəsildi: Qurumların məsuliyyətsizliyi, yoxsa özbaşınalığı? - VİDEO

Gecə saatlarından yağan yağış paytaxtda elə bir ab-hava yaradıb ki, heç kim çarə tapa bilmir.
Oxu.Az xəbər verir ki, hələ qış gəlməmiş paytaxt yolları gölməçəyə çevrilib. Yağışlı hava şəraitində yollarda toplanan yağış suları avtomobillərin və piyadaların hərəkətini iflic edib.
Paytaxtın Binəqədi, Nizami rayonlarında, eləcə də Abşeron rayonunun Masazır, Ceyranbatan qəsəbələrində küçələrdə suyun səviyyəsi o həddə çatıb ki, insanlar addım atmaqda çətinlik çəkirlər.
Bəs Bakının hər yağan yağışa bu qədər erkən təslim olmasının günahkarı kimdir?
Təəssüf ki, su görən kimi ağla ilk gələn “Azərsu” ASC olsa da, bu məsələdə qurumun səlahiyyətlərinə aid olan və olmayan məsələlər var.
Yaranan problemin “Azərsu” ASC-yə aid olan məsələləri ilə bağlı Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, bu gün Bakı şəhərinə yağan intensiv yağış bəzi ərazilərdə su yığılmalarına səbəb olub:
“Bəzi sosial şəbəkə istifadəçiləri və jurnalist həmkarlarımız kanalizasiya xətlərinin işləməməsi, “Azərsu” ASC-nin yağış sularının öhdəsindən gələ bilməməsi barədə fikirlər səsləndirirlər. Qeyd etmək istəyirik ki, “Azərsu” ASC tərəfindən avqust ayından başlayaraq kanalizasiya xətləri, kollektorları, yağış barmaqlıqları, baxış quyularının təmizlənməsinə başlanılıb və onlar tam işlək vəziyyətdədir.
Bu gün kanalizasiya kollektorları, kanalizasiya nasos stansiyaları intensiv yağıntı zamanı izafi yüklənib və bəzi ərazilərdə su yığılmaları müşahidə olunub. Lakin yağış səngiyəndən qısa müddət sonra həmin sular tamamilə çəkilib. Bu isə onunla izah olunur ki, kollektorlar eyni zamanda həm məişət-təsərrüfat, həm də yağış sularını daşımaq gücündə olmayıb. Səhər saatlarından etibarən ərazidə çalışan əməkdaşlarımız və qəza briqadaları yaranmış problemlərin həlli istiqamətində lazımi tədbirlər görüblər.
Bir daha xatırlatmaq istəyirik ki, Bakı şəhərində ayrılmış yağış suları xətləri çox az bir ərazini əhatə edir və yaranmış səth sularının böyük hissəsi kanalizasiya xətlərinə axıdılır. “Azərsu” ASC yağış sularının axıdılmasına cavabdeh qurum deyil və “Su təchizatı və tullantı suları haqqında” qanunun 39-cu maddəsində göstərilir ki, yağış sularının ümumi istifadədə olan kanalizasiya sistemlərinə axıdılması qadağandır”.
Bəs Bakı Şəhər İcra Hakimiyyəti bu problemin hansı hissəsində dayanır? Paytaxt Bakının su altında qalmasının səbəbi nədir?
Bakı Şəhər İcra Hakimiyyətindən Sahibkartv.az-a bildiriblər ki, səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli yağan intensiv yağış ilə əlaqədar bəzi küçə və prospektlərdə subasma halları baş verib, gölməçələr yaranıb:
“Yağışın fəsadları “Azərsu” ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır. Şəhərin kanalizasiya şəbəkəsi “Azərsu” ASC-nin balansında olduğundan qurumun mütəxəssisləri bu işlərə cəlb edilib. Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və diqər zəruri tədbirlər görülür.
Eyni zamanda qeyd olunmalıdır ki, intensiv yağış zamanı digər ölkələrdə də oxşar hallar müşahidə olunur”.
Növbəti intensiv yağışlarda Bakı küçələrində bizi hansı mənzərənin qarşılayacağını isə qabaqcadan bilmək mümkün deyil.


Tarix: 28-09-2021, 17:00 Oxunub: 231


Bölməyə aid digər xəbərlər