Bakıda da gözlənildiyi kimi, sərhəddəki erməni təxribatının məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) üçüncü tərəf kimi cəlb etmək cəhdi idi. Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan KTMT-nin Baş katibi, Belarusun nümayəndəsi Stanislav Zas ilə telefon danışığı keçirib.Sonradan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar KTMT-nin Daimi Şurasının təcili iclas keçirəcəyi məlum oldu.
Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış Rusiya və Belarus hərbi-siyasi təhlilçisi Aleksandr Tixanski Media.Az-a verdiyi müsahibədə KTMT-nin münaqişəyə müdaxiləsini istisna edib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu münaqişə ilə bağlı mövqeyi çoxdan məlumdur. KTMT müdaxilə etməyəcək. İzah edim. Ermənistan istisna olmaqla, təşkilata üzv ölkələr bunu ikitərəfli - Ermənistan və Azərbaycan arasında münaqişə kimi tanımırlar. Hərbi əməliyyatların harada baş verməsindən asılı olmayaraq, bu, Dağlıq Qarabağ ətrafında münaqişədir”, - deyə, Aleksandr Tixanski vurğulayıb.
Onun sözlərinə görə, sazişlər KTMT-nin bu bölgədəki qarşıdurmaya müdaxiləsini istisna edəcək şəkildə bağlanıb. Təşkilat Ermənistana yardım göstərməyəcək:
“Üstəlik, Yerevana daim xəbərdarlıq edilib ki, Azərbaycana qarşı heç bir təcavüzkar hərəkətlər edilməməlidir. Münaqişə üçtərəfli formata keçirilib (Ermənistan, Azərbaycan və tanınmamış “DQR”). Kəskinləşmənin başladığı yerlərdə - təmas xəttində, ölkələr arasındakı sərhədə heç bir fərq olmayacaq. Bundan əlavə, KTMT Baş katibi Stanislav Zasın təşkilatın baş katibi təyin olunmasına mane olan Ermənistan barədə yaxşı, yeni bir xatirəsi var”.




































