Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın inkişafına mühüm dəstək - fərmanlar yerli istehsalı stimullaşdıracaqmı?

Baxış: 81

Azərbaycanda keçilən yeni iqtisadi modelin konturları getdikcə daha da aydınlaşır: bir tərəfdə böyük, regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələri, digər tərəfdə isə ixraca yönəlik yerli istehsalın, kiçik və orta sahibkarlığın dəstəklənməsi.
Son iki həftədə Azərbaycan Prezidenti İlham Əliyev ölkə sahibkarlığına yeni nəfəs gətirəcək bir neçə mühüm sənəd imzalayıb. Bu sənədlərdə nəzərdə tutulan tədbirlərin hazırlanması bir neçə günün, həftənin, hətta ayın işi olmayıb, bir ildən çox davam edən araşdırma, aparılan analizlər, toplanan təkliflər üzrə qiymətləndirmələrin  nəticəsidir. Hər bir sahə üzrə sahibkarların dinlənilməsi, onları narahat edən problemlərə dair rəylərin alınması, əldə olunan nəticələrin düzgün təhlili yolu ilə real və işlək tədbirlər ortaya qoyulub.
Prezidentin 9 iyunda imzaladığı  “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı son illərdə xüsusilə aktuallaşan ixrac bazarının diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan nəqliyyat xərclərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən dəstəklənəcək. Belə ki, dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən daşımalar üzrə nəqliyyat xərclərinin 70 faizə qədəri, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalarda isə 50  faizə qədəri dövlət tərəfindən kompensasiya ediləcək.
Bununla yanaşı, dəstəyin yekun məbləği məhsulun gömrük dəyərinə uyğun limitlərlə də tənzimlənəcək. Belə ki, avtomobil, dəmir yolu və hava daşımalarında dəstək məhsulun gömrük dəyərinin 15  faizini, dəniz daşımalarında isə 5 faizini keçə bilməyəcək. Yəni mexanizm həm sahibkarın real logistika xərclərini nəzərə alır, həm də dövlət dəstəyinin daha balanslı və səmərəli tətbiqinə imkan yaradır.
Fərmanda Naxçıvan Muxtar Respublikası ilə bağlı ayrıca dəstək mexanizmi nəzərdə tutulur. Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Azərbaycanın digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən qarşılanacaq.
Fərmandə nəzərdə tutulan dəstək tədbirləri tətbiqi 2026-cı ilin sentyabrından başlayaraq 2036-cı ilin sonunadək qüvvədə olacaq.
Məlumdur ki, son illərdə ixracyönümlü məhsulların ixrac bazarlarının diversifikasiyası Azərbaycan sahibkarları üçün ən əsas vəzifələrdən birinə çevrilib. Qeyri-neft, xüsusilə də aqrar məhsulların ixracında bir bazardan asılılıq həm sahibkarlar, həm də bütövlükdə dövlət maraqları baxımından təhdidlər formalaşdırır. Sahibkarların ixracı diversifikasiya etmək sahəsində ən əsas problemləri arasında nəqliyyat-logistika xərclərinin yüksək olması öndə gəlir: bu amil Azərbaycan məhsullarını ixrac bazarında qiymət rəqabətinə dözümsüz edir. Prezidentin imzaladığı fərmanın tətbiqi daha uzaq bazarlara hədəflənməyə, ixracın coğrafiyasını genişləndirməyə və bir bazardan asılılığı aradan qaldırmağa imkan verəcək. Bu, eyni zamanda ixracyönümlü məhsul istehsalını artırmaq üçün sahibkarları yeni-yeni investisiya layihələrini həyata keçirməyə stimullaşdıracaq, son nəticədə iqtisadiyyata yatırımları artırmaqla artıma mühüm töhfə verəcək.
Belə investisiya layihələrinin maliyyələşdirilməsi üçün zəruri olan kreditlərin əldə olunması sahəsində də Prezident Fərmanı ilə mühüm yenilik edilib. Belə ki, “Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”na əsasən sahibkarlara verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyasının ödənilməsi proses İpoteka və Kredit Zəmanət Fondundan alınaraq Azərbaycan Biznesinin İnkişafı Fonduna verilib. Ən əsası isə 2026-cı ildən etibarən bu mexanizmin Bakı və Abşeronda tətbiqinin dayandırılmasıdır. Bundan sonra - 2030-cu ilin sonunadək yalnız regionlarda fəaliyyət göstərən sahibkarların kötürdükləri kreditlərin faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. Qaydaya əsasən region sahibkarlarının götürdüyü və faiz dərəcəsi 13 faizə qədər olan biznes kreditlərinin faizinin yarısını dövlət ödəyəcək. Bundan əlavə, əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə işğaldan azad olunmuş ərazilərdə kreditin 90 faizədək hissəsinə, digər rayonlarda isə 50 faizədək hissəsinə zəmanət verilə bilər. Bir sahibkar üçün dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı, əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatı keçməməlidir.
İxracyönümlü məhsul istehsal edən kiçik və orta sahibkarlara daha bir dəstək gömrük rüsumlarının dövlət tərəfindən geri ödənməsi olacaq.
Prezident İlham Əliyevin bu gün imzaladığı “Qeyri-neft-qa malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
İrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan  mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
İxrac olunan malların bilavasitə Azərbaycan məhsulu olduğuna mənşə sertifikatı olmalıdır. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir. Eyni zamanda ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Fərmana əsasən Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin edir, ixraca yönəlik bu dəstəyin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını hazırlayır.
İqtisadiyyat Nazirliyi ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısını; bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddini; ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını hazırlayacaq.
Beləliklə, aydın görünür ki, Azərbaycanda kiçik və orta sahibkarlığın yeni tələblərə uyğun dəstəklənməsi, xüsusilə də ixracyönümlü qeyri-neft məhsullarının istehsalına təkan verilməsi istiqamətində çox mühüm addımlar atılır. Bu addımlar iqtisadiyyatın qeyri-neft sektorunun, ələlxüsus da kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verməklə, Azərbaycan iqtisadiyyatında artım dinamikasını sürətləndirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.