Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müsəlman şəhərində Ukrayna danışıqları – Donbas verilirmi?

Baxış: 72
Müsəlman şəhərində Ukrayna danışıqları – Donbas verilirmi?


Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, texniki danışıqlardan sonra üç ölkə liderinin iştirakı ilə görüşün keçirilməsi mümkün ola bilər.

Moskva Ukrayna ərazisinin təxminən 11 faizini təşkil edən Donbası istəyir. Bunu isə ABŞ Dövlət katibi Marko Rubio deyib. Rubionun sözlərinə görə, Rusiya hələlik Donbası tam hərbi yolla ələ keçirə bilmir, Ukrayna isə bu ərazini Rusiyaya könüllü şəkildə verməyə razı deyil: “Bunu demək istərdim. İnsanlar hələ də bunun Ukraynada gedən müharibə olduğunu deyirlər. Amma bu müharibə Donbas uğrundadır. Söhbət ölkənin yalnız bir regionundan gedir. Əslində, ölkə ərazisinin təxminən 11 faizini təşkil edən bir ərazidən danışırıq. Rusiya həmin ərazini ələ keçirmək istəyir, lakin bunu hərbi yolla bacarmır. Ukrayna isə bu ərazidən imtina etmək istəmir”.

Eyni zamanda, ABŞ dövlət katibi Ukraynanın Donbası itirməyə razılaşmamaq üçün ciddi əsaslarının olduğunu etiraf edib. Onun sözlərinə görə, bu məsələ dövlətin suverenliyi və uzunmüddətli təhlükəsizliyi ilə bağlıdır.
Rubionun fikrincə, hazırda əsas vəzifə hər iki tərəfin müharibənin başa çatması üçün müəyyən güzəştlərə getməyə razı olacağı kompromis variantı tapmaqdır.

Rubionun dediyi kimi, rus ordusu həmin 11 faizi ələ keçirə bilmirsə, o zaman Kiyev öz ərazilərini niyə təslim etməlidir? Əbu-Dabi danışıqlarında ciddi nəticə gözlənilirmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, hazırda Kiyevin Donbası təslim etməsi üçün heç bir səbəb yoxdur: “Rubio özü də etiraf edir ki, Rusiya Donetsk vilayətinin qalan 11 faizini hərbi yolla ala bilmir. Döyüş meydanında ala bilmədiyini Moskva indi danışıqlar masasında almaq istəyir. Kiyev buna bir neçə səbəbdən razı olmayacaq. Birincisi, bu 11 faiz Ukraynanın son müdafiə xəttidir. Slavyansk və Kramatorsk əldən getsə, rus ordusunun qarşısında açıq düzənlik qalacaq. İkincisi, zaman Moskvanın xeyrinə işləmir. Putin Donbası tutmaq üçün verdiyi vədin tarixini dəfələrlə dəyişib. İndiki sürətlə bu, illərlə çəkə bilər. Üçüncüsü, işğalçıya döyüşdə ala bilmədiyi torpağı masada vermək dünyaya pis presedent olar. Biz bunu otuz il öz təcrübəmizdə yaşamışıq".

Siyasi təhlilçi hesab edir ki, indiki halda ərazi məsələsində irəliləyiş inandırıcı görünmür: "Ən çoxu enerji obyektlərinə zərbələrin dayandırılması və əsir mübadiləsi kimi texniki məsələlərdə razılıq ola bilər. Ona görə ki, qış yaxınlaşır və hər iki tərəf işıqsız qalmaqdan qorxur. İstənilən halda, Vaşinqtonun əsl hədəfi dekabrda Mayamidə keçiriləcək G20 sammitidir. Tramp Putinlə Zelenskini orada bir masa arxasına oturtmaq istəyir.

Fikrimcə, Əbu-Dabi müharibəni bitirməyəcək. Moskva Donbassız dayanmaq istəmir, Kiyev isə onu verməyə razı deyil. Belə olan təqdirdə savaş ən azı 2027-ci ilin ortalarına qədər uzanacaq. Deməli, Əbu-Dabidən sülh gözləmək hələlik inandırıcı deyil".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.