Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İzmir AKP-nin səfinə keçir? – Ərdoğanın Tuqayla görüşü maraq doğurub

Baxış: 117
İzmir AKP-nin səfinə keçir? – Ərdoğanın Tuqayla görüşü maraq doğurub


Türkiyə siyasətində diqqətləri İzmirə çevirən sürpriz görüş baş tutub. CHP-dən istefa etdikdən sonra fəaliyyətini müstəqil davam etdirən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqayı Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpədə qəbul edib. Tuqayın AK Partiyə keçə biləcəyi barədə bir müddətdir dolaşan iddialar fonunda keçirilən görüş siyasi kulisləri yenidən hərəkətə gətirib.

 Türkiyənin iqtidara yaxınlığı ilə bilinən Sbaah qəzetinə istinadən xəbər verir ki, Ərdoğanla Tuqay arasında görüş Prezident Kompleksində baş tutub. Görüş mətbuata qapalı keçirilib və müzakirə olunan məsələlər barədə rəsmi açıqlama verilməyib.

Görüşün xüsusi maraq doğurmasının əsas səbəbi Cemil Tuqayın hazırkı siyasi statusudur. O, iyunun 18-də CHP-dən istefa edib və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini müstəqil olaraq davam etdirir. Bununla da İzmirə 22 ildən sonra ilk dəfə CHP üzvü olmayan böyükşəhər bələdiyyə sədri rəhbərlik etməyə başlayıb.

Tuqay istefa qərarını CHP daxilində baş verən proseslərlə və partiya üzvləri haqqında qəbul edilən qərarlarla əsaslandırmışdı. O, partiya daxilində demokratik siyasi iradənin nəzərə alınmadığını bildirmiş, yaranmış şəraitdə fəaliyyətini CHP daxilində davam etdirə bilməyəcəyi qənaətinə gəldiyini açıqlamışdı.

Lakin Tuqayın CHP-dən ayrılması ilə onun gələcək siyasi ünvanı barədə müzakirələr də başlanıb. Xüsusilə hakim AK Partiyə keçə biləcəyi barədə iddialar Türkiyə mediasında dəfələrlə gündəmə gəlib.

Tuqay isə iyul ayında bu iddiaları təkzib etmişdi. O zaman İzmir rəhbəri AK Partiyə keçməsinin gündəmdə olmadığını, bələdiyyə sədri kimi fəaliyyətini müstəqil davam etdirəcəyini bildirmişdi.

Ancaq son günlər Türkiyə mediasında məsələ yenidən gündəmə gətirilib. Bəzi nəşrlər Tugayın AK Partiyə keçə biləcəyini iddia edib. İndi isə onun birbaşa Ərdoğan tərəfindən Prezident Kompleksində qəbul edilməsi həmin ehtimallar ətrafında müzakirələri daha da gücləndirib.

İzmir amili bu görüşə ayrıca siyasi məna qazandırır. Şəhər uzun illərdir CHP-nin ən güclü siyasi dayaqlarından biri kimi tanınır. Buna görə də İzmir Böyükşəhər Bələdiyyəsi sədrinin gələcək siyasi seçimi Türkiyə siyasətində adi partiya dəyişikliyindən daha böyük simvolik əhəmiyyət daşıya bilər.

Ərdoğan bundan əvvəl, sentyabrın 9-da Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı da Prezident Kompleksində qəbul etmişdi. Yavaş görüşdən sonra Ankara üçün nəzərdə tutulan nəqliyyat infrastrukturu, metro layihələri və digər investisiyaların müzakirə edildiyini açıqlamışdı.

İndi isə Beştəpənin qonağı İzmiri idarə edən Cemil Tugaydır.

Hələlik görüşün Tugayın AKP-iə mümkün keçidi ilə əlaqəli olduğuna dair rəsmi açıqlama yoxdur. Lakin CHP-dən istefa etmiş İzmir Böyükşəhər Bələdiyyəsi sədrinin Ərdoğanla qapalı görüşü, onun siyasi gələcəyi barədə onsuz da davam edən müzakirələrə yeni və kifayət qədər diqqətçəkən detal əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.