Day, Month 00, Year
00: 00: 00 AM
Bakının sürücüdən “gizlənən” işıqforları - REPORTAJ + FOTO


İşləməyən, önü kəsilən işıqforlar həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
“Kaspi” qəzeti xəbər verir ki, yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə ən mükəmməl tənzimləmə vasitəsi işıqfordur. Bu mükəmməl qurğu sayəsində sürücülər, piyadalar yollarda, həmçinin keçidlərdə daha təhlükəsiz və nizamlı şəkildə hərəkət edə bilirlər. Elə ki, işıqfor nasaz oldu, işləmədi, həmin ərazidə hərəkət iştirakçılarının işi xeyli çətinləşir. Xüsusən, nəqliyyatın sıx olduğu ərazilərdə belə hadisələr baş verəndə, sözün əsl mənasında xaos yaşanır. Bir-birinə yol verməyərək qabağa düşməyə çalışan sürücülər özlərinə, yolu keçmək istəyən piyadalara təhlükə yaradırlar, qəza hadisələri qaçılmaz olur. Yaxud yaz-yay fəsillərində ağacların qol-budağının zamanında və düzgün budanmamağı nəticəsində yol ayrıcında quraşdırılan işıqforların önü kəsilir. Yol tənzimləmə vasitəsinin qırmızı, sarı və yaşıl işığının nə zaman yanıb-söndüyünü həm sürücü, həm də piyada görə bilmir. Görüntünün məhdudluğu hərəkət iştirakçılarının işini çətinləşdirir, onların həyatı üçün təhlükəli vəziyyət yaradır.

Ya “gizlənib”, ya da işləmir
Paytaxt Bakıda indi də işləməyən, nasaz, həmçinin ağacların budaqları, yarpaqları arxasında gizlənən işıqforlara tez-tez rast gəlinir. Misal üçün, Yasamal rayonu Mətbuat prospekti ərazisində, “Azərbaycan” Nəşriyyatının tinindəki yol ayrıcında quraşdırılan işıqforun önünü nəhəng çinar ağacının qol-budağı, yarpaqları örtüb. Eyni mənzərə “Azadlıq” prospektinin Binəqədi rayonundan keçən hissəsində, köməkçi yolun “Vorovski” dairəsinə çıxışında da müşahidə olunmaqdadır. Burada da yaşıllıq zolaqları işıqforun qırmızı, sarı, yaşıl işıqlarının qarşısını kəsib. Görüntü məhdudluğundan işıqforun saniyəölçəni də görünmür. Binəqədi rayonunun Binəqədi şosesindən Abşeron rayonunun Mehdiabad qəsəbəsinə doğru istiqamətlənən, “Buruqlararası yol” kimi tanınan yol ayrıcında quraşdırılan işıqfor isə ümumiyyətlə işləmir. Düzdür, düzünə hərəkət istiqamətini müəyyən etmək üçün yolun əks istiqamətində quraşdırılan işıqfordan burada yararlanmaq mümkündür. Lakin sürücülərin bir çoxu işləməyən işıqforda köməkçi seksiyanın mövcudluğunu, sağa hərəkətin daim açıq olduğunu bilmirlər. Hər kəs yalnız düzünə istiqamətlənərək işıqforda dayanır. Bu da sağa doğru hərəkət etmək istəyən sürücüləri yubadır, uzun tıxac yaranır.

İdarəetmədəki yarıtmazlıq
Təsvir olunan bu xoşagəlməz mənzərələr günlərlə, həftələrlə, aylarla müşahidə edilsə də, hələlik, hər hansı qurum nümayəndəsi qolunu çırmayıb mövcud çatışmazlığı, yollarda yaşanan problemi aradan qaldırmayıb. Görünən budur ki, hələ də tələsmək fikrində deyillər. Mövzu barədə fikirlərini “Kaspi” qəzetinə bölüşən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, hal-hazırda işıqforlarla bağlı məsuliyyət daşıyan qurum Bakı Nəqliyyat Agentliyidir (BNA). Onun sözlərinə görə, ümumiyyətlə, yol nişanlarının qoyulması, idarə olunması, o cümlədən işıqforların yerləşdirilməsi, onlara nəzarət edilməsi bilavasitə BNA-nın səlahiyyətlərinə aiddir:
“Bu sahədə bizdə xeyli problemlər yaşanır. İşıqforların işləməməyi sürücülərə, piyadalara təhlükə yaradır, xeyli sayda qəzalara səbəb olur. BNA ilə yanaşı, Dövlət Yol Polis İdarəsinin də işıqforlara nəzarət funksiyası var. Vaxtaşırı monitorinqlər keçirməli olan Yol Polis İdarəsi işıqforların vəziyyəti, harada quraşdırılması və sair barədə BNA qarşısında məsələ qaldıra bilər. Bu baxımdan məsuliyyəti sadəcə BNA-nın üzərinə atmaq doğru deyil. Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının də bu məsələdə öz məsuliyyəti var. Yaşıllıq zolaqlarına xidmət, ağacların budaqlarının düzgün və zamanında budanması kimi məsələlər bu qurumlardan asılıdır. Sadəcə paytaxt Bakıda deyil, rayonlarımızda da ağacların böyüməsi, qol-budaq atması, yol hərəkət nişanlarının, işıqforların qarşısını kəsməsi halları mövcuddur. Bu da yerli icra hakimiyyətlərinin, mənzil istismar sahələrinin, bələdiyyələrin hadisəyə məsuliyyətlə yanaşıb-yanaşmadığını ortaya çıxarır. Burada ikili deyil, çoxtərəfli standart yaranır. Bu isə rayon və şəhər təsərrüfatlarındakı idarəetmədə mövcud olan məsuliyyətsizliyi ortaya çıxarır”.

Vətəndaşlara gözləmək qalır
 
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzetimizə açıqlamasında deyib ki, təkcə işıqforların deyil, ümumiyyətlə ərazidə olan yol nişanlarının, bütünlükdə sahə avadanlıqlarının qarşısını kəsən, görüntünü məhdudlaşdıran yaşıllıqların, kolluqların, ağacların vaxtlı-vaxtında budanması zəruridir. Onun sözlərinə görə, bu, hərəkətin təhlükəsizliyi baxımdan olduqca vacib məsələdir:
“Mütəmadi olaraq monitorinqlər aparılır və hələ yaz aylarından, yəni ağaclar yarpaqlamazdan öncə ərazilərin siyahıları hazırlanır, budanma işlərinin aparılması üçün müvafiq quruma təqdim olunur. Burada söhbət Bakı Şəhər Yaşıllaşdırma Departamentindən gedir. Məsələyə əhatəli yanaşsaq, sözügedən qurum da bu kimi məsələlərə xüsusi diqqət ayırmaqda maraqlı olmalıdır. Onlara dəstək məqsədilə biz tərəfdən də lazımi işlər görülür. Budanma işlərinin aparılması üçün sonuncu dəfə, təxminən yüzə yaxın ünvan, ərazi müəyyənləşdirilib. Bu ərazilər həm özümüzün apardığımız monitorinqlər, həm də vətəndaşların müraciətləri əsasında müəyyən edilib, siyahıya salınıb, aidiyyəti üzrə göndərilib. Binəqədi şosesində qeyd etdiyiniz ünvandakı işıqfora gəlincə, dəqiqləşdirmə apardım. Orada yeraltı naqillər dəyişdirilməlidir. Bu səbəbdən həmin işıqfor işləmir. Naqillərin dəyişdirilməsi üçün podratçı şirkət müəyyənləşməli, qazıntı işləri aparılmalı, bunun üçün müvafiq qaydada icazə alınmalıdır. Bütün bu məsələlər həll olunduqdan sonra yaxın gələcəkdə həmin işıqfor da işlək vəziyyətdə olacaq”.





Tarix: 17-07-2021, 12:48 Oxunub: 252


Bölməyə aid digər xəbərlər