
Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşı Əkbərova Aynur Zaməddin qızı tərəfindən səsləndirilən ağır ittihamlar ölkə ictimaiyyətində və mədəniyyət dairələrində ciddi rezonans doğurub.
Teatrda baş verdiyi iddia edilən korrupsiya və qanunsuzluqları ictimailəşdirdiyi üçün təzyiqlərlə üzləşdiyini bildirən əməkdaş təcili olaraq dövlət qurumlarından yardım istəyir.
Aynur Əkbərovanın verdiyi məlumata görə, o, aprel-may aylarından başlayaraq teatrda müşahidə etdiyi qanunsuzluqlar və korrupsiya ehtimalları barədə Mədəniyyət Nazirliyinə, Prokurorluq orqanlarına və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə rəsmi müraciətlər ünvanlayıb. Lakin iddialara görə, heç bir qurum tərəfindən obyektiv araşdırma aparılmayıb və ona hər hansı nəticə barədə məlumat verilməyib.
Məsələni ictimaiyyətə çatdırmaq üçün sosial şəbəkələrdə video müraciət yayan teatr əməkdaşı bundan dərhal sonra kəskin təzyiqlərlə qarşılaşıb. Oktyabrın 1-də saat 17:01-də kadrlar şöbəsinə çağırılan Aynur Əkbərovadan yayımladığı video ilə bağlı izahat tələb olunub. Teatr rəhbərliyi onun istifadə etdiyi materialların "məxfi sənədlər" olduğunu iddia edib.
Lakin şikayətçi bu ittihamları qəti şəkildə rədd edərək bildirib: "Materiallar arasında istifadə olunmuş və artıq dövriyyədən çıxmış bilet kötüklləri vardır. Direktor mənə tapşırıq vermişdi ki, bu bilet kötükllərini aparıb yandıraraq məhv edim. Mən isə onları niyə yandırmalı olduğumu başa düşmədiyim üçün saxlamışam və sonradan mümkün sübut kimi qorumuşam. Mən onları hansısa gizli arxivdən, kompüter sistemindən və ya məxfi informasiya bazasından götürməmişəm".
Aynur Əkbərova vurğulayıb ki, teatrın direktoru Rəşad Əhmədzadənin əməlləri barədə dövlət qurumlarına məlumat verdiyi halda, məhz onun işdən çıxarılması gündəmə gətirilib və təzyiqlərə məruz qalıb. O, qanunvericiliyə istinad edərək qeyd edib ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin təqib olunması və onlara qarşı intizam tədbirlərinin görülməsi birbaşa qanun pozuntusudur.
Şikayətçi həmçinin teatrda digər əməkdaşlardan da ona qarşı məcburi izahatların alındığını və imzaların toplandığını iddia edir.
Sonda Aynur Əkbərova dövlət rəsmilərinə müraciət edərək teatrda baş verən qanunsuzluqların, korrupsiya hallarının və ona qarşı aparılan təzyiqlərin obyektiv şəkildə araşdırılmasını xahiş edib./nocomment.az/







































