Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Razi Nurullayevdən sahibkarlarla bağlı vacib çağırış

Baxış: 108

Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxış edərkən seçicilərinin xahişi ilə bir sıra vacib məsələlərə toxunub.
Sahibkartv.az-ın məlumatına görə, R.Nurullayev bildirib:
“Son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur. Məlumatlara görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır. Problem təkcə ödənişin mövcudluğu deyil. Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır. Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir. Eyni vəziyyət iri xarici istehsalçılar və idxalçılar üçün xarakterik deyil. Onlar böyük istehsal həcmlərinə, güclü maliyyə imkanlarına, inkişaf etmiş logistika sisteminə və iri marketinq büdcələrinə malik olduqları üçün bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan əlavə, iri istehsal miqyası və daha aşağı maya dəyəri onlara məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir”.
R.Nurullayev əlavə edib ki, beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır:
“Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödənişlər ödəməlidir, digər tərəfdən isə maya dəyəri daha aşağı olan idxal məhsulları ilə qiymət rəqabəti aparmalıdır. Bu isə faktiki olaraq rəqabət mühitini qeyri-bərabər vəziyyətə gətirib çıxarır. Nəticədə, keyfiyyətli yerli məhsul belə istehlakçıya çatmaq imkanını itirə bilər. Ticarət rəfləri getdikcə daha çox idxal məhsulları ilə dolur, yerli istehsalçı isə bazara daxil olmaq üçün maliyyə baryerlərini aşmağa çalışır”.
Deputatın sözlərinə görə, daha ciddi narahatlıq doğuran məqam isə odur ki, iri ticarət şəbəkələri istehlak bazarına çıxışın faktiki nəzarətçilərinə çevrilirlər:
“Sahibkar məhsulunun satışı üçün deyil, sadəcə rəfdə yer almaq hüququ üçün ödəniş edir. Bu isə bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və normal rəqabəti təhrif edir. Bu praktikanın uzun müddət davam etməsi ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, yerli istehsalçıların idxal məhsulları tərəfindən bazardan sıxışdırılıb çıxarılmasına, milli brendlərin rəqabət qabiliyyətinin zəifləməsinə, istehsala investisiyaların azalmasına, yeni iş yerlərinin yaradılmasının məhdudlaşmasına, vergi daxilolmalarının azalmasına və nəticə etibarilə ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu səbəbdən hesab edirəm ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir.
Təklif edirəm ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin. Eyni zamanda məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydalar müəyyən edilməli, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanları nəzərdən keçirilməli, onların pərakəndə ticarətə çıxışını asanlaşdıran dəstək mexanizmləri hazırlanmalıdır. Həmçinin bu ödənişlərin antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməsi və idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsirinin təhlili də vacibdir.
Mən yerli istehsalçı üçün xüsusi imtiyazların yaradılmasını təklif etmirəm. Söhbət yalnız ədalətli rəqabət mühitinin təmin edilməsindən gedir. Azərbaycan istehsalçısı öz alıcısı uğrunda rəfə çıxış üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır.
İnanıram ki, ticarət şəbəkələri qapalı kommersiya filtri kimi deyil, Azərbaycan məhsulunun Azərbaycan istehlakçısına ədalətli şəkildə çatdırıldığı platforma kimi fəaliyyət göstərməlidir”.
R.Nurullayev spikerə xitab edib:
“Çox hörmətli Sahibə xanım, sizin icazənizlə təklif edirəm ki, bu məsələ ilə bağlı yerli istehsalçıların, iri və pərakəndə ticarət şəbəkələrinin, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş ictimai dinləmə keçirilsin. Xahiş edirəm ki, həmin ictimai dinləmə payız sessiyasında müvafiq komitənin iş planına daxil edilsin. Hesab edirəm ki, bu müzakirələr qanunvericiliyin daha da təkmilləşdirilməsinə və mövcud problemlərin birgə həllinə mühüm töhfə verəcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.