
Ermənistan parlamentində Azərbaycan Ordusunun nəzarətində olan ərazilərlə bağlı növbəti narazılıq səsləndirilib.
“Güclü Ermənistan” fraksiyasının deputatı İrina Yolyan COP17 tədbirinin təşkilinə böyük vəsait xərcləndiyini, lakin hökumətin ekoloji məsələlərə lazımi diqqət ayırmadığını bildirib.
Deputat iddia edib ki, Azərbaycan Ordusu Zəngəzur bölgəsində yerləşən Şikahoğ qoruğunda istehkam işləri aparmaq məqsədilə təxminən 60 hektar meşə sahəsini təmizləyib.
“Bu qədər vəsait xərcləyən hakimiyyətin Azərbaycanın bizim suveren ərazimizdə təbiətə qarşı vandalizm həyata keçirdiyini söyləməyə cəsarəti çatırmı? Azərbaycan Şikahoğ qoruğunda istehkam işləri üçün təxminən 60 hektar meşəni qırıb. Lakin Ermənistan tərəfindən buna müvafiq reaksiya verilmir”, – deyə Yolyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın kənd sakinləri hətta sınmış ağac budağını evlərinə apardıqlarına görə məsuliyyətə cəlb olunduqları halda, Azərbaycan Ordusunun nəzarətindəki ərazilərlə bağlı hökumət susqunluq nümayiş etdirir.
Deputat həmçinin Qara gölün su ehtiyatları və İstisu qoruğu ilə bağlı məsələlərə toxunub. O, bu ərazilərin əhəmiyyətli hissəsinin Azərbaycan tərəfinin nəzarətində olduğunu iddia edib.
İrina Yolyan COP17 tədbirinə ayrılan vəsaitləri mənzil tikintisinə çəkilə biləcək xərclərlə də müqayisə edib.
Onun hesablamasına görə, həmin vəsait hesabına Ermənistanda təxminən 1000 mənzil tikmək və xüsusilə Gorus, eləcə də Gümrü şəhərlərində mənzil problemlərini qismən həll etmək mümkün olardı.
Deputat Ermənistan hakimiyyətini ekoloji problemlərdən daha çox beynəlxalq tədbirlərin təşkilinə üstünlük verməkdə ittiham edib.
Bir daha xatırladaq ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Kəlbəcər və Laçın rayonları Azərbaycan Ordusuna təhvil verilərkən ermənilərin törətdikləri ekoloji dağıntılar bütün dünyanın gözü qarşısında baş vermişdi.
Kəlbəcəri və Laçını tərk edən ermənilər evləri yandırır, ağacları kəsir, meşələrə ziyan vurur, apara bilmədikləri əmlakı dağıdırdılar. Bu görüntülər BBC, Euronews və digər nüfuzlu beynəlxalq media qurumlarının reportajlarında əks olunmuşdu. Həmin hadisələr təkcə Azərbaycan mətbuatının deyil, dünya ictimaiyyətinin də şahid olduğu faktlardır.
Ümumiyyətlə, Ermənistanın təxminən 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbiətinə ağır zərbələr vurulub. Meşələr qırılıb, qiymətli ağaclar kəsilib, təbii sərvətlər istismar edilib, su mənbələri və ekosistem ciddi zərər görüb. İşğal dövründə təbii bulaqların məhv edilməsi, bir çoxunun torpaq və betonla doldurularaq qurudulması da Azərbaycanın ekoloji dağıntılarla bağlı açıqladığı faktlar sırasındadır.
Bu gün Azərbaycanı meşələri qırmaqda, təbiətə zərər vurmaqda ittiham edən erməni revanşistləri 2020-ci ilin noyabrında Kəlbəcər və Laçından çıxarkən törədilən dağıntıları unutmamalıdırlar. Həmin mənzərələr dünya televiziyalarının kameraları qarşısında yaşanıb və tarixə düşüb.
Onlar Azərbaycan xalqını öz əməlləri ilə eyniləşdirməsinlər. Əvvəlcə özlərinə baxsınlar və işğal dövründə Azərbaycan torpaqlarına vurduqları ekoloji ziyanın hesabını versinlər. Təbiətin qorunmasından danışanların vaxtilə meşələrin məhv edilməsinə, bulaqların qurudulmasına və təbii sərvətlərin talanmasına münasibəti də unudulmamalıdır.







































