
Bu gündən moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Bununla bağlı "Yol hərəkəti haqqında" Qanunda 9 dekabr 2025-ci ildə edilən dəyişikliklər 26 mart 2026-cı ildən qüvvəyə minib.
Qanuna əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.
Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq.
Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.
Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla) sürücülərinə asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağan ediləcək.
Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, V hissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.
Bununla yanaşı, motosikletin və mopedin uzunu ve ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin moped sürücülərinə müraciətində bildirilib ki, 2026-cı il mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman da bu gündən qüvvəyə minib.//Trend






































