Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Təbii Gözəlliyə Dönüş” – Orqanik Sabun İstehsalçısı Aynurə Quliyeva ilə Müsahibə

Baxış: 324

Azərbaycanın qadın sahibkarları arasında getdikcə daha çox nüfuz qazanan, təbii və sağlam həyat tərzini təşviq edən ilhamverici adlardan biri də Aynurə Quliyevadır. O, həm peşəkarlığı, həm də özünəməxsus həyat hekayəsi ilə bir çoxlarına örnək olub. Kimyəvi tərkibli kosmetikaların yaratdığı narahatlıqdan başlayan bu yol zamanla onu həm fərdi inkişaf, həm də cəmiyyət üçün dəyər yaradan bir sahibkarlıq missiyasına gətirib çıxarıb.

Sahibkartv.az olaraq bu dəfə sizi orqanik baxım məhsulları və müalicəvi sabun istehsalı ilə məşğul olan Aynurə xanımın dünyası ilə tanış edirik. Onunla həm işinin fəlsəfəsindən, həm də bu yolda qarşılaşdığı çətinliklərdən danışdıq.


– İlk olaraq özünüzü və fəaliyyət sahənizi izləyicilərimizə necə təqdim edərdiniz?

Mən Quliyeva Aynurə, 3 ildir ki, orqanik baxım məhsulları və müalicəvi sabunların istehsalı ilə məşğulam. Bu sahədə Türkiyədə təhsil almış, müxtəlif beynəlxalq sertifikatlar əldə etmişəm. Məqsədim sağlam və təbii məhsullar hazırlayaraq insanların gündəlik həyatına fayda qatmaqdır.

– Təbii məhsullar istehsalına marağınız necə yarandı?

Əvvəlcə bu yola özüm üçün çıxdım. İstifadə etdiyim kosmetik vasitələrin tərkibini araşdırdıqca oradakı kimyəvi maddələrin zərərlərini gördüm və evdə təbii inqrediyentlərlə öz məhsullarımı hazırlamağa başladım. İlk sınaqlarımda yumurta ilə şampun, düyü ilə krem düzəltməyə çalışırdım, amma istədiyim nəticəni ala bilmirdim. Daha sonra 2022-ci ilin sentyabrında orqanik sabun üzrə təhsil aldım, ardınca isə irəli səviyyə sabunçuluq, baxım məhsulları və digər istiqamətlərdə ixtisaslaşdım.

– İşinizin əsas məqsədi və üzərində dayandığınız dəyərlər hansılardır?

Əsas məqsədim – özümə, sevdiklərimə və digər insanlara faydalı, sağlam və təbii alternativlər təqdim etməkdir. Dəyərlərim dürüstlük, keyfiyyət və güvən üzərində qurulub.

– Hazırladığınız məhsulların əsasını hansı inqrediyentlər təşkil edir?

Məhsullarımda kokos, zeytun, kakao, şi, gənəgərçək yağları kimi təmiz və orqanik yağlardan istifadə edirəm. Sabunlarda təbii köpüklənməni gənəgərçək yağı təmin edir. Kremlərdə və serumlarda yalnız premium keyfiyyətli xammaldan yararlanıram. Bütün xammallar xaricdən alınır və orqanik sertifikatlarla təsdiqlənmiş olur. Mənşəyi məlum olmayan heç bir məhsuldan istifadə etmirəm.



– Hazırlanma prosesində hansı prinsiplərə diqqət yetirirsiniz?

Sterillik və gigiyena mənim üçün ön plandadır. Məhsulları hazırlayarkən bütün təhlükəsizlik qaydalarına əməl edirəm. Hətta otağın havasını xüsusi cihazla təmizləyir, əlcək və maskadan istifadə edirəm.

– Hazırda ən çox tələb olunan məhsullarınız hansılardır?

Ən çox sevilənlərim – hialuron nəmləndirici krem, göz ətrafı serum, avokado və yulaflı bədən nəmləndiricisi, aknelərə qarşı naftalan sabunu, sulfatsız şampunlar, saç kremləri, təbii dezodorantlar və balqabaq lifli sabunlardır. Demək olar ki, bütün məhsullarım müştərilər tərəfindən çox bəyənilir.

– Şam, sabun, krem və serumlarınızın fərqləndirici xüsusiyyətləri nələrdir?

Şamlarım estetik görünüşlü, qoxusu uzun müddət qalan və təbii arı mumu ilə soya yağından hazırlanır. Baxım məhsullarım isə 100% təbii tərkibli və keyfiyyətli xammaldan hazırlanır. Formulları özbaşına qarışdırmıram, hər biri Türkiyədə məşhur bir kimyaçıdan öyrəndiyim, laboratoriya testlərindən keçmiş və güvənli reseptlərə əsaslanır.

– Müştərilərinizdən ən çox eşitdiyiniz rəylər hansılardır?

Ən çox eşitdiyim rəy budur: “İllərlə müxtəlif məhsullar sınamışıq, amma sizin məhsullarınız qədər effektli olmayıb.” Bu sözləri eşitmək mənim üçün ən böyük motivasiyadır.

– Azərbaycan bazarında təbii kosmetikaya marağı necə qiymətləndirirsiniz?

Düşünürəm ki, hələ kifayət qədər yayılmasa da, maraq getdikcə artır. İnsanlar artıq kimyəvi məhsullardan uzaqlaşaraq təbii vasitələrə üstünlük verməyin vacibliyini anlayırlar.

– Müştərilərinizin ehtiyaclarını necə müəyyən edirsiniz?

Hər müştərinin ehtiyacı fərqlidir – kimisi saç tökülməsindən, kimisi aknedən, kimisi dəri quruluğundan şikayət edir. Mən də bu problemlərə uyğun məhsullar təqdim edirəm. Həmçinin gündəlik baxım üçün geniş çeşidli məhsullarım mövcuddur.

– Sahibkar kimi ən böyük çətinliyiniz nə olub və bunun öhdəsindən necə gəlmisiniz?

Xammal və qablaşdırmanı xaricdən gətirmək ən böyük çətinlikdir. Gömrük prosedurları, sertifikat məsələləri çox vaxt problem yaradır. Eyni zamanda emalatxana olmadığı üçün bəzi rəsmi sənədləri almaq çətin olur. Hələ də müəyyən çətinliklər qalır. Amma hər dəfə az-az, kiçik həcmdə xammal gətirməklə və alternativ yollar axtarmaqla bu maneələri aşmağa çalışıram.



– Yeni başlayan xanım sahibkarlara məsləhətiniz nədir?

Heç vaxt “mümkünsüzdür” deməsinlər. Əgər inanaraq və qəlbdən çalışaraq bir işə başlayırlarsa, mütləq uğur qazanacaqlar. Mən də çox çətinliklərlə üzləşdim, amma dayanmadım. İnanıram ki, gələcəkdə məhsullarım təkcə Azərbaycanda yox, dünya bazarında da tanınacaq.

– Bu sahədə sizi ən çox motivasiya edən nədir?

Motivasiyam özümün inamımdır. İnanıram ki, biz bir şeyi bütün varlığımızla istəsək və o bizim xeyrimizədirsə, kainat bizi hədəfimizə çatdırmaq üçün birləşir. Dünyaca məşhur brendlər də bir vaxtlar kiçik addımlarla başlamışdı.

– Gələcək planlarınız və bazara çıxışla bağlı arzularınız nələrdir?

Hazırda 70-ə yaxın məhsul istehsal edirəm və bu mənim üçün kifayət qədər geniş çeşiddir. Amma öyrənmək və yeni məhsullar yaratmaq istəyim daim var. Ən böyük arzum yerli bazarda daha çox tanınmaq və dünya bazarına çıxmaqdır. Addım-addım bu yolda irəliləyirəm və əminəm ki, gələcəkdə daha böyük kütlələr tərəfindən tanınacağam.

– Sizi bu yolda ilhamlandıran insanlar varmı?

Bu işə kiminsə təsiri ilə başlamamışam. Sadəcə özümə və sevdiklərimə faydalı olmaq istəyi məni bu yola çıxardı. Ən böyük dəstəyim ailəm olub. Uşağım yatanda gecələr saatlarla çalışmışam, yorulsam da heç vaxt həvəsimi itirməmişəm. Çünki sevdiyim işi gördüyüm üçün gücüm heç vaxt tükənmir.

– Sonda izləyicilərimizə nə söyləmək istərdiniz?

Özünüzə inanın, heç kimdən nəsə gözləməyin. Xəyallarınız üçün mübarizə aparın və ilk addımı atmaqdan çəkinməyin. Unutmayın ki, dərimiz nə ilə təmasdadırsa, orqanizmimiz onu qəbul edir. Buna görə də kimyəvi məhsullardan uzaq durun, orqanik məhsullara üstünlük verin.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.