Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2025-Cİ İLİN İYUL AYINDA SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR QANUNVERİCİLİYƏ EDİLƏN ƏSAS DƏYİŞİKLİKLƏR VƏ DİGƏR MÜDDƏALAR

Baxış: 217


1. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi və “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarının ləğvi barədə qərar qəbul etmişdir:

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərara dəyişiklik etmişdir. Dəyişikliklərə əsasən, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində çalışan şəxslərin sığorta stajının hesablanma qaydaları yenidən müəyyən olunmuşdur. Qərara uyğun olaraq uçuş saatları, xidməti fəaliyyətlər, paraşüt tullanma norması və digər meyarlara əsasən, güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslərin stajı fərqli qaydada hesablanacaq. Bu dəyişikliklər uçuş heyəti, paraşütçülər və aviasiya sahəsində təlim-tədris fəaliyyəti göstərən şəxsləri əhatə edir. Həmçinin, 2006-cı ildə təsdiq edilmiş əvvəlki qaydalar ləğv edilir və yeni qaydaların qüvvəyə minməsindən əvvəlki dövrlər üçün həmin qaydaların tətbiqi qüvvədə saxlanılır.

Aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz: 


https://azertag.az/xeber/azerbaycan_respublikasi_nazirler_kabinetinin_2022_ci_il_28_aprel_tarixli_175_nomreli_qerari_ile_tesdiq_edilmis_emek_pensiyalarinin_teyin_edilmesi_hesablanmasi_yeniden_hesablanmasi_bir_novden_basqa_nove_kechirilmesi_ve_odenilmesi_qaydasinda_deyisiklik_edilmesi_ve_mulki_aviasiya_uchus_ve_uchus_sinaq_heyetinde_isleyenlerin_sigorta_stajlarinin_hesablanmasi_qaydalarinin_tesdiq_edilmesi_haqqinda_2006_ci_il_26_oktyabr_tarixli_231_nomreli_qerarinin_legv_edilmesi_barede__azerbaycan_respublikasi_nazirler_kabinetinin_qerari-3634623


2. Azərbaycan Respublikası Nazirlər Kabineti “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun və ona bağlı dəyişikliklərin icrasını təmin etmək məqsədilə torpaqların texniki uçotunun aparılması qaydalarında dəyişikliklər etmişdir. Bu dəyişikliklərlə Xəzər dənizinin Azərbaycan hissəsində yaradılan süni torpaq sahələri üçün xüsusi tənzimləmələr əlavə edilmişdir. 

Qanunla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: 

https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-1999-8904

3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Notariat haqqında Qanun və İcra haqqında Qanunda müəyyən edilən mirasla bağlı maddələrdə “vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə” və “vərəsəlik heç kim tərəfindən qəbul edilməmişdirsə” ifadələri “bütün vərəsələr mirasdan imtina etmişsə” ilə əvəz edilir. Bundan əlavə, Mülki Məcəllədə vərəsələrin mirasın qəbulundan imtina müddəti, mirasın siyahıya alınması, vərəsəlik şəhadətnaməsi, mirasın faktiki qəbulu və borclar qarşısında məsuliyyət məsələlərində dəyişikliklər aparılır. Notariat haqqında Qanunda qaib vərəsələrin axtarılması ilə bağlı elanların verilməsi, miras əmlakın mühafizəsi və bildirişlə bağlı müddəalar yenilənir. İcra haqqında Qanunda isə mirasın qəbul edilməməsi halları yenidən tənzimlənir. 

Qərarla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: 

https://president.az/az/articles/view/69329

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 4 iyul tarixli 7-N nömrəli qərarı ilə, Ədliyyə Nazirliyinin Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”na dəyişiklik edilmiş və həmin Qaydaya 7.2-1-ci bənd əlavə olunmuşdur. Yeni bəndə əsasən, tələbkar, borclu və hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə bilərlər. Hüquqi şəxs olan tərəflər isə bunu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun bağlanmış müqaviləyə əsasən həyata keçirirlər. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi, 72 saat müddətində rəsmi dərc olunması və aidiyyəti ədliyyə orqanlarına göndərilməsi tapşırılmışdır. 

Qərar ilə tanış ola bilərsiniz: 

https://azertag.az/xeber/azerbaycan_respublikasinin_edliyye_nazirliyinin_kollegiyasinin_2024_cu_il_24_oktyabr_tarixli_1_n_nomreli_qerari_ile_tesdiq_edilmis_icra_senedinin_icrasi_ile_bagli_borclunun_emlakinin_elektron_herracda_satilmasi_qaydasinda_deyisiklik_edilmesi_haqqindaazerbaycan_respublikasinin_edliyye_nazirliyi_kollegiya_qerari-3645655

5. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. 

Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a və 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların yerləşdirilməsi və əldə edilməsi Qaydası”na edilən dəyişikliklərlə “Elektron hökumət” portalı ifadəsi bütün hallarda “Elektron Hökumət İnformasiya Sistemi (EHİS)” ifadəsi ilə əvəz edilmişdir. Dəyişiklik texniki mahiyyət daşıyır və normativ aktlarda terminoloji dəqiqləşdirmənin təmin olunmasına yönəlib. 

Daha ətraflı məlumat üçün: 

https://azertag.az/xeber/kredit_burolari_haqqinda_azerbaycan_respublikasinin_qanununda_deyisiklik_edilmesi_barede_azerbaycan_respublikasinin_2024_cu_il_7_noyabr_tarixli_68_viiqd_nomreli_qanununun_icrasi_ile_elaqedar_azerbaycan_respublikasi_nazirler_kabinetinin_bezi_qerarlarinda_deyisiklik_edilmesi_haqqinda__azerbaycan_respublikasi_nazirler_kabinetinin_qerari-3646299

6. Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi barədə qayda. 

Qaydalara əsasən, “Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları” texniki tənzimləmə sahəsində vahid hüquqi mexanizmin təmin olunması məqsədilə hazırlanmışdır. Bu Qaydalar texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu və dəyişdirilməsi ilə bağlı prosedurların hüquqi çərçivəsini müəyyən edir. Texniki reqlamentlərin əsas məqsədi malların və istehsal metodlarının təhlükəsizliyini təmin etməkdir. Texniki reqlament layihələri aidiyyəti dövlət orqanları və ya fiziki və hüquqi şəxslərin təşəbbüsü ilə hazırlanır və Agentlik tərəfindən qiymətləndirilərək ekspertizadan keçirilir. Qəbul edilmiş texniki reqlamentlərə uyğunlaşdırma üçün 6 ay müddət təyin olunur. Hər il texniki reqlamentlərin aktuallığı təhlil olunur və zərurət olduqda onların dəyişdirilməsi və ya ləğvi həyata keçirilir. Eyni zamanda, beynəlxalq texniki reqlamentlər milli reqlamentlər kimi qəbul edilə bilər və bu zaman onların milli qanunvericiliyə uyğunluğu qiymətləndirilir. Bu prosedurlar vasitəsilə texniki tənzimləmənin effektivliyi, məhsul təhlükəsizliyi, istehlakçı hüquqlarının qorunması və beynəlxalq standartlara uyğunluq təmin olunur. 

Mənbə: 

https://president.az/az/articles/view/69341

7. Prezident İlham Əliyev Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

 Prezident İlham Əliyevin 24 iyul 2025-ci il tarixli fərmanına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün tikinti obyektlərinə tikintiyə icazə verilməsi prosedurları dəqiqləşdirilib. Yeni qaydalara görə, icazə rəyləri torpaq sahəsinin keyfiyyət göstəriciləri və təmərküzləşmə prinsipi əsasında, eləcə də obyektin bəyan edilən fəaliyyət növü üçün uyğunluğu baxımından verilməlidir. Tikintiyə icazə verən orqanlar bu rəylərin alınması üçün aidiyyəti qurumlara sorğu göndərməlidirlər. Fərmanın icrası ilə bağlı zəruri tədbirləri isə Nazirlər Kabineti həyata keçirəcək. Bu addım torpaqdan səmərəli istifadə və kənd təsərrüfatı fəaliyyətlərinin planlı təşkili məqsədi daşıyır. 

Qanunla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: 

https://president.az/az/articles/view/69448

8. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

 Bu qanun Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların dairəsini genişləndirir və müvafiq məlumatların idarə olunması mexanizmini təkmilləşdirir. Şəxsiyyət vəsiqəsində və onun çipində saxlanılan məlumatlara yeni detallar əlavə olunur, o cümlədən barmaq izləri, ailə və valideyn məlumatları. Eyni zamanda, bu məlumatlar İAMAS-da kriptoqrafik mühafizə ilə saxlanılır. Elektron Hökumət Sistemi vasitəsilə vəsiqə məlumatlarının təqdim edilməsi qanuni sənəd təqdimatı ilə eyni hüquqi qüvvəyə malik sayılır. Qanunda digər aidiyyəti qanunlara uyğunlaşdırma məqsədilə texniki redaktələr də həyata keçirilir. Məqsəd şəxsiyyət vəsiqələrinin funksionallığını artırmaq və dövlət informasiya sistemləri ilə inteqrasiyanı gücləndirməkdir. 

Qərarla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: 

https://president.az/az/articles/view/69464

9.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

 Azərbaycan Respublikasının Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"na dəyişikliklər edib. Dəyişikliklərə əsasən, qızıl otağında çalışan nəzarətçilər və operatorlar siyahıya əlavə olunub, metallurq peşəsi isə fəhlələr bölməsindən çıxarılaraq rəhbərlər və mütəxəssislər bölməsinə daxil edilib. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə altı ay müddətində müvafiq sənədlərin yeni redaksiyaya uyğunlaşdırılması tapşırılıb. Bu qərar əmək pensiyası hüququnun daha dəqiq və ədalətli tənzimlənməsinə xidmət edir. 

Aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz: 

https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2007-8963

10. “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilib. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bir pəncərə” prinsipi əsasında idxal olunan mallara texniki tənzimləmə nəzarətinin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyət qaydasını təsdiq edib. Agentlik uyğunluq sertifikatları və bəyannamələrinin reyestrini Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiya edəcək və məlumatların mütəmadi yenilənməsini təmin edəcək. Eyni zamanda, Dövlət Gömrük Komitəsi idxal olunan mallarla bağlı uyğunluq sənədlərinin məlumatlarının ötürülməsi və yenilənməsinə cavabdehdir. Bu tədbirlər 2023 2025-ci illər üçün Dövlət Proqramının tələblərinə uyğun həyata keçirilir və beynəlxalq standartlara uyğunlaşdırmanı gücləndirir. 

Aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz: 

https://nk.gov.az/az/senedler/qerarlar/bir-pencere-prinsipine-emel-edilmekle-olkeye-idxal-8964

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.