
ƏVVƏLİ BURADA
Bugünkü buraxılışımızda Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin əhəmiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Eldar müəllim, Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində həm Avropa ilə iqtisadi inteqrasiyanı gücləndirib, həm də regionda mühüm logistika və enerji mərkəzi kimi mövqeyini möhkəmləndirib. Məhz bu baxımdan martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri ilə bağlı Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında hansı məqamlar daha çox diqqətinizi cəlb etdi?
- Azərbaycanın xarici ticarət strukturunda Avropa xüsusi yer tutur. Son statistik göstəricilər də təsdiqləyir ki, ölkəmizin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Avropa bazarı ilə bağlıdır. Bu fakt öz təsdiqini cənab Prezident İlham Əliyevin 11 mart bəyanatında aşkar şəkildə tapmışdı. Qeyd olunmuşdu ki, Avropa ilə iqtisadi əlaqələrin yalnız enerji sahəsi ilə məhdudlaşmır. Eyni zamanda geniş investisiya və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Qarşılıqlı sərmayələrin artırılması və yeni layihələrin həyata keçirilməsi isə bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Həmçinin Azərbaycan son illərdə bərpaolunan enerji istiqamətində də geniş proqramlar həyata keçirir. Prezident İlham Əliyev öz çıxışında da qeyd etdi ki, ölkəmiz günəş, külək və su enerjisi kimi alternativ mənbələrin inkişafına böyük həcmdə sərmayə yatırır. Məqsəd yaxın illərdə iri həcmdə bərpaolunan enerji istehsal edərək həm daxili tələbatı qarşılamaq, həm də ixrac imkanlarını genişləndirməkdir. Bu strategiya Azərbaycanın enerji siyasətinin uzunmüddətli və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını göstərir. Xüsusilə külək və günəş enerjisi sahəsində mövcud potensial ölkəmizin gələcəkdə Avropanın yaşıl enerji gündəliyində mühüm rol oynaya biləcəyini göstərir. Bu istiqamətdə Avropa tərəfdaşları ilə həyata keçirilən layihələr enerji ötürücü xətlərinin və yeni infrastrukturların yaradılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji sahəsində Avropa ilə əməkdaşlığı genişləndirir. Bununla yanaşı, regionda sülh və sabitliyin möhkəmləndirilməsi də iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Son illərdə münaqişə mərhələsindən sülh gündəliyinə keçid Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları açıb. Bu proses təkcə siyasi deyil, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır və region dövlətləri arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Bütün bunlar göstərir ki, Azərbaycan qlobal enerji və nəqliyyat sistemində mühüm mövqeyə malik olmaqla yanaşı, eyni zamanda regional sabitliyin möhkəmləndirilməsinə də töhfə verir.
- Bu il Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən biri də Aprelin 2-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı oldu. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiz?
- Azərbaycanın xarici siyasətində Türk Dövlətləri ilə münasibətlər hər zaman prioritet istiqamət olub. Qeyd etdiyiniz toplantı çərçivəsində Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul etməsi də bunun daha bir təsdiqidir. Qəbulun gedişində çıxış edən dövlət başçımızın səsləndirdiyi fikirlər əslində Azərbaycanın türk dünyasında artan rolunun və təşəbbüskar mövqeyinin növbəti təsdiqi kimi dəyərləndirilməlidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi fonunda bu çıxış həm regional, həm də qlobal kontekstdə mühüm siyasi mesajlarla zəngin idi. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk dünyasının vahid strateji məkan kimi formalaşmasının artıq konseptual mərhələdən praktik mərhələyə keçidi ilə bağlı vurğulanan fikirlər oldu. Bu yanaşma göstərir ki, Azərbaycan üçün türk dövlətləri ilə münasibətlər sadəcə mədəni və tarixi bağlılıqlarla məhdudlaşmır, eyni zamanda konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real əməkdaşlıq platformasına çevrilib. Bu isə təşkilat daxilində inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Ümumilikdə, Bakıda keçirilən bu görüş və Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız ideoloji birlik deyil, real güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması isə ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasət strategiyasının məntiqi nəticəsidir.
- Azərbaycanın Cənubi Qafqazda şəriksiz lider dövlət olması artıq uzun illərdir ki, müzakirə olunmayan bir reallıqdır. Bununla belə, regional inkişafın əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan qonşu ölkələrlə münasibətləri də daim qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında qurmağa üstünlük verir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, bu ilin aprel ayının 6-da Prezident İlham Əliyev Gürcüstana səfər etmişdi. Dövlət başçımızın həmin səfər çərçivəsində mətbuata bəyanatı Azərbaycan–Gürcüstan münasibətlərinin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir. Əsrlər boyu formalaşmış dostluq ənənələri bu gün müstəqil dövlətlər səviyyəsində yeni məzmun qazanaraq siyasi əməkdaşlığın möhkəm dayağına çevrilib. Bu, təsadüfi deyil. Çünki regionda uzunmüddətli sabitlik yalnız qarşılıqlı etimad və səmimi tərəfdaşlıq əsasında qurula bilər. Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləməsi də bu etimadın praktik təzahürüdür. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzrə nümayiş etdirilən vahid mövqe iki ölkənin ortaq siyasi xəttinin göstəricisidir. Bu yanaşma həm də regionda hüquqa əsaslanan münasibətlər sisteminin güclənməsinə xidmət edir. Eyni zamanda, Gürcüstanda siyasi sabitliyin mövcudluğu və bu sabitliyin inkişaf üçün əsas şərt kimi qiymətləndirilməsi mühüm məqamdır. Prezident İlham Əliyevin bu amili xüsusi vurğulaması göstərir ki, Azərbaycan regionda sabit və proqnozlaşdırılan tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqaz üçün nümunəvi model kimi çıxış edir.
- Eldar müəllim, son illər xarici ölkələrin dövlət başçılarının Azərbnaycana səfərlərinin də intensivliyi kifayət qədər artıb. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana aprelin 25-də baş tutmuş səfərini necə şərh edə bilərsiz?
- Azərbaycan ilə Ukrayna arasında əlaqələr ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Azərbaycan və Ukrayna daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Volodimir Zelenskinin ölkəmizə son səfəri isə təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə Azərbaycanın artan beynəlxalq nüfuzunun və strateji diplomatik çəkisinin növbəti təsdiqidir. Bu səfərin mühüm siyasi mesajlarından biri Azərbaycanın regionun etibarlı və nüfuzlu aktoru kimi qəbul edilməsinin daha aydın görünməsidir. Bu gün beynəlxalq münasibətlər sistemində etimad ən böyük siyasi kapitaldır və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət məhz bu kapitalı formalaşdırıb. Azərbaycanın həm Qərb, həm Şərq, həm də post-sovet məkanında etibarlı tərəfdaş kimi qəbul olunması təsadüfi deyil. Dövlət başçımızın mətbuata bəyanatla çıxışında vurğulandığı kimi, Azərbaycan və Ukrayna arasında münasibətlərin möhkəm siyasi təməli var. Qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün dəstəklənməsi bu tərəfdaşlığın əsas ideoloji sütunudur. Bu yanaşma eyni zamanda Azərbaycanın prinsipial xarici siyasət kursunun göstəricisidir. Rəsmi Bakı beynəlxalq hüququ selektiv deyil, vahid meyarlarla müdafiə edən dövlət kimi çıxış edir. Səfər göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də onların istiqamətini müəyyən edən siyasi mərkəzlərdən biridir. Xüsusilə qlobal gərginliklərin artdığı dövrdə müxtəlif tərəflərlə konstruktiv dialoq aparmaq qabiliyyəti Azərbaycanın diplomatik üstünlüyünü daha da artırır. Bu kontekstdə Ukrayna Prezidentinin Bakıya səfəri həm də Prezident İlham Əliyevin siyasi liderlik modelinə verilən beynəlxalq etimadın daha bir ifadəsi kimi dəyərləndirilə bilər.
- Elə bilirəm İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri də dediklərinizi bir daha təsdiq edir...
- Ümumiyyətlə İtaliya Respublikası Azərbaycanın Avropada bir nömrəli tərəfdaşıdır desək, yanılmarıq. Xanım Meloninin səfəri də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Səfər zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat da göstərir ki, Azərbaycan-İtaliya əlaqələri təkcə ikitərəfli diplomatik münasibətlər kontekstində deyil, həm də Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair imzalanmış iki bəyannamə iki ölkə arasında münasibətlərin əsasını təşkil edir və bu sənədlərdə təsbit edilmiş məsələlər bu gün real həyatda öz əksini tapır. Digər tərəfdən isə, İtaliya Nazirlər Şurasının sədrinin Ermənistanda öz proqramını bitirib Azərbaycana gəlməsi xüsusi məna daşıyır və Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
- Yeri gəlmişkən, xanım Meloni İrəvanda Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmişdi və bu tədbir çərçivəsində Prezident İlham Əliyev videobağlantı formatında çıxış etmişdi. Bu barədə hansı fikirlərinizi paylaşmaq istərdiniz?
- Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı birmənalı olaraq müasir Azərbaycan diplomatiyasının çevikliyi və praqmatik yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilməlidir. Dövlət başçımızın bu tədbirdə iştirak forması belə, əslində, siyasi mesaj xarakteri daşıyır və regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycanın mövqeyinin aydın ifadəsinə xidmət edir. Dövlət başçısının çıxışında vurğuladığı məqamlardan biri tədbirə qoşulma formatının əvvəlcədən razılaşdırılması idi. Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq platformalarda iştirakını təsadüfi deyil, dəqiq hesablanmış diplomatik strategiya əsasında qurur. Prezident İlham Əliyevin Avropa liderləri ilə əvvəlcədən apardığı müzakirələr, o cümlədən tədbirin Ermənistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi Azərbaycanın regionda baş verən proseslərə yalnız reaksiya verən deyil, həm də onları əvvəlcədən dəyərləndirən və mövqeyini formalaşdıran tərəf olduğunu nümayiş etdirir. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri olan balanslaşdırılmış və prinsipial diplomatiyanı bir daha ön plana çıxarır. Azərbaycan tərəfi beynəlxalq tədbirlərdə iştirak edərkən həm siyasi reallıqları, həm də milli maraqları nəzərə alaraq optimal qərarlar qəbul edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun artmasına və tərəfdaşlar arasında etibarlı aktor kimi qəbul olunmasına mühüm töhfə verir.
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
Söhbətləşdi:
Azər Məmmədov
aia.az








































