Day, Month 00, Year
00: 00: 00 AM
Ərdoğan Putinə zəng edib

11:41 / 08-10-2024

Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO

Hippokrat, Klavdi Qalen və İbn Sina dövründən tibb peşəsi insana və bəşəriyyətə nəcib xidmət nümunəsi, ruhun və bədənin xilası simvolu hesab olunur. Bu - xidmətçiləri insanları demək olar ki, o biri dünyadan qaytaran, sevinc, sağlamlıq, ənənəvi həyat, uzun illər bəxş edən unikal peşədir. Həkimlər hər zaman cəmiyyətdə hörmətli insan olub. Azərbaycanda bu peşəyə, xüsusən də zərif cinsin nümayəndələrinə həmişə həssas yanaşılıb - bir çox sinif yoldaşlarım (və təkcə mənim yox) həkim olmaq arzusunda idilər və bu arzularını həyata keçirdilər... İnsanlara kömək etməkdən gözəl nə ola bilər ki?
Amma bu həftə ümumilikdə cəmiyyətdə, qismən də həkimlər arasında birmənalı qarşılanmayan məlumatlar yayılıb. Bir çoxları hətta bunu ABŞ-dakı bədnam irqi ayrı-seçkiliyin xatirəsinə seqreqasiya adlandırıblar. Məsələ burasındadır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi idarə heyətinin 43 saylı qərarı ilə “ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı təsdiqləyib. Buna əsasən Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislər tibb müəssisələrində işə cəlb olunmalıdır.Üstəlik, “yem” kimi belə həkim-mütəxəssislərə rəsmi sənəddə məsumcasına “həvəsləndirici” adlandırılan ciddi məbləğdə müavinət verilməlidir: cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərə ən azı 6500 manat, terapevt və pediatrlara ən azı 5000 manat. Bu bir il ərzində ödənilməlidir. Eyni zamanda, terapevt və pediatrların aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə görə 415-487 manat (ən azı 5000 manat həvəsləndirici əlavə ilə - 5415-5487 manat), cərrah və radioloqların aylıq əmək haqqı 450-528 manat (6500 manat həvəsləndirici əlavə aldıqda - 6950-7028) olacaq.Aydındır ki, bu qərarın əsas məqsədi hansısa yolla həkimlərimizi xaricdən Azərbaycana cəlb etməkdir. Amma, digər tərəfdən, bu, Azərbaycan Tibb Universitetində təhsil alan yerli həkimlərə qarşı ayrı-seçkilik deyilmi? Bu məntiqlə belə çıxır ki, ATU-nun həkimləri heç nəyə yaramır və yüksək maaşa, mükafata layiq deyillər? Bəlkə o zaman gərəksiz kimi universitetimizi tamamilə bağlayaq və gələcək həkimlərin hamısını xaricə oxumağa göndərək?
Bu barədə vəziyyətə daxildən bələd olan insanlardan, nəcib peşənin təmsilçilərindən - hər gün xəstələrin sağlamlığını və həyatını xilas edən həkimlərdən soruşmaq məntiqlidir. Və gördük ki, rəylər olduqca kəskindir.
Belə ki, həkim-hepatoloq Zaur Orucov Sahibkartv.az-a müsahibəsində bildirib ki, xaricdə təhsil almış bəzi tanış həkimlər proqramla bağlı məlumat yayıldıqdan sonra Tibbi Sığorta Agentliyinə getsələr də, oradan TƏBİB-ə göndəriliblər, orada isə bəzi məmurlar onlara irilənmiş gözlərilə baxıblar, çünki proqramla bağlı heç bir məlumatları olmayıb.
“İndi bu məsələdə bir növ qarışıqlıq var. Məmurlar insanları çaşdırmamaq və reaksiyanın necə olacağını anlamaq üçün sözlərini seçməlidirlər. Əgər agentlik desəydi ki, biz İTS-nin tətbiq olunduğu ölkələrdə müvafiq təcrübəyə malik olduqları üçün icbari tibbi sığortanın tətbiqi ilə bağlı bizə kömək etməyə xaricdə təhsil almış həkimləri cəlb edirik, o zaman fərqli münasibət olardı. Yenə də bəlli deyil ki, bu halda Rusiya, Yaponiya və digər ölkələr niyə salınmayıb?
Bəli, problem var. Əgər bizdə tibb təhsili kifayət səviyyədə və lazımi qədər keyfiyyətli deyilsə, o zaman Azərbaycan Tibb Universitetinin nümayəndələri danışsınlar, bu barədə nə düşündüklərini və vəziyyəti necə düzəltməyin mümkünlüyünü cavablandırsınlar. Özümdən və həmkarlarımdan deyə bilərəm ki, Avropaya getməyənlər də təhsilini başa vurduqdan sonra Avropa protokollarını, kurslarını öyrənərək yaxşı həkim olublar. Təəssüf ki, Azərbaycanda həkimlər tibb institutunu çox “xam” və kifayət qədər biliyə malik olmayan şəkildə tərk edirlər və bu, problemdir. Amma bunu bu cür seqreqasiya və hətta təhqiramiz təkliflərlə yox, onları universitet kafedrasına cəlb etməklə - iki-üç işçi deyil, yeni nəsil həkim yetişdirməklə həll etmək lazımdır.
Heç bir halda onların daha az maaş almasını istəmirəm. Əksinə, daha çox maaş almalarını istəyirəm, həkim çox almalıdır. Onların təhsilinə də şübhəm yoxdur. Avropada həkimlərin öyrəndikləri mənbələrdən biz də burada öyrənməyə çalışırıq. Amma yaxşı olar ki, onların təcrübəsindən universitetdə - yeni nəsil həkimlərin tədrisində səmərəli istifadə olunsun, beləliklə qoyulan hər bir manat daha çox qazanc gətirəcək.
Üstəlik, özəl sektorda elə ixtisaslar var ki, həkim qeyd olunan məbləğlərdən qat-qat artıq maaş alır. Ona görə də çoxları bu yaxşı maaş və mükafatlardan imtina edəcək, dövlət işinə getməyəcək. Bu, ilk növbədə cərrahiyyəyə, onun dar ixtisaslarına aiddir. Üstəlik, bonuslar əsasən işin miqdarından formalaşacaq. Amma daha çox təcrübə qazansalar, o zaman pedaqoji işə vaxt qalmayacaq. Ona görə də bu adamları fundamental biliklər vermək üçün kafedralara göndərmək daha yaxşıdır.
Təbii ki, bizdə təhsil kifayət səviyyədə deyil. Çoxları bu sözlərdən inciyir, amma faktlar var. ATU müəllimlərinin Hirş indeksləri nə qədərdir? İnternetdə onlara nə qədər istinad edilir? Heç nə qədər! Ona görə də yaxşı olar ki, xaricdə təhsil almış həkimlər kadr dəliklərini yamamağa yox, dərs deməyə dəvət olunsunlar. Bundan başqa, bir çox həkimlər icbari tibbi sığorta ilə bağlı işlərdə qeyd olunan mükafatların məbləğlərinə inanmırlar, çünki qurumun tez-tez səsləndirdiyi və faktiki olaraq həkimlərin aldıqları məbləğlər üst-üstə düşmür”, - Z.Orucov vurğulayıb.
Öz növbəsində, həkim-mikrobioloq Esmira Məmmədova bizimlə söhbətində tibb təhsilini Bakıda aldığını qeyd etdi.
“Azərbaycan Tibb Universitetinin nə qədər tələbəsinin dəhlizdə oturub, praktiki dərslərə gəlmədiyinə özüm şahidi olmuşam. Təbii ki, xaricdə təhsil həkimlərin tədrisinə yanaşma baxımından daha məsuliyyətli, müasir və səriştəlidir. Həkim yaxşı təlim keçməlidir, əks halda o, artıq həkim deyil, baytardır. Üstəlik, həkim kimisə şikəst etmək istəmirsə, daim elmə can atmalı, biliyini təkmilləşdirməlidi.
Ancaq xaricdə təhsil alan həkimlərin hamısının yaxşı mütəxəssis olması, Azərbaycanda təhsil alanların isə tamamilə cahil olması fikri ilə razılaşmıram. Yox, belə deyil - ölkəmizdə təhsil almış əla həkimlər var. Xüsusilə öyrənməyə həvəsli olanlar. Bundan əlavə, xaricdə təhsil almış həkimlərin çox dar mütəxəssis olması, bizim həkimlərin isə daha yüksək, daha geniş profilli mütəxəssislər olması xoşuma gəlmir. Amma övladım həkim olmaq istəsə, mütləq onun xaricdə təhsil almasına çalışacağam. Məsələ burasındadır ki, bizim tibb universitetlərinin bir çox məzunu öz ixtisası üzrə iş tapa bilmir və ya işə düzəlmək üçün onlardan külli miqdarda pul tələb olunur. Tələbələr görəndə ki, onsuz da bu iş, bu təhsil gələcəkdə özünü doğrultmayacaq, onların heç bir perspektivi yoxdur, birinci və ya ikinci kursdan sonra tibb universitetini tərk edirlər. Yerli universitetlərin məzunları karyera nərdivanında havayı - pulsuz və ya “tapış”sız (yuxarıdan zəngsiz) yüksəldilmir. Xaricdə təhsil alanlar isə ya həmişəlik orada qalırlar, ya da Bakıda daha asan iş tapırlar”, - E.Məmmədova qeyd edib.
Həkim-oftalmoloq Nigar Hüseynova öz növbəsində qeyd edib ki, Azərbaycan həkimləri də dünyanın bütün həkimləri kimi hazırda beynəlxalq səviyyədə tanınmış protokollar əsasında işləyir, digər ölkələrin mütəxəssisləri ilə eyni kurs və konqreslərdə təhsil, həmçinin sertifikatlar alırlar.
“Avropa və Rusiyada lazımi təcrübə əldə etmək və peşəkar kurslar keçmək üçün daha çox imkanlar var. Amma Azərbaycanda təhsilin inkişafına təkan vermək lazımdır. Sizin qeyd etdiyiniz vəziyyətlə bağlı qeyd edə bilərəm ki, həkimləri bu yolla icbari tibbi sığorta üzrə işə cəlb etməyə çalışırlar. Axı, çoxları bunu istəmir, çünki qoyulan əməyin səviyyəsinə yaxından uyğun gəlməyən minimum əmək haqqı alırlar (bildiyimə görə, hər katarakta əməliyyatından 40-50 manat). Bu cür bonuslar və təkliflər yalnız yeni başlayanlar üçün faydalı olacaq.
Uzun müddət praktikası olan, təcrübəli həkimlərin heç biri sığorta üzərində işləməkdə maraqlı deyil. Həkimin yaxşı işləməsi üçün təhsilinə sərmayə qoymalıdır, çünki tibb daim inkişaf edir. Bilik səviyyəsini qorumaq üçün ildə 3-4 dəfə konqreslərə getməlisiniz, biletlər, qalma pulu, yeməklər, üstəlik konqresdə iştirak üçün 400-500 avro və hər kurs üçün əlavə 100 avro – bu pulu həkimə heç kim ödəmir, hər kəs öz hesabına edir. Beləliklə, qapalı dairə alınır - ya siz baha işləyirsiniz, amma insanlar sizdən yüksək keyfiyyətli müalicə alır, ya da xidmətləriniz ucuzdur, keyfiyyət də buna müvafiqdir. Sığorta altında gündə 20 əməliyyat edəndə isə təbii ki, istənilən həkim yorulacaq və tükənəcək. Qorxuram ki, xaricdə təhsil almış həkimlərin heç biri belə maddi şəraitlə razılaşmasın, onlar üçün özəl tibb sektorunda işləmək daha cəlbedici olacaq”, - deyə N.Hüseynova bildirib.
Həkim hepatoloq-infeksionist Maira Qədirova bizimlə söhbətində ona diqqət çəkdi ki, işə qəbul təhsil aldığı yer üzrə deyil, müsahibə və imtahan əsasında olmalıdır.
“Bu və ya digər həkimin hansı bəndə görə 6500 manat müavinətə layiq olduğunu müəyyən etsinlər, praktiki və nəzəri imtahanlar keçirsinlər. Axı xaricdə təhsil alması həkimin mütləq yüksək ixtisaslı mütəxəssis olması demək deyil. Bundan əlavə, xaricdə - Türkiyədə, Almaniyada təhsil son illərdə alınmağa başlanıb, ondan əvvəl həkimin gedə biləcəyi maksimum yer Moskva idi. Belə çıxır ki, 35 illik stajı və təcrübəsi olan həkim, belə təcrübəsi olmayan, ancaq Türkiyədə təhsil almış həkimdən daha uduzmuş vəziyyətdə olur. Şəffaf və açıq şəkildə müsabiqə elan edin, kim daha yaxşı və daha layiqdirsə o da işləsin.
Başqa bir məqam isə odur ki, adından söz etdirən uzman həkimlər (Türkiyədə təhsil almış) belə maaşı qəbul etməyəcəklər. Xarici universitetlərin yeni məzunları, təcrübəsizlər, öz pasiyent kontingenti olmayanlar bunu qəbul edə bilərlər, amma təcrübə toplayıb daha çox qazana biləcəyini anlayanda gedəcək. Üstəlik, bu cür ayrı-seçkilik bizim tibb universitetimizin alçaldılmasıdır. Hər şey isə ondan irəli gəlir ki, bizdə Səhiyyə Nazirliyi özü üçün, TƏBİB də özü üçün işləyir. Belə çıxır ki, ATU-nu buraxmaq lazımdır, insanlar bilsinlər ki, təhsil üçün ancaq xaricə getmək lazımdır. Amma əvvəllər ixtisas və maaşlar diplomla deyil, təcrübə və biliyə görə müəyyən edilirdi.
Başqa bir məqam - əgər xəstə olub 6500 manat maaşlı həkimə getmişəmsə, bəxtim gətirib, amma 600 manat maaşlı həkimə getmişəmsə, bəxtim gətirməyib. Deməli, siz özünüz də etiraf edirsiniz ki, həkimlərinizin müəyyən hissəsi bacarıqsızdır, bəs onda niyə insanların həyatını onlara etibar edirsiniz? Yəni təkcə həkimlər arasında deyil, pasiyentlər arasında da ayrı-seçkilik var - axı hamı xaricdə təhsil almış mütəxəssisin qəbuluna yazılmaq və ya əməliyyat olunmaq istəyir”, - deyə M.Qədirova vurğulayıb.
Məsələyə münasibətini bildirən nevropatoloq Gülarə Məmmədova bizimlə söhbətində qeyd etdi ki, xaricdə təhsil hələ həkim səviyyəsinin mütləq göstəricisi deyil.
“Azərbaycanda təhsil alan o həkimlər, o cümlədən gənc mütəxəssislər də çox vaxt savadlı, ali təhsilli mütəxəssislərdir. Bütün peşələrdə olduğu kimi, buranın yaxşısı da var, pisi də. Bizə də müəyyən diplomları, sertifikatları pulla alanlar işə düzəlmək üçün gəlirdilər, biz onların biliklərini sınamağa başlayanda təbii ki, süzgəcdən keçirdirdik. Ona görə də xarici diplomun olması özlüyündə işə götürülmə və Azərbaycanda təhsil alan həkimlərin hüquqlarının pozulması üçün meyar olmamalıdır”.
...Gördüyünüz kimi, həkimlərin fikirləri kifayət qədər qətidir. Amma hamı bir məsələdə yekdildir: həkimlərin maaş və təhsil ayrılığı, birinci və ikinci dərəcəlilərə bölünməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bundan əlavə, Azərbaycan Tibb Universitetinin nüfuzu sarsılacaq, hansı ki, divarları arasında daim rüşvət və korrupsiya ilə bağlı söz-söhbətləri xatırlasaq, o qədər də yüksək deyil. Bunun nə dərəcədə əsaslı olduğuna qəti qərar verməliyik, xüsusən də nəzərə alsaq ki, minlərlə bonuslarla bütün bu təcrübələr sizin və mənim, ölkə vətəndaşları tərəfindən doldurulan İcbari Sığorta Fondunun vəsaiti hesabına aparılacaq.
Təbii ki, məqaləni hazırlayarkən Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanovaya müraciət etdik, ancaq o, rəhbərliklə məsləhətləşdikdən sonra universitetin problemlə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi (öz tərəfimizdən əlavə edirik ki, bu olduqca qəribədir, axı, əslində ikinci dərəcəli həkim kimi tanınanlar ATU məzunlarıdır).
Caliber.Az həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi sorğu təqdim edib. Onlardan Azərbaycan Tibb Universitetinin məzunlarını 2-ci dərəcəli həkim səviyyəsinə qoyan bu təkliflərinin onlara qarşı ayrı-seçkilik xarakteri daşıyıb-daşımadığı soruşulub, həmçinin həvəsləndirici müavinətlərin nə səbəbə Cənubi Koreya, Rusiya, Sinqapur, Yaponiya və s. ölkələrdə əla tibb təhsili alan həkimlərə verilməyəcəyi ilə bağlı sualın cavablandırılması xahiş edilib.
Bu strukturun cavabını (əldə etsək) hörmətli oxucuların diqqətinə təqdim edəcəyik, həmçinin ümid edirik ki, azərbaycanlı həkimlərin birinci və ikinci sinfə bölünmədən ayrı-seçkilik problemi həllini tapacaq. Hər gün insanların həyatını və sağlamlığını xilas edən həkimlər daha yaxşısına layiqdirlər.


Tarix: 31-01-2022, 10:52 Oxunub: 231


Bölməyə aid digər xəbərlər