
Son illər qadınların öz bizneslərinin sahibi olmaq istəyi ölkəmizdə qadın sahibkarlığın inkişafını daha da artırır. Qadınların sahibkarlıq fəaliyyətinin effektivlik dərəcəsi hər bir ölkənin biznes mühitinin səmərəliliyindən çox asılıdır. Fərqli sahələrlə çıxış edən biznes-ledilər daha gözəl cəmiyyətin formalaşmasında rol oynayırlar. Çünki qadın həm də bir anadır, bir ailənin ən vacib sütunudur. Sevindirici haldır ki, ölkəmizdə yalnız paytaxtda deyil, müxtəlif regionlarda da belə uğurlu, özünü işi ilə göstərən zərif cinsin güclü nümayəndələri var. Bugünkü müsahibimiz Gəncə şəhərindən Azərbaycan Texnologiya universitetinin baş müəllimi, əl işləri ilə biznesini quran sahibkar xanım Məmmədli Zeynəb Tahir qızıdır.
Sahibkartv.az müsahibəni sizə təqdim edir.
Özünüz haqqında məlumat verərdiniz.
Mən Zeynəb Məmmədli, 9 avqust 1993-cü ildə Tərtər rayonunda anadan olmuşam. Ailənin tək övladı olmağıma, hətta 9 ildən sonra dünyaya göz açmağıma baxmayaraq, həmişə zəhməti sevən biri olmuşam. Həmişə istəmişəm ki, əldə etdiyim hər şeydə əziyyətim olsun. Bu isə onu daha da dəyərli edib.
Universitet və magistraturanı bitirdikdən sonra Azərbaycan Texnologiya universitetində müəllim kimi işləməyə başlamışam. 3 ildən sonra baş müəllim olmuşam və hazırda da Texnologiya universitetində baş müəllimə və dissertant kimi fəaliyyət göstərirəm.

Sizi bu işə başlamağa kim və ya nə ilhamlandırdı?
Bu işə ilk dəfə 2020-ci ildə, pandemiya dövründə başlamışam. Ev şəraitində, asudə vaxtın bol olduğu zamanda bir maraqlı situasiyada başlamışam. Mən bir yaxınım üçün hədiyyə axtarırdım. Türkiyə saytlarında belə hədiyyələr gördüm. Çox xoşuma gəldi. Düzü, bizdə belə hədiyyələr olduğunu görməmişdim, heç qarşıma çıxmamışdı. Maraqlanmağa başladım. Baxdıqlarımı anama göstərdim. Mənim anam bütün işlərdə olduğu kimi bu işdə də dəstəyim, ilham mənbəyimdir. O, indiyə qədər əldə etdiyim bütün uğurların səbəbkarıdır. O, bir cümləsi ilə mənə motivasiya mənbəyi oldu. "Onlar sənin əlində nədir ki?" - məhz bu cümlə ilə mən başladım. İlkin olaraq məhsullar nələrdən hazırlanır və Azərbaycan bazarını, məhsulları hardan alacağımı araşdırdım. Bununla məşğul olan saytlar və səhifələr taparaq onlarla alış-verişə başladım.
Hansını daha çox sevirsiniz, biznes-ledi olmağı, ya müəllimliyi?
Müəlliməyəm, dərslərim əsasən, mühazirələrdən ibarət olduğu üçün ağır olur. Eləcə də uşaqların yükü üzərimdədir. Bütün bunlar vaxt çətinliyi yaradır. Bu səbəbdən bəzən bütün gecəni səhərəcən, bəzən 3-4 saat mütəmadi bu işlə məşğul oluram. Əslində hər iki sahəni sevirəm. Müəllimliyi mənə sevdirən tələbələrimdir. 70-75 nəfərlik auditoriyaya dərs demək çətin olsa da, ancaq onlarla ünsiyyəti sevirəm. Biznes-ledi olmağı etiraf edim ki, daha çox sevirəm.
Hansı işiniz sizin üçün daha dəyərlidir?
Bizdə standart məhsullar olmur. Ona görə bəzi məhsullara 1 saat, bəzilərinə 1 gün, bəzilərinə isə 3 gün sərf edirəm. Ən çox vaxtımı alan məhsullar xırda güllərlə yığılmış səbətlərdir. Hazırlanma prosesində məhlulların qəlibə tökülməsi, qəlibdə quruması, çıxarılması, boyanması vaxt aparan işlərdir.

Sizə bununla bağlı bir şey qeyd etmək istəyirəm ki, məhsulların tez başa gəlməsində sifarişçinin enerjisi önəm daşıyır. Yəni, elə olub ki, çətin sifarişi çox qısa vaxtda hazır etmişəm, əksinə çox asan sifarişə neçə günlər sərf etmişəm.
İşlərimdə əziyyətim, yuxusuz gecələrim çox olduğu üçün hər biri mənim üçün dəyərlidir. Çünki qiymətdən və sifarişçidən asılı olmayaraq hər bir işimə xüsusi diqqətlə yanaşmışam. Aralarında bir qədər çox xoşuma gələn işlər olsa da, bütün işlərim mənim üçün dəyərlidir. Mənəvi yükü ağır işlərim də olub. Belə ki, müharibə dövründə bacardığım qədər şəhid ailələrinə dəstək üçün şəhidimizin xatirəsinə ev və məzar üçün dekor hədiyyələr hazırlayırdım. Bəzən bu işləri ağlayaraq hazırlayırdım. Oğuz, Xaçmaz, Lerik və bir çox rayonumuza belə hədiyyələr göndərmişəm. Bir şəhid dekorunu hazırlamaq mənim üçün şərəfdir.
Əl işlərinizin satış dəyərini necə müəyyən edirsiniz?
Əl işlərim daş tozu deyilən bir maddədən hazırlanır. Gips materiallarına aid olsa da, bu daha sərt və dözümlüdür. Qiyməti də fərqli olur. Əl işlərinin satış dəyəri bilirik ki, xammalda, yəni, qiymətinin üzərinə özü qədər də əlavə olunur. Yəni, belə deyək nə qədər maya dəyəri varsa, özü qədər də üzərinə gəlir. Ancaq mənim daha çox satış dairəm Gəncə və ətraf ərazilər olduğu üçün, bizdə qiymətlər bir az Bakıdan fərqlidir. Mən həmişə çalışmışam ki, hər kəsin büdcəsinə uyğun olsun. Ən bahalı sifarişim 140-150 manat civarında olub. Çox böyük qutu idi və o qutunu sifariş əsasında rəngli, xırda güllərlə bəzəmişdim. O da günlərlə vaxtımı almışdı.
Biznesinizlə bağlı gələcək planlarınız nələrdir?
Bu biznesə hər zaman hobbi sahəm kimi baxmışam. Ancaq, böyütməyi, hər hansı bir brend olmağı düşünürəm. İşlərim böyüyəndən sonra məhsulları artırmağı, fərqli məhsullar hazırlamağı düşünürəm. Hətta dünya bazarına da çıxmaq istəyərəm.
Bu sahəyə yeni başlayan xanımlara nə tövsiyə edərdiniz?
Etiraf edim ki, artıq belə dəstək olduğum xanımlar var. Sosial şəbəkə hesabımdan yazıb suallar verən xanımlara tərəddüdsüz öz məsləhətlərimi vermişəm. Hətta öz işimin sirlərini bölüşdüklərim olub. Qeyd edim ki, bu sahə ilə məşğul olmaq üçün geniş idea tələb olunur. Ancaq bu onları qorxutmasın. Tam motivasiya ilə başlaya bilərlər.

Zeynəb Məmmədlinin hekayəsi göstərir ki, qadın istəyi, zəhməti və inamı ilə həm müəllimlik kimi məsuliyyətli bir sahədə, həm də əl işləri ilə qurduğu biznesdə uğur qazana bilər.
Bugünkü cəmiyyətdə qadın sahibkarların artması yalnız iqtisadiyyat üçün deyil, həm də gələcək nəsillərə nümunə olması baxımından çox önəmlidir. Çünki qadın əli dəyən hər iş həm zövqlə, həm də özünəməxsus dəyərlə ərsəyə gəlir.













































