Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kreml “kosmik qiyamət”ə hazırlaşır?!

Baxış: 81
Kreml “kosmik qiyamət”ə hazırlaşır?!


Rusiya bu ilin sonunadək kosmosa nüvə silahı yerləşdirə bilər. Qərb kəşfiyyatının əldə etdiyi məlumatlar NATO ölkələrində ciddi narahatlıq yaradıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” qəzeti birgə araşdırma yayıblar.

Araşdırma Qərb ölkələrinin kəşfiyyat xidmətlərindən, Almaniya ordusundakı və Federal Kəşfiyyat Xidmətindəki mənbələrdən əldə edilmiş məlumatlara əsaslanır.

Bildirilir ki, bir sıra NATO ölkələri bu məlumatları öz aralarında bölüşüblər. Almaniya hökuməti, o cümlədən müdafiə naziri Boris Pistorius da mümkün təhlükə barədə məlumatlandırılıb.

Moskva yaxınlığında saxlanılan sirli peyk

“Deutsche Welle”nin məlumatına görə, söhbət Rusiyanın “Sputnik-S” adlı məxfi layihəsindən gedir.

Kosmik aparatın bir neçə il əvvəl hazırlandığı və o vaxtdan Moskva yaxınlığında saxlanıldığı bildirilir. Aparatın 60 gün ərzində orbitə çıxarılmasının mümkün olduğu qeyd edilir.

Almaniya ordusunun Kosmik Komandanlığının qiymətləndirməsinə görə, peyk artıq dekabr ayında orbitə buraxıla bilər.

Kosmosda nüvə partlayışı hansı nəticələrə səbəb ola bilər?

Almaniya mediası yazır ki, nüvə başlığı daşıyan aparatın kosmosda partladılması çoxsaylı peykləri sıradan çıxara və orbitdə böyük dağıntı buludu yarada bilər.

Bu isə Yer kürəsində təkcə hərbi deyil, mülki rabitə, naviqasiya və digər mühüm sistemlərin fəaliyyətində ciddi problemlərə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ mediası hələ 2024-cü ildə Vaşinqtonun Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək üzərində işləməsindən narahat olduğunu yazmışdı.

Almaniya Müdafiə Nazirliyi yayılan məlumatları rəsmi şəkildə şərh etməkdən imtina edib.

Rusiyanın Berlindəki səfirliyi isə iddiaları təkzib edərək onları “əsassız” və “təbliğat kampaniyasının tərkib hissəsi” adlandırıb. Rusiya diplomatları ölkənin kosmik layihələrinin beynəlxalq öhdəliklərə uyğun həyata keçirildiyini və yalnız dinc məqsədlərə xidmət etdiyini bildiriblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.