Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident yeni səfiri qəbul etdi - FOTO

Baxış: 144
Prezident yeni səfiri qəbul etdi - FOTO


Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğulayıb, ölkələrin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd edib.

Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlət başçısı Berlində imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğulayıb, bunun münasibətləri keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir.

Dövlət başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd edib. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunulub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.