Day, Month 00, Year
00: 00: 00 AM
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"


Arı saxlamaq nə qədər sərfəli biznesdir? Bal istehsalçıları qazanc əldə edə bilirlərmi? Azərbaycan balı niyə xaricə satıla bilmir? Bunun üçün nə etmək lazımdır?
Arıçılıq və bal biznesi ilə bağlı sualları Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov cavablandırıb.
- Bədrəddin müəllim, Azərbaycanda son vaxtlar arıçılıq, bal istehsalı biznesi sürətlə artmaqdadır və bu sahəylə məşğul olan sahibkarların sayı artıb. Məlumdurmu Azərbaycanda nə qədər şəxs bal, arıçılıq buznesiylə məşğuldur?
- Təxminən 22 min insan arıçılıqla məğşuldur, yəni arıçılıq fəaliyyəti göstərir və 22 min nəfər ümumilikdə 550 min arı ailəsi saxlayır.
- Ən çox arıçılar hansı bölgələrdədir, yəni hansı bölgədə daha çox arı saxlayırlar?
- Daha çox arıçı cənub bölgəsində, şimal-qərb – Şəki-Zaqatala bölgəsində, bundan sonra bizim Daşkəsən-Gedəbəy dağlıq bölgələrdədir və maraqlı odur ki, son dövrlərdə aran bölgələrində də arıçılıq inkişaf eləməyə başlayıb.Yəni biz arıçılıq deyəndə o dəqiqə dağlıq, dağlıq əraziləri düşünürük, amma belə baxanda görürük ki, Azərbaycanın gələcək belə deyək, bal potensialını arana bağlamaq daha doğru olar. Çünki müşahidələrimiz onu göstərir ki, qlobal istiləşmələrdən sonra aran bölgələrində olan bir çox bal verən bitkilər çoxalmağa başlayıb: yağtikanı, dəvətikanıdır, biyandır, pişikcaynağı deyirik, dişqurdalayandır. Mən Kürdəmirdə son vaxtlar bir araşdırma aparmışdım, gördüm orada illərlə axtardığım dişqurdalayan, hansı ki, ən çox bal verən bitki sayılır.
- Deməli, arı ailəsinin hansı ərazidə yerləşməsi balın keyfiyyəti ilə yanaşı, həcminə də təsir edir, eləmi?
- Bəli. Bir hektardan 1 ton 800 kiloya qədər bal verə bilən bir bitkidir. Mən onu Kürdəmirdə tapdım, yəni gördüm. Buradan belə qərara gəlirik ki, Aran bölgəsi arıçılıq üçün daha uyğundur. Düzdür, dağlıq bölgələrinin də özünə görə yeri var.
- Bir də azad olunan ərazilərimiz var, orada da artıq arıçılar.
- Biz Azərbaycan Arıçılar Assosiasiyası olaraq Qarabağda arıçılığın inkişaf proqramını da hazırladıq, demək olar ki, bölgəni gəzdik, kifayət qədər gəzdik, tədqiqat apardıq, araşdırmalarımızın nəticəsi olaraq belə qərara gəldik ki, işğaldan azad olunmuş ərazilərdə təxminən 300 min arı ailəsi saxlama olar.
- İşğaldan azad olunan ərazilərdən hansı, arı saxlamaq üçün daha əlverişlidir?
- Deyərdim bütün ərazilər, amma daha çox Kəlbəcər ərazisi, Laçın ərazisi ta qədimdən arıçılıq rayonları hesab olunub. Kəlbəcər Azərbaycanın ən böyük rayonudur, özü də arıçılıq üçün çox uyğun rayondur. Ötən il pilot olaraq, 2500 arı ailəsini olaraq, çox yaxşı yüksək məhsuldarlıqla oradan qayıtdıq. Hər arı ailəsindən təxminən 50 kilo bal süzüldü ki, bu günə qədər Azərbaycanda belə bir şey olmamışdı.
- Bədrəddin müəllim, ümumilikdə ölkə üzrə danışanda 1 kiloqram balın orta qiymətləri hansı həddə dəyişir?
- Orta olaraq, 20-25 manat arasında dəyişir.
- Ən bahalı bal hansı bal sayılır?
- Yəqin ki, indi dağlıq ərazilərin balları daha baha qiymətə satılır.   
- Siz dediniz hazırda arı saxlayanların sayı 22 min nəfəri keçir. 5-10 il əvvəl onların sayı nə qədər idi?
- Mən 2016-cı il oktyabrın 31-dən, yəni artıq 5 ildir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədriyəm. 5 il əvvəl, O vaxtlar arı ailələrinin sayı 300 minə çatmırdı. Bu gün 550 mindir, deməli 200 mindən çox artım var.
- Bəs arı saxlayanların sayı nə qədər artıb?
- 5 il əvvəl bu işlə məşğul olanlar 15 min nəfər idi. İndiyədək daha 7 min nəfər bu işə başlayıb. Bilirsiniz, arıçılıq həm sahibkar kimi yanaşma olar bura, bir biznes kimi yanaşma olar, həm həvəskar arıçı kimi də yanaşma olar. Adətən ailələr kiçik arıçılıq təsərrüfatları saxlayırlar. Bütün dünyada belədir. Lakin hər rayonda, nə bilim 2 rayondan bir baxırsınız, daha iri arıçı sahibkarlar var, yəni bunlar sırf sahibkarlıq subyekti kimi fəaliyyət göstərirlər.
- Ən böyük arıçının təsərrüfatında neçə arı ailəsi var sizcə?
- Azərbaycanda 1200, 1500, hətta 2 min arı ailəsi olan təsərrüfatlar var. Amma belə təsərrüfatlar çox azdır.
- Gəlin, biz bu işin biznes tərəfini danışaq: arı saxlamaq, bal istehsal eləmək iqtisadi cəhətdən nə qədər sərfəlidir? Məsələn, bir arı ailəsinin qutuyla birlikdə qiyməti neçəyədir?
- Ümumiyyətlə, arıçılıqda bir var uzun müddətli xərclər, arının qutusu, arı ailəsi, müəyyən alətlər, məsələn bal süzən maşın və sair. Bir də var ki, illiyə çəkilən xərclər, bunlar şan təbəqəsidir, davası-dərmanı, köç xərcləridir və sair. Ümumiyyətlə, bir arı ailəsinə bir ildə təxminən zəhmət haqqını da üstünə qoysaq, 80 manat civarında xərc çəkilir.
- Bəs arı ailəsinin özünü və qutusunu almaq neçəyə başa gəlir?
- Bir arı qutusu 100 manata qədər var. Bir arı ailəsi, yəni onun içərisindəki arılar isə daha 150 manata başa gəlir.
- Düz başa düşdümsə, 250 manata bir arı ailəsini qutuyla birlikdə almaq olar?
- Bəli, almaq mümkündür.
- Bir ildə də buna 80 manat xərc çəkilir. Bəs bir arı ailəsi il ərzində nə qədər bal verir?
- Əvvəllər Azərbaycanda bir arı ailəsi orta hesabla 10-12 kiloqram bal verirdi, son vaxtlar bu rəqəm 15-20 kiloqrama qədər artıb.
- Qiymətləri nəzərə alanda deməli bir arı ailəsi ildə təqribən 300 manatlıq bal verir, eləmi? Yəni elə birinci il yatırılan xərcləri çıxarır?
- Bəli, arıçılıq təsərrüfatı qoyulan xərcləri tez qaytarandır. Ümumiyyətlə arıçılıq həm biznes kimi yaxınlaşsaq, biznesdir, həm sağlam həyat tərzi kimi sağlam həyatdır, sağlam qidalanmadır, elm kimi yanaşsaq, kimsə müdafiə eləyə bilər, doktorluğa qədər gedə bilər. Yəni boşluqlar var burada, çox maraqlı universal bir sahədir.
- Doğrudan da box maraqlı bir sahədir. Hətta arıların iş prosesinin özünü izləmək belə adama zövq verir. Amma son vaxtlar balın satışı ilə bağlı problem yaranıb, yəni artıq balı əvvəlki kimi asanlıqla satmaq olmur. Bu belədirmi?
- Bəli, hazırda bal satışında çətinliklərimiz var və bunun səbəbləri müxtəlifdir.
- Aha buyurun, nədir səbəbi?
- Birinci, respublikaya idxal olan ballar. Bilirsiniz, arıçılıq elə bir təsərrüfat sahəsidir ki, arı öz məhsullarıyla bizə verdiyi xeyrin bəlkə də 10 qat çox bağ-bağçanı tozlandırmaqla, meyvələrin, bostanın, tərəvəzçiliyin inkişafına verir. Arını əsasən ona görə saxlayırlar bütün dünyada ki, həm ekoloji durumu yaxşılaşdırır, həm məhsuldarlığı artırır. Bir alma ağacı çiçək açsın, dayanın onun altında, arıdan heç nə görməzsiniz. Deməli, arı olmasa, heç bir meyvə olmaz, bitki örtüyü məhv olar. Eynşteyn deyirdi ki, bal arısı tamam məhv olarsa, həyat 4 ildən 10 ilə qədər davam eləyə bilər, ondan sonra mümkün deyil ki, həyat olsun. Belə baxanda, özü çox kiçik bir canlıdır, amma strateji olaraq gör nə qədər əhəmiyyətli bir canlıdır, bütün dünyada da arıçılara, arıçılığa verilən subsidiyalar, kompensasiyalar, dəstəklər ona görədir ki, arıçılıqla məşğul olunsun.
- Yeri gəlmişkən, Azərbaycanda da hər arı ailəsinə görə 10 manat subsidiya verilir.
- Bəli, 10 manat subsidiya verilir.
- Bəs satışla bağlı əsas problem nəylə bağlıdır?
- Dediyim kimi, bal idxalı var, yəni kifayət qədər bal idxalı var, bunun qarşısı alınmalıdır.
- Bədrəddin müəllim, ölkədə 550 min arı ailəsinin olduğunu və hər birinin 10-12 kq bal verdiyini nəzərə alsaq, ölkə üzrə yerli bal istehsalı təqribən 7 milyon kiloqramdır, eləmi?
- Bəli, ildə təxminən 7 min ton bal istehsal edirik.
- Bu qədər bal ölkəyə kifayət etmir, eləmi?
- Kifayət edir, hər halda indiki istifadə həcminə görə kifayət edir. Biz ildə təxminən 6 min ton bal tükədirik.
- Deməli 7 min ton bal istehsal olunur, cəmi 6 min tonu satılır?
- Bəli, balımız artıqdır və kiminsə balını sata bilməmək problemi var.
- Üstəlik xaricdən də bal gətirilir.
- Bəli, xaricdən də gəlir. Ona görə biz mütləq ixraca baş vurmalıyıq. Yəni o istiqamətdə çox böyük işlər görülməlidir. İxracla başlı bazarlar araşdırılmalıdır.
- İndi Azərbaycan arıçıları bal ixrac edə bilirlərmi?
- Bəli, amma çox cüzi həcmdə ixrac eləyə bilirik, əsasən də ərəb ölkələrinə.
- Xaricə ixrac olunan bal neçəyə satılır?
- Bilirsiniz, ərəb bazarları, ümumiyyətlə, dünyada bal bazarı iki yerə bölünür: bir hissəsi adi ballardır, hansı ki günəbaxan balı, qarabaşaq balı, hansı ki, arı ailəsi 100 hektarla əkilən sahələrə qoyulur ki, bal istehsal olunsun. Belə deyək sənaye üsuluyla. Bir də var - vəhşi təbiətdən yığılan ballar, buna premium ballar, niş məhsulları deyirik.
- Azərbaycanın balı bunların hansına aiddir?
- Bizim balımız niş məhsullarının sırasında dura biləcək baldır. Sadəcə olaraq, onu potensial alıcılara çatdırmaq, xaricə çıxarmaq üçün xeyli iş görülməlidir.
- O cümlədən brend kimi tanıtmaq lazımdır.
- Tanıtmaq lazımdır, onun bir əfsanələrini danışmaq lazımdır. Yəni bu dəqiqə dünyada bal bazarı belə formalaşıb.
- Azərbaycan sahibkarları öz ballarını ətraf ölkələrdən hansına sata bilər?
- Baxın, Türkiyə öz bazarını qorumaq üçün bal idxalına böyük məhdudiyyətlər qoyub.
- Deməli, biz Türkiyə bazarına daxil ola bilmərik?
- Bəli. Türkiyə böyük gömrük rüsumu qoyub, İsrail ümumiyyətlə bal idxalına qadağa eləyib.
- O da özə istehsal edir.
- Bəli, İsrail hələ balı ixrac da edir. Xorvatiya və Avstriya da bal idxal eləməyən ölkədir,
- Siz faktiki olaraq Azərbaycanın bal sənayesini itirdiyi bazarları sadalayırsınız.
- Sadəcə mən demək istəyirəm ki, biz də istərdik ki, Azərbaycan da xaricdən bal idxalını dayandırsın. İdxal dayandırılsın ki, həm daxili istehsal qorunsun və satış stimullaşdırılsın, həm də ixraca dəstək olsun. Ümumiyyətlə, balın xaricə ixracına çox güclü yer vermək lazımdır. Bazarların araşdırılması, Azərbaycan balının tanıdılması və sair işlər görülməlidir.
- Bədrəddin müəllim, biz balımızı hansı ölkəyə sata bilərik? Siz ərəb ölkəsini qeyd etmişdiniz.
- Bəli, əsasən körfəz ölkələrinə satmaq lazımdır.
- Orada bizim balın qiyməti neçəyədir?
- Mən özüm bazar araşdırmalarında iştirak etmişəm, Dubayda və digər ərəb ölkələrində, bizim bal kimi keyfiyyətdə olan balların qiyməti 100 dolların üstündədir.
- Yəni bir kiloqramın qiyməti 100 dollardan artıqdır?
- Bəli, mən gördüyümü deyirəm, bu müşahidələrimdir. Amma ixrac üçün balı, ölkəni xüsusi tanıtmaq lazımdır. Azərbaycan balını tanımırlar. Onların ağıllarına da gəlmir ki, Azərbaycanın balı necə ola bilər.
- Bunu kim eləməlidir sizcə? Bu işlə kim məşğul olmalıdır?
- Sahibkarlar bunu eləməlidir, sonra dövlət qurumları. Bir neçə dəfə Azpromonun xəttiylə deyək ki, baş vurmuşuq bununla bağlı, amma yetərli deyil. Belə deyək, çox qlobal bir işlər görülməlidir. Azərbaycan balını xaricə çıxarmaq üçün konsepsiya hazırlanmalıdır. Bir az bəzi ölkələrə qiymət rəqabətində uduzuruq, biz daha baha çıxarırıq, orada ona görə çıxara bilmirik.
- Məsələn, hansı ölkəyə uduzuruq?
- Məsələn, biz Avropa ölkələrinə bal ixrac eləyə bilmirik. Çünki ümumiyyətlə, Avropa bazarı Azərbaycandan heyvan mənşəli qidaları qəbul eləmir. Amma Qida Təhlükəsizliyi Agentliyi artıq yazışmalara başlayıblar ki, bal üçün bu bazarı açsınlar, bu qadağanı aradan qaldırsınlar, artıq iş gedir burada.
- Bu alınsa, yaxşı ixrac imknaları yaranar.
- Bəli. Avropa bazarı çox yaxşı, sabit və bahalı bazardır. Həm də Almaniya dünyanın ən çox bal istehlak edən ölkələrindəndir. Yaponiya bazarına biz baş vura bilərik, vaxtilə ora az da olsa, bal ixrac eləmişik. Sonra pandemiya dövründə müəyyən problemlər oldu, bal sata bilmədik orada.
- İndi davam eləmək mümkün olmur onu?
- Hələ ki, Yaponiyaya ballarımız getmir, amma Yaponiya bazarı da böyük bazardır, yəni dünyada ən çox bal yeyən ölkələrdən biri də Yaponiyadır.
- Bəs azərbaycanlılar nə qədər bal yeyir? Siz dediniz ki, 6 min ton istifadə eləyirik. 6 min ton 6 milyon kiloqram deməkdir, biz də 10 milyonuq, belə ki, hər adam ildə 600 qram yeyir, eləmi?
- Təxminən belə, bəli. Bir kiloqram eləmir.
- Ayda cəmi 50 qr bal yeyirik. Az deyilmi?
- Əlbəttə azdır. Almaniyada adamlar ildə adambaşına 3,5-6 kilo bal yeyirlər.
- Bizdən 5-10 dəfə artıq edir bu. Belə çıxır bizdə də artım üçün, bal satmaq üçün imkanlar var.
- Bilirsiniz, mən düşünürəm ki, arıçılıq inkişaf elədikcə yavaş-yavaş qiymətlər də mütləq aşağı düşəcək. İstehsal artırsa, qiymət yenəcək aşağı, çox insanlara belə deyək, almaq imkanı yaranacaq, əlçatımlı olacaq. Çünki daha çox ailələrin bal yeməsi lazımdır, həm sağlam qidadır, həm dərmandır. Azərbaycan ailələrinin masasında niyə də bal olmasın. Xüsusilə uşaqlar üçün xüsusi faydalı bir qidadır.
- Arzu eləyək ki, ölkədəki bütün ailələrin və bütün uşaqların bal yemək imkanı olsun.
- Amin.


Tarix: 6-11-2021, 12:08 Oxunub: 177


Bölməyə aid digər xəbərlər