Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Poltava Ticarət və Sənaye Palatası ilə memorandum imzaladı


Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şuranın ilk iclası dünən Bakıda keçirilib. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və vitse-prezidenti Vüqar Abbasov iştirak edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2020-ci ildə 771,5 milyon dollar təşkil edib və belə bir şuranın yaradılması əlaqələrin daha da genişlənməsinə, birgə müəssisələrin yaradılmasına imkan verəcək.
İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb. “İnanırıq ki, şurada təmsil olunan iştirakçıların sayı daha da artacaq və bu, Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrinə öz müsbət təsirini göstərəcək. KOBİA dəstək və xidmətləri çərçivəsində yeni əməkdaşlıq platformasının inkişafına, burada təmsil olunan iş adamlarına zəruri dəstəyi göstərəcəkdir”.
Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir.
Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şuranın yaradılmasının yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, “Ukrayna Ticarət Evi”nin baş direktoru Əlibala Məhərrəmzadə işgüzar şuranın hər iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Sahibkarlar Konfedrasiyasının vitse-prezidenti və  Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.
Qeyd edək ki, Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən “Baku Business Group” MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə “Bratslav” şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.


Tarix: 25-06-2021, 09:43 Oxunub: 251


Bölməyə aid digər xəbərlər