Day, Month 00, Year
00: 00: 00 AM
“İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib

Son illər dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, istehlakçı-sahibkar münasibətlərinin sivil qaydalar əsasında formalaşdırılması istiqamətində dövlət səviyyəsində görülən sistemli işlər bu sahədə müsbət dəyişikliklərə səbəb olub. 15 mart – Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti videokonfrans formatında  “İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda tədbir keçirib.
Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi siyasətin prioritet istiqamətlərdən olduğunu vurğulayıb, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini, istehlak bazarında mütəmadi olaraq monitorinqlərin aparıldığını, keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşmalar aşkar edilmiş mallar üzərində nəzarətin daha da gücləndirildiyini, maarifləndirmə işlərini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev istehlak bazarının müvafiq mal və xidmətlərlə təmin edilməsində ölkə sahibkarlarının payının yüksək olduğunu, bu mənada bazarın ümumi vəziyyətində dövlət, sahibkar, istehlakçı münasibətlərinin düzgün qurulması və tənzimlənməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. “Bu gün təsadüfi deyildir ki, istehlakçı məmnuniyyətinin ölçülməsi iş adamları üçün başlıca göstəricidir. Sahibkar məhsulu barədə ən dolğun məlumatı birbaşa istehlakçıdan alırsa, demək onun inkişaf istiqamətlərini daha aydın şəkildə görə bilir”, -deyə M.Musayev vurğulayıb.
Dövlət qurumlarının, ictimai təşkilatların və sahibkarlıq subyektlərinin nümayəndələri çıxış edərək istehlakçı hüquqlarının qorunması istiqamətində son illər istehlak bazarında mal və xidmətlərin keyfiyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu istiqamətdə təkliflərini səsləndiriblər.
Tədbirdə istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın əhəmiyyəti qeyd edilib, istehlakçı hüquqlarının daha effektiv qorunması barədə fikir mübadiləsi aparılıb.


Tarix: 16-03-2021, 15:26 Oxunub: 171


Bölməyə aid digər xəbərlər