Day, Month 00, Year
00: 00: 00 AM
Nəhəng zavod Azərbaycanın 3 rayonundan birində tikiləcək – 30 MİLYON DOLLAR

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən Sahibkartv.az-a bildirilib ki, COVİD-19 pandemiyasının iqtisadiyyata təsirlərinin azaldılması və qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, eləcə də özəl investisiya qoyuluşunun təşviq edilməsi üçün bir sıra layihələr həyata keçirilir.
Belə layihələrdən biri də “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni spirtsiz içkilər istehsalı müəssisəsinin yaradılması layihəsidir. Belə ki, Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır.
30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.


Tarix: 4-02-2021, 15:36 Oxunub: 182


Bölməyə aid digər xəbərlər