Day, Month 00, Year
00: 00: 00 AM

Bakının Baş Planı son razılaşdırılma mərhələsindədir - FOTO


Paytaxtın Baş Planı artıq son razılaşdırılma mərhələsindədir.
Bu barədə Sahibkartv.az-ın sorğusuna əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu məlumat verib. 
Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir və planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.


Baş Planın şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlandığını deyən qurum rəsmisi bildirib ki, bununla da uzunmüddətli inkişaf istiqamətləri müəyyən edilir:
“Baş Planda yaşayış məntəqələrinin torpaqlarından şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırılabilən ehtiyaclara əsasən təsvir edilir. Baş Plan və digər ərazi planlaşdırılması sənədləri şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malikdir. Bu baxımdan Bakının Baş planının məqsədlərindən biri şəhərin gələcək inkişaf prioritetlərini müəyyən edərək tikinti-quruculuq işlərinin planlı və sistemli aparılması üçün zəmin təmin etməkdir.
Paytaxtın artıq son razılaşdırılma mərhələsində olan yeni Baş Planı şəhərin tarixi mərkəzində xüsusi məhdudiyyətlər təqdim edir, şəhərin yenidənqurma və inkişaf ərazilərini müəyyən edir, inkişaf layihələri üçün kompleks planlaşdırma və layihələndirməni təşviq edir, bununla da nöqtəvi və xaotik tikinti hallarının qarşısını alır”.

Bakı şəhərinin Baş Planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Ramiz İdrisoğlu əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cari fəaliyyəti çərçivəsində təqdim edilən tikinti layihələrinin keyfiyyətinin artırılması, onların mövcud şəhərsalma tələblərinə uyğunlaşdırılması üçün sifarişçi və layihəçilərlə Komitənin əməkdaşları arasında keçirilən maarifləndirici görüşlər də öz müsbət nəticələrini verir.
Qeyd edək ki, Baş Plan çərçivəsində mərkəzlər üç kateqoriyalara bölünüb:

Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) - paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) - Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq, öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) - Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq  periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq.


Tarix: 20-08-2021, 14:51 Oxunub: 1 045


Bölməyə aid digər xəbərlər