
Donald Tramp administrasiyası İrana qarşı iqtisadi blokadanı sərtləşdirir və tərəfdaşlarını Tehranla əlaqələr, ABŞ maliyyə sisteminə çıxış arasında seçim etməyə məcbur edir. Mərkəzi Asiya ölkələri də təzyiq altındadır. Onların İranla ticarəti kiçikdir, lakin dənizə çıxışı olmayan dövlətlər üçün ölkə Fars körfəzi limanlarına açılan qapı rolunu oynayır.
Dövlət katibi Marko Rubio ABŞ səfirliklərinə hökumətlərə rəsmi demarş çatdırmağı tapşırıb. Vaşinqton İranla ticarətin dayandırılmasını, onunla əlaqəli şirkətlərin müəyyən edilməsini və “Bank Melli”, “Bank Saderat” filiallarının bağlanmasını tələb edir. Qanunu pozanlar ikinci dərəcəli sanksiyalarla və dollar sistemindən ayrılmaqla hədələnirlər. Bu barədə bu yaxınlarda “Axios” məlumat verib. Bir neçə Orta Asiya paytaxtındakı ABŞ səfirliklərinə də xüsusi təlimatlar verilib, lakin nəşr hansılarının olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, “Bank Melli”nin Bakıda da filialı var. İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) ötən il fəaliyyətini tam bərpa edib. Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.
Nəzərə alaq ki, ABŞ Azərbaycanla tərəfdaş ölkədir və xartiya imzalanıb. Bu tələbin bizə qarşı irəli sürülməsi istisnadırmı? İran Milli Bankının Azərbaycandakı filialı bağlana bilər?
Professor Fikrət Yusifov Musavat.com-a açıqlamasında bunun gözlənilən olduğunu söyləyib: “Dəfələrlə çağrışlar etmişəm ki, İranla ticarət əlaqələrimizi ciddi sınaqlar gözləyir. Biz artıq dünəndən bu istiqamətdə tədbirlər görməyə başlamalı idik. Azərbaycan-İran xarici ticarət dövriyyəsi 640 milyon ABŞ dolları səviyyəsindədir ki, bunun da cəmisi 14 milyon dollarını Azərbaycandan İrana ixrac təşkil edir, yerdə qalan 626 milyon dollarlıq məhsulları isə biz İrandan idxal edirik. Bu Azərbaycan bazarı üçün kiçik rəqəm deyil. İdxal olunan məhsulların içərisində ərzaq məhsullarının payı az deyil. Beləliklə İrandan idxalla məşğul olan iş adamlarımız eyni məhsulların yeni bazarlarını axtarıb tapmalıdırlar. Bunu nə qədər tez edə bilsələr o qədər yaxş olar”.
Sabiq maliyyə nazirinin sözlərinə görə, ABŞ İranla hərtərəfli müharibənin yeni və ən ağrılı fazasına aralıq seçkilərindən sonra “yaşıl işıq” yandıracaq: “İrana aid nə varsa onların hamısının bloklanmasını digər ölkələrdən və birinci növbədə İranla sərhəd olan ölkələrdən təkidlə tələb edəcək. Nə qədər ağrılı olsa da, Azərbaycan da bu sıradadır. Bir sözlə, qarşıda İranla bütün iqtisadi, ticarət və maliyyə müstəvisindəki əlaqələrin kəsilməsi kimi ağrılı bir proses bizi gözləyir. Bu vəziyyəti isə İranı idarə edən SEPAH yaradıb”.







































