
Hesabat dövründə qeyri-neft-qaz sektorunda istehsal 1,5 faiz yüksələrək 55,6 milyard manata çatıb. Neft-qaz sektorunda isə cüzi geriləmə qeydə alınıb. Bu, iqtisadiyyatın diversifikasiyası istiqamətində aparılan siyasətin nəticələrinin tədricən özünü göstərdiyini nümayiş etdirir.
Sənaye sektorunda ümumi artım cəmi 0,1 faiz olsa da, qeyri-neft sənayesində istehsal 4,1 faiz yüksəlib. Bununla yanaşı, nəqliyyat və anbar təsərrüfatı, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və pərakəndə ticarət sahələrində də müsbət dinamika müşahidə olunub. Bəzi istiqamətlərdə artım tempinin əvvəlki aylara nisbətən zəifləməsi qeydə alınsa da, iqtisadi aktivlik qorunub saxlanılıb.
İlin ilk yarısında diqqət çəkən əsas göstəricilərdən biri investisiyaların əhəmiyyətli dərəcədə artması olub. Altı ay ərzində ölkə iqtisadiyyatına 9,3 milyard manatdan çox investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur. Qeyri-neft sektoruna yatırılan sərmayələrin həcmi isə 6,1 milyard manatı ötərək 5,5 faiz artım nümayiş etdirib.
Mütəxəssislər hesab edirlər ki, investisiya qoyuluşundakı canlanma dövlət büdcəsi hesabına maliyyələşdirilən iri infrastruktur və tikinti layihələrinin yenidən aktiv fazaya keçməsi ilə bağlıdır. İyun ayında qeyri-neft sektoruna yönəldilən vəsaitlərin kəskin artması da bu prosesin sürətləndiyini göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir.
Eyni zamanda strateji valyuta ehtiyatlarında aylıq azalma qeydə alınıb. İyulun əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici illik müqayisədə artım nümayiş etdirsə də, iyun ayı ilə müqayisədə təxminən 2,7 milyard dollar azalıb. Azalmanın əsas səbəblərindən biri Dövlət Neft Fondunun investisiya portfelində, xüsusilə beynəlxalq maliyyə bazarlarında texnologiya şirkətlərinin səhmlərinin dəyərində baş verən dəyişikliklərlə əlaqələndirilir.
Azərbaycan Mərkəzi Bankı isə əksinə, valyuta bazarında alış əməliyyatlarını davam etdirərək ehtiyatlarını artırıb. Tənzimləyici qurum bildirib ki, daxili bazarda xarici valyuta təklifi tələbi üstələdiyi üçün iyun ayında yüz milyonlarla dollar həcmində alış həyata keçirilib və bu proses nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları daha da böyüyüb. Lazım gəldikdə bazarda tarazlığın qorunması məqsədilə həmin vəsaitlərin yenidən dövriyyəyə buraxılması da istisna edilmir.
Makroiqtisadi göstəricilər arasında müsbət məqamlardan biri də xarici dövlət borcunun azalmasıdır. Rəsmi məlumatlara əsasən, iyulun əvvəlinə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına enib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8 faizə yaxın azalma deməkdir və ölkənin borc dayanıqlığının qorunub saxlanıldığını göstərən mühüm göstəricilərdən biri hesab olunur.







































