Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranla ticarətdə çətinliklər: qiymət artımı gözlənilirmi?- İqtisadçılardan VACİB açıqlamalar

Baxış: 45


Son günlər İranda müşahidə olunan siyasi və sosial gərginlik, eləcə də ölkəyə qarşı sanksiya təzyiqlərinin yenidən güclənməsi region ölkələri üçün mümkün iqtisadi riskləri gündəmə gətirib. Xüsusilə İranla coğrafi yaxınlıq və ticarət əlaqələri fonunda bu proseslərin Azərbaycanın iqtisadiyyatına və daxili istehlak bazarına təsir edib-etməyəcəyi cəmiyyətdə maraq doğurur. İrandakı hadisələrin ixrac–idxal axınlarına, məhsul təchizatına və qiymət sabitliyinə mümkün təsirləri müzakirə olunur.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“İranda baş verən proseslərin Azərbaycana təsir göstərməsi üçün əvvəlcə İran iqtisadiyyatında real təsirləri olmalıdır. Bu təsirlər daha sonra ikinci dərəcəli effekt kimi İranla ticarət əlaqələri olan ölkələrə, o cümlədən Azərbaycana təsir edə bilər. Onsuz da sərhədlərin bağlı olması bu təsirin müəyyən hissəsini öncədən neytrallaşdıran amildir.

Digər tərəfdən, İrana qarşı tətbiq edilən sanksiyalar, o cümlədən Tramp administrasiyasının İranla ticarət edənlərə 25 faiz tarif tətbiq ediləcəyi ilə bağlı hədələri İranla iqtisadi əlaqələri olan ölkələr üçün müsbət vədlər vermir. Lakin indiki mərhələdə nəinki Azərbaycanla, heç bir ölkə ilə İranla birbaşa ticarət münasibətlərində ciddi risk müşahidə olunmur.

Bununla belə, İranın gömrük keçid məntəqələrində müəyyən azalmalarla bağlı siqnallar. Ancaq konkret olaraq Azərbaycana yönəlik ciddi narahatlıq doğuran risk mövcud deyil. Ayrı-ayrı sahibkarlar və təsərrüfat subyektləri səviyyəsində İrana ixrac və ya idxal proseslərində çətinliklərin yaranması istisna edilmir. Lakin kütləvi şəkildə ölkə iqtisadiyyatına, ölkənin təchizat zəncirinə ciddi təhdidlərin yaranması lə bağlı hər hansı əsaslı siqnal yoxdur”.

İqtisadçı əlavə edib ki, bu fonda İranda məişət malları üzrə qıtlığın yaranması və qiymətlərin artması ilə bağlı müəyyən gözlənti yoxdur: “Amma proses uzunmüddətli xarakter alarsa, belə risklərin ortaya çıxması qaçılmazdır. İran məhsullarının bazarda azalması və qiymətlərin yüksəlməsi mümkündür.

Lakin bu təsir qısamüddətli olacaq. Çünki İran malları əvəzolunmaz məhsullar deyil. Onların böyük hissəsi alternativ mənbələr hesabına əvəz edilə bilən məhsullardır. Düşünürəm ki, müəyyən müddətdən sonra bazarda yaranan boşluq məhz bu əvəzedici məhsullar hesabına kompensasiya olunacaq və tələbat alternativ kanallar vasitəsilə ödəniləcək.

Millət vəkili Vüqar Bayramov da vurğulayır ki, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır:

“Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.
Bu aspektdən, daha da konkretləşdirsək: İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər? Əgər İranln ixrac imkanları məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (10.0 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış, digərləri (9.7 milyon dollar), badımcan (7.4 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (7.0 milyon dollar), kərə yağı (6.9 milyon dollar), peçenye (6.7 milyon dollar), soğan (6.1 milyon dollar), kartof (5.9 milyon dollar), yerkökü (5.1 milyon dollar), xurma, təzə və ya qurudulmuş (4.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (3.4 milyon dollar), təzə və ya soyudulmuş alabalıq (3.1 milyon dollar), sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar (2.6 milyon dollar), kivi (2.4 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, nə qədər təəccüblü görünsə də, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Bütün bunlarla yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Çünki, Azərbaycanın illik idxalının 3.0, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.