Bu barədə "Sahibkartv.az"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin rəhbəri Günay Quliyeva deyib.
O bildirib ki, sərəncamda nəzərdə tutulan məsələlərin icrası nəticəsində iqtisadi səmərəlilik yüksəldilə və ölkə başçısının müəyyənləşdirdiyi prioritetə uyğun olaraq, “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” daha da güclənə bilər:
Şöbə müdiri qeyd edib ki, iqtisadiyyatda dövlətin miqyasını optimallaşdırmaq və qeyri-dövlət investisiyalarının cəlbinin artırılması uzunmüddətli iqtisadi artımı dəstəkləyə bilər: “Təbii ki, bunun üçün ilk növbədə investisiyaya açıq müəssisələr, onların maliyyə ehtiyacları və həmin müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyənləşdirmək zəruridir. Bütün bu məsələlər sərəncamda öz əksini tapıb və özəl investisiyaya açıq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilib. Digər tərəfdən, dövlət müəssisələrinə yeni və innovativ texnologiyalardan istifadə edən özəl şirkətlərin investisiya qoyması uzunmüddətli perspektivdə iqtisadiyyatda daha çox əlavə dəyər yarada bilər. Bütün bunlar sayəsində Azərbaycan qısa müddətdə qlobal dəyər zəncirinə qoşula bilər”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib. Siyahıya “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lər, Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir.