Day, Month 00, Year
00: 00: 00 AM

Dünya bazarında düyünün bahalaşması Azərbaycana təsir edə bilərmi?



Dünya bazarında düyünün bahalaşması  Azərbaycana təsir edə bilərmi? 


Hindistanın düyü ixracına qadağa qoyması dünyanın bir neçə ölkəsinin də analoji addım atması ilə nəticələnib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya cari ilin sonunadək ölkədən düyü ixracı və reixracını dayandırıb. Ekspertlər bildirirlər ki, qlobal düyü ixracının 40 faizi Hindistan tərəfindən reallaşdırılır və bu, adıçəkilən ölkənin ümumi ixracının 25 faizini təşkil edir.
Yeri gəlmişkən, hələ ötən ilin sentyabrında Hindistanda eyni növ düyünün ixracına 20 faiz əlavə rüsum tətbiq olunmuşdu. Məqsəd qeyd etdiyimiz kimi, ixracın azalmasını gerçəkləşdirmək, qiymətlərin sürətli artımının qarşısını almaq idi. Lakin belə bir qadağa tədbiri–rüsum əlavəsi, həmçinin dünya bazarında düyünün qiymətində müşahidə olunan bahalaşma (son bir ildə bu məhsulun qlobal bazar qiymətinin 11,5 faiz artması) ixraca heç bir təsir göstərmədi: cari ilin aprel-iyun aylarında ölkədən təmizlənmiş düyü ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox qeydə alındı. “Fitch Solutions” agentliyinin yaydığı məlumatda da ilin əvvəlindən düyünün orta qiymətinin 100 funt (45,4 kiloqram) üçün 17,3 dollar təşkil etdiyi bildirilib və gələn ilə qədər qiymətlərin indiki ən yüksək həddə yaxın olacağı proqnozlaşdırılıb. Məlumatda, eyni zamanda, 2024-cü il ərzində şəraitin yaxşılığa doğru dəyişəcəyi, dünya bazarında vəziyyətin düzələcəyi və məhsulun qiymətinin, təxminən, 10 faiz ucuzlaşacağı diqqətə çatdırılıb.

İndi hamını bir sual düşündürür: qlobal düyü bazarında baş verənlər Azərbaycana təsir edə bilərmi? Dünyanın bir parçası olan ölkəmizdə bu məhsulun istehsalının genişləndirilməsi istiqamətində hansı tədbirlər görülür? Bu suallarla bağlı, ilk növbədə, onu deyək ki, düyü respublikamızda bir sıra dənli bitkilərlə müqayisədə az istehlak edilir. Lakin buna baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyində önəmli yer tutur. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025- ci illər üçün Dövlət Proqramı” təsdiq edilməsinin, çəltiyin əkin sahəsinin (10 min hektara qədər) və məhsuldarlığın (hər hektardan 2,5 dəfədən çox – 40 sentnerə qədər) əhəmiyyətli dərəcədə artırılmasının düyü istehsalının diqqət mərkəzində saxlanılmasından irəli gəlir. Fermerlərin onun becərilməsinə marağını artırmaq üçün onlara hər hektar çəltik əkininə görə 360 manat subsidiya verilməsi də hökumətin əhalinin bu məhsula olan tələbatının yerli istehsal hesabına ödənilməsi zərurətini dəyərləndirməklə bağlıdır. 
Azərbaycanın düyüyə illik tələbatının 40 min tondan artıq olması da vəziyyətin nə qədər ciddi olmasından xəbər verir. İndi isə son illərdə çəltik əkini ilə bağlı vəziyyəti statistik rəqəmlər əsasında nəzərdən keçirək. Xatırladaq ki, respublikada ötən ilə qədər çəltik əkini sahəsi 3 min hektar olub, 12 min tona yaxın düyü istehsal olunub. Keçən il isə respublikanın 9 rayonunda çəltik əkini aparılıb. dəltik əkinlərinin ümumi sahəsi 3 min 194 hektar təşkil edib. Həmin vaxt ən çox Lənkəran (802,3 hektar), Ağdaş (681 hektar) və Ucar (678 hektar) rayonlarında çəltik əkilib. Orta məhsuldarlıq hektar üzrə 36,2 sentner təşkil edib. Bu, 2021-ci ilin orta məhsuldarlıq göstəricisindən hektar üzrə 1,4 sentner çox olub. Eyni za manda, həmin dövrdə respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub. Məlumat üçün qeyd edək ki, cari il respublikada 3 min 171 hektarda çəltik əkilib.
Ötən il isə həmin göstərici 3 min 129 hektar təşkil edib. Göründüyü kimi, son illərdə çəltikçiliyin əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb, həmçinin institutda “dəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsi yaradılıb. Eyni zamanda, çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur qurulub. Bütün bunlarla bərabər, çəltikçiliyin geniş yayıldığı ölkələrdən Azərbaycana yüksək məhsuldar toxum sortlarının gətirilməsi də diqqətdə saxlanılıb. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum )ondu tərəfindən Pakistan İslam Respublikasından respublikamıza gətirilən yeni çəltik sortları istixanalardan açıq sahələrə köçürülüb. Xatırladaq ki, Pakistandan ölkəmizə gətirilən “KS-282”, “KSK-133”, “PK-383” və “Chenab Basmati” tezyetişən, məhsuldar olan çəltik sortlarının vegetasiya müddəti 100- 110 gündür. Bitkinin məhsuldarlığı hektara 10 ton təşkil edir. Sortların xəstəliklərə qarşı davamlılığı da yüksəkdir. Hazırda Əkinçilik Elmi–Tədqiqat İnstitutunda 2023-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1–1,5 hektar sahədə toxumluq məqsədi ilə “Avanqard” sortunun superelit reproduksiyalı əkini aparılır və 2,5-3 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir. 
Eyyub Kərimli iqtisadçı-ekspert:
"Dünyada düyü istehsalının azalması, onun qiymətinin bahalaşması daxili bazara da təbii ki, təsirsiz ötüşmür. Azərbaycanda istehlak edilən düyünün 70 faizdən çoxu başqa ölkələrdən gətirilir. Respublikamıza hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir. Əgər əvvəllər düyü əsasən, Hindistandan idxal edilirdisə, hazırda Pakistandan tədarükə üstünlük verilir. Ötən ilin sonunda hökumət bu dost ölkədən gətirilən düyünü 2027-ci ilə qədər idxal rüsumundan azad edib. Şübhəsiz ki, belə bir hal vəziyyətin kəskinləşməsinin qarşısını alacaq və respublikamızda düyünün bahalaşmasını ləngidəcək. Qeyd edək ki, Pakistan şirkətləri Azərbaycana düyü tədarükünü təxminən 10 dəfə artırmağı planlaşdırır. Amma təbii ki, idxaldan asılılığı azaltmaq üçün mümkün olan bütün tədbirlər həyata keçirilməlidir. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018- 2025-ci illər üçün Dövlət Proqramı”nda da yerli düyü istehsalının daxili bazarın tələbatının 90 faiz ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Artıq bu istiqamətdə müsbət nəticələr müşahidə olunur. Belə ki, ölkədə bu məhsulun istehsalının artması sayəsində düyü idxalı 2021-ci ildə 18 faiz azalıb. Düyü əkini sahələrinin artırılması məsələsinə gəlincə, Azərbaycanda bu məqsədlər üçün kifayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyatları ilə bağlı çətin vəziyyət müşahidə olunur. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsini mənimsəyərək yeni suvarma texnologiyaları tətbiq edilsə, çəltik istehsalında daha yüksək göstəricilərın əldə olunması mümkündür"

Tarix: 1-08-2023, 10:11 Oxunub: 91


Bölməyə aid digər xəbərlər