Halbuki, ölkədə məşğul əhalinin təxminən 38 %-i aqrar sektorda çalışır.
Bəs kənd təsərrüfatında çalışanların fəaliyyət effektivliyi niyə azdır? "Sahibkartv.az" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.
"Emal sənayesi zəif inkişaf edib"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, aqrar sektorun ÜDM-də olan payı və əhalinin məşğulluğu arasındakı uyğunsuzluğun səbəbi ilk növbədə kənd təsərrüfatı məhsullarının emalı sahəsinin zəif inkişaf etməsidir: "Kənd təsərrüfatının ÜDM-də payı çox olan ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda aqrar sektor yalnız kənd təsərrüfatı məhsullarının xammal kimi istehsalından və satışından ibarət deyil. Bu kimi ölkələr emal sənayesinin inkişafı ilə digər ölkələrdən seçilir. Odur ki, Azərbaycanda da aqrar sektorun ÜDM-dəki payının artırılması üçün ölkədə emal sənayenin genişləndirilməsi vacibdir. Ümumiyyətlə isə kənd təsərrüfatının ÜDM-də payının artırılması prioritet məsələdir, çünki bu sahə ərzaq təhlükəsizliyi üçün vacibdir”.
"Torpaq sahəsi olanların hamısı məşğul hesab edilir"
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, Azərbaycanda aqrar sektor əksər vergilərdən azad edildiyi üçün bu sahədə normal uçot formalaşmayıb, əslində kənd təsərrüfatında çalışanların payı deyildiyi qədər yüksək deyil: "Məsələn, adına torpaq sahəsi olan şəxslər aqrar sahədə məşğul əhali hesab edilir. Reallıqda isə vəziyyət belə deyil. Torpaq sahəsi olan vətəndaşların çoxu ondan istifadə edərək büdcə gəlirlərini formalaşdıra bilmir və yaxud çox az hissəsini formalaşdırır. Ona görə də faktiki olaraq işsiz - iş axtaran sayılır. Elə müstəqillik dövründə müşahidə edilən, nəzarət olunmayan urbanizasiyanın əsas səbəbi vətəndaşların iş axtarması ilə bağlıdır”.

"Kəndlərdə yaşayanların məşğulluq imkanları məhduddur"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə aqrar sektorun ÜDM-də 4 % paya malik olmasını normal hesab etsə də, kənd təsərrüfatı istehsalçılarının məşğul əhalinin 30-40 %-ni təşkil etməsini mənfi məqam sayır: "Qlobal trendlərə əsasən hazırda iqtisadiyyatin əsas hissəsini sənaye və xidmət sahələri təşkil edir. Ancaq Azərbaycanda aqrar sektorun məşğulluğun 40 %-ə yaxınını əhatə etməsi müsbət məqam deyil. Bu, kənd yerlərində yaşayan insanların qeyri-kənd təsərrüfatı sahələrində məşğulluq imkanlarının məhdud olmasının göstəricisidir, ölkədə sənayenin inkişafı strategiyası və yeni regional məskunlaşma strategiyası, yəni urbanizasiya siyasəti ilə bağlıdır. Çox təəssüf ki, Azərbaycanda bir çoxlarının çağırışları budur ki, biz kənd yerlərində, kənd təsərrüfatında insanların məşğul olmaq imkanları genişləndirməliyik. Ancaq bu yanaşma təəssüf doğurur. Çünki əsas çağırış insanların kənd təsərrüfatından kənar sahələrə keçidi ilə baglı olmalıdir. Müzakirə bunun üzərində qurulmalıdır. Hazırda işğaldan azad edilmiş ərazilərdı sosial-iqtisadi həyatın bərpası, məskunlaşma strategiyası məhz deyilən yanaşmaya əsaslanır: Müasir sənaye və xidmət sahələrinin qurulması hesabına məşğulluğun təmin edilməsi prioritet məsələdir".