Bunu "Sahibkartv.az"a açıqlamasında sektorda ötənilki vəziyyəti və builki gözləntiləri şərh edən "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov bildirib.
Onun sözlərinə görə, ilin uğurlu keçməsi koronavirus (COVID-19) pandemiyasından sonra sektorda nisbətən yavaşlamış artımın sürətlənməsi, həm də məcmu tələbdəki yüksəlişlə əlaqədar maliyyəyə olan ehtiyacın artması ilə izah oluna bilər: "2022-ci il noyabr ayının sonuna sektorun aktivləri ilin əvvəlinə nisbətən 18,3 % artaraq, 45,5 milyard manata yüksəlib. Aktivlərdəki əsas paya sahib kredit portfelində də bənzər artım (18,1%) müşahidə edilib və iqtisadiyyata ümumi kredit qoyuluşu 20,2 milyard manata çatıb. Bankların kredit portfelinin strukturuna nəzər yetirdikdə isə biznes kreditlərinin illin əvvəlinə nisbətən 12,6 %artdığını görürük. Ümumi kredit portfelinin artımında bankların öz hesablarına verdikləri biznes kreditlərindəki mütləq artım (1 382,6 milyon manat) istehlak kreditlərindəki mütləq artımı (1 253,2 milyon manat) üstələyir. Vaxtı keçmiş kreditlər və onların portfeldəki payı da ötən il azalıb - 4,2 %-dən 3,2 %-ə düşüb”.
Y.Abdulov ötən il banklara pul axınının da yüksək templə davam etdiyini bildirib: "Banklarda mərkəzi idarəetmə, bələdiyyələr və maliyyə institutlarının yerləşdirdiyi vəsaitlər istisna olmaqla, fiziki və hüquqi şəxslərin depozitləri ötən il noyabr ayının sonuna 32,9 milyardmanata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 22 % artım deməkdir. Depozit portfelinin dollarlaşma əmsalı isə 47,6 % təşkil edib. Burada qeyri-rezidentlər tərəfindən yerləşdirilən vəsaitləri də nəzərə almasaq, dollarlaşma əmsalının 45 % endiyini görürük. Bununla yanaşı, əhalinin əmanətlərində də böyük bir artım olub, lin əvvəlindən fiziki şəxslərin banklardakı vəsaitləri 25,5 % artıb. Hazırda bu əmanətlər 11,3 milyard manatdır".

Bundan başqa, onun sözlərinə görə, ötən il bank sektorunda rəqəmsallaşma və nağdsız ödənişlərlə də bağlı böyük irəliləyişlər əldə edilib: "İl ərzində internet bankçılıqda həyata keçirilən ödənişlərin həcmi 50 %-dən, mobil tətbiqlər üzrə aparılan ödənişlər isə 3 dəfədən çox artıb. Burada requlyator tərəfindən hazırlanan “2021-2023-cü illər üçün Rəqəmsal ödəniş strategiyası”nın əhəmiyyətli rol oynadığını qeyd edə bilərik. Bu strategiyada rəqəmsal ödənişlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də elektron həllərin təqdim edilməsi, ödəniş infrastrukturunun genişləndirilməsi, ödəniş ekosistemində risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması, inklüzivliyin artırılması, həmçinin rəqəmsal ödəniş xidmətlərinin təşviqi kimi strateji istiqamətlər nəzərdə tutulub".

“Qeyri-neft sektorunun dayanıqlı inkişafı və requlyativ çərçivənin təkmilləşməsi, yeniliklərin tətbiqi, eləcə də bank sektoru ilə dövlət-özəl dialoqu çərçivəsindəki birgə müzakirələrdən irəli çıxan, sektorun inkişafına hesablanmış strateji addımların icrası ilə sektorun son dövrdə müşahidə etdiyimiz inkişaf tendensiyasının növbəti illərdə də davam edəcəyini, lakin bu inkişafın daha dayanıqlı və risk əsaslı təməllər üzərində baş vercəyini deyə bilərik”, - Y.Abdulov əlavə edib.