Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan duru yağa olan tələbatını tam ödəyə biləcəkmi?


Rusiya-Ukrayna münaqişəsi nəticəsində dünyada ərzaq zəncirində bəzi məhsullar kəskin bahalaşıb, həmin məhsullardan biri, ərzaq səbətində mühüm yer tutan günəbaxan (bitki) yağıdır. Azərbaycanda bitki yağının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın bahalaşıb. Bitki yağının istehsalında günəbaxan toxumu əsaslı rol oynayır.
“Sahibkartv.az” ölkədə günəbaxan toxumunda istehsal və idxal vəziyyətini araşdırıb.
Dünyada günəbaxan toxumu istehsalında vəziyyət necədir?
2021-2022-ci kənd təsərrüfatı ilində dünyada əsas günəbaxan toxumu üzrə istehsal edən ölkələr aşağıdakılardır:
- Ukrayna bu dövr ərzində 17,5 milyon ton günəbaxan toxumu istehsal edib.
- Rusiya 15,5 milyon ton günəbaxan toxumu istehsalı ilə ikinci yerdə qərarlaşıb
- Avropa İttifaqına üzv olan ölkələr 10,4 milyon ton günəbaxan toxumu istehsalı ediblər
- Argentina 3,4 milyon ton günəbaxan toxumuu istehsal edib
- Türkiyədə istehsalın həcmi 1,75 milyon ton olub.
Ukraynadan günəbaxan toxumu idxalı dayandırılıb
2021-ci ildə Azərbaycana 7, 4 milyon ABŞ dolları dəyərində 6,3 min ton günəbaxan toxumu idxal olunub. Bu, dəyər ifadəsində 2020-ci illə müqayisədə 12,9 %, həcm ifadəsində isə 35,7 % azdır.
Azərbaycan günəbaxan toxumunu əsasən Çindən ( 2 milyon 983 min ABŞ dolları dəyərində 1 min 085 ton), Türkiyədən ( 1 milyon 928 min ABŞ dolları dəyərində 1 min 020 ton), Rusiyadan ( 1 milyon 785 min ABŞ dolları dəyərində 2 min 017 ton ),Ukraynadan (538 min ABŞ dolları dəyərində 638 ton ) günəbaxan toxumu idxal edib.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 1 milyon 910 min ABŞ dolları dəyərində 1 min 114,94 ton günəbaxan toxumu idxal edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2,8 dəfə, dəyər olaraq isə 45,9 % azdır. Bu il dünya bazarlarında 1 ton günəbaxan toxumu 171 ABŞ dollarına, 2021-ci ilin analoji dövründə isə 92 ABŞ dollarına satılıb. Beləliklə, son bir ildə dünyada günəbaxan toxumu 85 % bahalaşıb.
Bu il Azərbaycan günəbaxan toxumunu əsasən (Çindən 1 milyon 149 min ABŞ dolları dəyərində 631 ton ), Türkiyədən (659 min ABŞ dolları dəyərində 376 ton) Ukraynadan (56,1 min ABŞ dolları dəyərində 66 ton) idxal edib. Bu ilin mart-aprel aylarında Azərbaycan Ukraynadan günəbaxan toxumu idxal etməyib.
2021-ci ildə ölkədə 11 min 095,1 hektar ərazidə günəbaxan əkilib. 1 hektar üçün lazım olan toxum 25 kq-dır. 2021-ci ildə Azərbaycanda 25,8 min ton günəbaxan istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 4,2 % çoxdur. 2021-ci ildə ölkədə 52 min 372,6 ton duru yağ istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 1,7 % azdır.
2022-ci ilin yanvar-may ayları üzrə dən üçün günəbaxanın əkin sahəsi 11,45 min hektar olub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Günəbaxan istehsalını artırmaq yolları
Naxçıvan MR-nın sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, Azərbaycan günəbaxan yağının istehsalı üçün tələb olunan toxumdan xaricdən müəyyən qədər aslıdır: “Günəbaxan bitkisi iki istiqamət üçün əkilir. Əkilən günəbaxan toxumu ya bitki yağının istehsalında, ya da çərəzlik üçün istifadə edilir. Ümumiyyətlə, bitki yağının istehsalı üçün toxum ölkəyə idxal edilir. Toxumlar Türkiyə, Rusiya, Ukrayna və Şərqi Avropa ölkələrindən gətirilir”.
Onun sözlərinə görə, ölkədə Gəncəbasar bölgəsində, Oğuzda, Goranboyda, Cəbrayılda günəbaxan əkilir: “Geniş ərazilərdə yağlı günəbaxan əkinlərinin səviyyəsi aşağıdır. Qeyd edilən ərazilərdə əkilən günəbaxan, həmçinin heyvandarlıq təsərrüfatlarında istifadə edilir. Ümumiyyətlə, günəbaxan respublikanın əkin dövriyyəsinə daxil edilməli olan bitkidir”.
Ekspert ölkədə əkilən günəbaxanı, Ukrayna ilə müqayisə edib: “Ukraynada suvarma əkinçiliyi üstünlük təşkil etmir və il ərzində yağıntıların miqdarı çox olduğuna görə, həmçinin qara torpaq zonaları geniş olduğuna görə məhsuldarlıq boldur. Ən əsas məqam isə günəbaxan Ukraynada geniş ərazilərdə əkilib. Bu kimi amillər isə bitki yağının istehsalında maya dəyərinin Azərbaycanla müqayisədə daha ucuz olmasına səbəb olur, Azərbaycanda isə günəbaxan üzrə torpaq əkini stukturu kiçik ərazilər təşkil edir".
R.Orucov günəbaxan istehsalında vacib amillər barədə danışarkən bildirib ki: “Başqa bitkilərdə olduğu kimi, günəbaxanda da məhsuldarlılığa təsir edən faktorlardan biri də, torpaqda kökün dərinliyi içində bitkilərin faydalana biləcəyi nəmliyin olub-olmamasıdır. Günəbaxan bitkisinin kök quruluşu quraqlığa dözümlü bir bitki kimi qəbul edilsə də, yazlıq bir bitki olması və bu mövsümdə lazımı qədər sulanılması məhsuldarlığa müsbət təsir göstərir. Orta hesabla illik yağıntı 500 mm və daha çox olan yerlərdə suvarmaya ehtiyac olmadan günəbaxan bitkisinin əkilib becərilməsi mümkündür. Bitkinin yetişmə dövründə torpaqda lazımı miqdarda suya ehtiyacı vardır. Yağışlarla torpağa düşən su yetərincə olduğu dövrdə sulanmaya ehtiyac yoxdur. Günəbaxan becərilən bölgələrdə yetişmə dövründə fermerlərin suvarma imkanları yaxşı olduqda, həm hektardan aldıqları məhsulun miqdarı, həm də tumlardakı yağ miqdarı əhəmiyyətli dərəcədə artımlı olur. Aparılan bəzi araşdırmalar sonunda quraqlıq şəraitində orta hesabla 1 500-1 600 kq/ha məhsul alınarkən, günəbaxan tarlası lazımi qədər suvarıldıqda 2 750 -3 000 kq/ha və dörd dəfə suvarıldıqda 3 500-4 000 kq/ha məhsul alına biləcəyi təyin olunub. Yəni, günbəxan bitkisi respublikanın təbii iqlim şəratinə tam uyğun bitkidir. Torpağı çox yormur, qida maddələrinə təlabkar deyil, vegetasiya müddəti suya təlabatı əkin bitkilərindən aşağı olduğuna görə, respublikada əkinə yararlı bitkidir".
R.Orucov deyib ki, günəbaxan çarpaz tozlanan bitkidir: “Günəbaxan əkinləri olan ərazilərdə hər hektara 1,5-2 arı ailəsi yerləşdirilməlidir. Çünki tozlanma getməsə günəbaxandan bol məhsul almaq qeyri-mümkündür. Bu məsələlər bizim regionlarda olan əkinçilərin diqqət mərkəzində saxlanılmalıdır. Çünki Mərkəzi Aran bölgələrində suvarılan zonalarda texniki bitkilər daha çox əkildiyinə görə arıçılıq istiqamətli təsərrüfatlar azdır. Arı ailələrin yerləşdirilməsi həm arıçılığa, həm də günəbaxan bitkisinin inkişafına fayda verəcək”.
Günəbaxan yağının idxalı azalıb, qarğıdalı yağının tədarükü isə artıb
Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. 2021-ci ildə ölkəyə 73 milyon 609 min ABŞ dolları dəyərində 54 min 333 ton günəbaxan yağı idxal edilib. Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan, Türkiyədən və Ukraynadan tədarük edib.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,975 milyon ABŞ dolları dəyərində 16 min 662 ton günəbaxan yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5 %, kəmiyyət olaraq – 33,3 % azdır.
2021-ci ildə Azərbaycan 35 milyon 828 min ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı idxal edib. Bu məhsulu Azərbaycan əsasən Argentinadan, Brazilyadan və Rusiyadan alıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 11,136 milyon ABŞ dolları dəyərində 6 min 898 ton qarğıdalı yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34 % və 31,5 % artıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən qarğıdalı yağı alıb, lakin idxalın 60 %-ə yaxını Argentinanın payına düşüb.
Bu Latın Amerika ölkəsi dünyanın aparıcı günəbaxan yağı istehsalçılarından biridir. Bu ölkə ilə logistika kanallarının mövcud olması Argentina günəbaxan yağından pay almaq imkanlarımızı xeyli artırır.

Tarix: 18-06-2022, 11:48 Oxunub: 176


Bölməyə aid digər xəbərlər