Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentdən mühüm ÇAĞIRIŞ – Balansı dəyişmək ZAMANI

Baxış: 45

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib ki, Azərbaycan ixracında neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıdır: “Biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq. Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə, biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir”.

Qeyd edək ki, 2026-cı ilin xarici ticarət statistikası ölkənin ixracında neft-qazın yüksək payının qaldığını göstərir. Belə ki. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin yanvar-may aylarında ümumi xarici ticarət dövriyyəsi 20 milyard 788 milyon ABŞ dolları təşkil etməklə, ötən ilin ötən ilin eyni dövrü ilə müqayisədə 178 milyon dollar və ya 0,8 faiz azalıb.
Bu dövriyyənin 13 milyard 970 milyon ABŞ dolları 2 milyard 969 milyon dollar və ya 27 faiz artan ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə 3 milyard 147 milyon dollar, yaxud 31,6 faiz azalmış idxalın payıdır. Beləliklə, beş aylıq xarici ticarətdə 7 milyard 152 milyon dollar, yaxud illik müqayisədə 6,116 milyard dollar (6,9 dəfə çox) müsbət saldo qeydə alınıb.
Gömrük statistikasından aydın olur ki, bu ilin beş ayında ixracın 8 milyard 837 milyon 922 min dolları neft-qaz sektoru məhsullarının payına düşüb. Nəzərə alsaq ki, 2025-ci ilin eyni dövründə bu göstərici 9 milyard 593 milyon 683,4 min dollar idi, onda neft-qaz ixracında 755 milyon 761,4 min dollar və ya 7,9 faiz azalma olduğunu görərik.
Beş ayda neft-qaz sektoru ixracının ümumi ixracda payı illik müqayisədə 87,21 faizdən 63,26 faizə düşüb. Hesabat dövründə xam neft və xam neft məhsullarının ixracı dəyər ifadəsində 9,2 faiz, miqdar baxımından isə 14,8 faiz azalıb.
Təbii qaz ixracı miqdar baxımından 1,1 faiz artsa da, dəyər ifadəsində 12,8 faiz azalıb.
2026-cı ilin yanvar-may aylarında qeyri-neft-qaz sektoru mallarının ixracı 5 milyard 131 milyon 966,5 min dollara bərabər olmaqla 1 milyard 407 milyon 485,4 min dollarlıq ixracın qeydə alındığı ötən ilin eyni dövründən 4 dəfəyə yaxın çoxdur.
Bu artımın mühüm hissəsi Dövlət Neft Fondunun qızıl satışı ilə bağlıdır. Belə ki, Fond təkcə birinci rübdə 22.1 ton qızıl satıb. Bu satışın dəyərini qurum özü açıqlamasa da, Bloomberg 3 milyard dollarlıq rəqəmdən bəhs edib.
Qızıl ixracını istisna etsək, yanvar-mayda qeyri-neft-qaz ixracının təxminən 1 milyard 496 milyon dollar təşkil etməklə, illik ifadədə cəmi 88,3 milyon dollar və ya 6,3 faiz artdığını görmək olar.
Azərbaycanın qeyri-neft ixracının problemləri arasında ən əsasları son məhsulun deyil, xammalın ixracına hədəflənmə, həmçinin bir ixrac bazarından böyük asılılıqdır. Bu, demək olar ki, qeyri-neft ixracında mühüm payı olan bütün məhsullar üzrə müşahidə olunur.
Məsələn, meyvə-tərəvəz ixracının 90 faizdən çoxu bir ölkəyə - Rusiyaya reallaşdırılır. Pambıq mahlıcı və iplik ixracında Türkiyəyə dominant mövqedədir. Alüminimum məhsullarında da qardaş ölkəyə ixrac böyük paya malikdir. Neft-kimya məhsullarında yenə Rusiya payı yüksəkdir və sair.
İxrac coğrafiyasının genişləndirilməsi son illərd sahibkarların qarşısında duran ən mühüm məsələlərdən biri olaraq qalır. İyun ayında Prezidentin imzaladığı bir neçə fərman bu problemin həlli ilə bağlı ciddi irəliləyişlərin olmasına gətirib çıxara bilər. Prezidentin 9 iyunda imzaladığı “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan nəqliyyat xərclərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən dəstəklənəcək. Belə ki, dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən daşımalar üzrə nəqliyyat xərclərinin 70 faizə qədəri, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalarda isə 50 faizə qədəri dövlət tərəfindən kompensasiya ediləcək.
Fərmanda Naxçıvan Muxtar Respublikası ilə bağlı ayrıca dəstək mexanizmi nəzərdə tutulur. Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Azərbaycanın digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən qarşılanacaq.
Fərmandə nəzərdə tutulan dəstək tədbirləri tətbiqi 2026-cı ilin sentyabrından başlayaraq 2036-cı ilin sonunadək qüvvədə olacaq.
“Qeyri-neft-qa malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
İxrac olunan malların bilavasitə Azərbaycan məhsulu olduğuna mənşə sertifikatı olmalıdır. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir. Eyni zamanda ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Fərmana əsasən Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin edir, ixraca yönəlik bu dəstəyin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını hazırlayır.
İqtisadiyyat Nazirliyi ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısını; bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddini; ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını hazırlayacaq.
İxracda qeyri-neft məhsullarının payının artırılması baxımından daha bir mühüm məsələ son məhsul istehsalının qurulmasıdır. Bu problem də illərdir ölkə iqtisadiyyatının əsas problemlərindən biri olaraq qalır.
Artıq bir neçə istiqamətdə xammaldan son məhsul istehsalına qədər bütün istehsal zəncirinin qurulması üçün tədbirlər hazırlanıb. Məsələn, Prezidentin imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində xammaldan son məhsulun əldə olunması üçün bütün istehsal zəncirinin qurulması hədəflənib. Belə ki, ilk növbədə məhsuldarlığın hər hektardan 5 tona çatdırılmasına nail olmaq üçün müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması planlaşdırılır.
Bundan əlavə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi və mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən yaranan risklərin azaldılması üçün sığorta mexanizmlərinin hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, pambıq emalı sahələrinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin qurulması üçün emal avadanlıqlarının alınmasının dəstəklənməsi, eləcə də istehsal edilən pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviq edilməsi də proqramın hədəflərindəndir. Hesab olunur ki, bu yanaşma pambığın yalnız xammal kimi ixrac olunmasının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Rəsmilər bildirirlər ki, dövlət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər pambıqçılığın inkişafında yeni mərhələnin əsasını formalaşdıracaq, proqram pambıqçılığın yalnız ilkin kənd təsərrüfatı məhsulu kimi deyil, bütövlükdə aqrar-sənaye və tekstil zəncirinin mühüm tərkib hissəsi kimi inkişafına şərait yaradacaq.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.