
Fransa Ermənistanın İranla əsas avtomobil əlaqəsini təmin edən “Şimal–Cənub” dəhlizinin mühüm hissəsinin tikintisinə maliyyə dəstəyi verir.
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron Yelisey sarayındakı görüşdə iqtisadi əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Paşinyan və Makron Bərgüşad tunelinin tikintisinin əsas mərhələyə daxil olmasını məmnunluqla qeyd ediblər.
Bərgüşad tuneli Fransanın dəstəklədiyi “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas hissələrindən biridir. Təxminən 8,6 kilometr uzunluğunda olacaq tunel Zəngəzurda, Sisyan–Qacaran avtomobil yolunun üzərində, Bərgüşad dağ massivinin altından keçəcək.
Sisyan–Qacaran yolu cənuba doğru Qacaran–Mehri–Aqarak xətti ilə davam edərək Ermənistan–İran sərhədinə çıxır. Bu, Ermənistanın İranla əsas strateji avtomobil bağlantılarından biridir. “Şimal–Cənub” magistralı İran sərhədindən Ermənistan ərazisi ilə şimala, Gürcüstan istiqamətinə qədər uzanır. Beləliklə, Fransa bu layihəyə dəstək verməklə Ermənistanın İranla nəqliyyat əlaqələrinin gücləndirilməsində də iştirak edir.
Bərgüşad tunelinin tikintisini Fransanın VINCI Construction Grands Projets və Razel-Bec şirkətlərindən ibarət konsorsium həyata keçirməlidir. Konsorsiumun layihədə iştirakı Ermənistan hökuməti tərəfindən may ayında təsdiqlənib.
Sisyan–Qacaran yol layihəsinin müxtəlif hissələrinin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökuməti iştirak edir. Bərgüşad tunelinin maliyyələşdirilməsinə isə Fransa və Ermənistan hökumətləri dəstək verir. Fransanın tunel üçün ayıracağı konkret məbləğ açıq rəsmi məlumatlarda göstərilməyib.
Layihə çərçivəsində Bərgüşad tuneli ilə yanaşı, ümumi uzunluğu 4,7 kilometr olan 27 körpünün və ümumi uzunluğu 12,5 kilometr təşkil edən daha 9 tunelin tikintisi nəzərdə tutulur.







































