
Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov İrəvanı sərhədə gələ biləcək ABŞ qoşunları ilə hədələdi, İranla sərhədində nələr ola biləcəyinə işarə etdi...
Ermənistanda Rusiyanın hərbi və sərhəd mövcudluğunun gələcəyi yenidən ciddi müzakirə mövzusuna çevrilib. Nikol Paşinyan hökumətinin Moskva ilə məsafəni artıraraq ABŞ və Qərblə yaxınlaşması fonunda Rusiya qüvvələrinin Ermənistan ərazisindəki mövcudluğunun taleyi ilə bağlı əsas sual ortaya çıxır: Moskva Ermənistanın sərhədlərindən tamamilə çəkilə bilərmi?
Musavat.com xatırladır ki, Rusiyanın Ermənistandakı hərbi iştirakının tarixi Sovet İttifaqının dağılmasından sonrakı ilk illərə gedib çıxır. 1992-ci il sentyabrın 30-da Moskva ilə İrəvan arasında Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu haqqında saziş imzalanıb. Sənəd Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirakını hüquqi əsaslarla təsbit edib. Həmin illərdə Rusiyanın Ermənistan ərazisindəki sərhəd kontingentinin sayı təxminən 4 500 nəfər olub. Onlar Gümrü, Armavir, Artəşat və Mehri istiqamətlərində, həmçinin “Zvartnots” hava limanında yerləşdirilmişdi.
Yəni Rusiya sərhədçiləri uzun illər Ermənistanın Türkiyə və İran sərhədlərinin qorunmasında mühüm rol oynayıb. Xüsusilə Ermənistan-İran sərhədindəki Mehri istiqaməti Moskva üçün strateji əhəmiyyət daşıyıb. Lakin son illərdə bu mənzərə dəyişməyə başlayıb.
İlk ciddi siqnallardan biri Rusiyanın sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması oldu. 2024-cü ildə Rusiya sərhədçiləri hava limanını tərk etdilər. Daha sonra Ermənistanın İranla sərhədindəki Aqarak istiqamətində də Rusiyanın sərhəd mövcudluğu azaldıldı.
Bu addımların hüquqi əsası 102-ci bazanın statusundan fərqlidir. Çünki sərhəd qoşunlarının fəaliyyəti 1992-ci il sazişi ilə, Gümrüdəki hərbi bazanın fəaliyyəti isə 1995-ci il müqaviləsi ilə tənzimlənir. Siyasi mənzərə kifayət qədər aydındır: Ermənistan hakimiyyəti Rusiyanın ölkənin təhlükəsizlik sistemindəki rolunu mərhələli şəkildə azaltmağa çalışır.
Moskva isə Ermənistanın təhlükəsizlik sistemindən tamamilə sıxışdırılıb çıxarılmasının regionda yeni risklər yarada biləcəyini düşünür. Rusiya rəsmilərinin son açıqlamalarında xüsusilə ABŞ-ın Ermənistan ərazisində mümkün hərbi və kəşfiyyat infrastrukturu ilə bağlı narahatlıq ifadə olunur.
Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun son açıqlaması bu baxımdan xüsusilə diqqətçəkəndir. Şevtsov sentyabrın 4-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “KTMT – ŞƏT: təhlükəsizlik məkanı” sessiyasında çıxış edərkən ABŞ-ın Ermənistan ərazisində mümkün hərbi və kəşfiyyat mövcudluğu barədə açıq xəbərdarlıq edib. Onun sözlərinə görə, sözdə “Tramp marşrutunun” Ermənistan ərazisindən keçirilməsi Qərbə, xüsusilə də ABŞ-a Ermənistan ərazisində qoşunlar, özəl hərbi şirkətlər və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada bilər. Şevtsov bunun xüsusilə İran sərhədinin bilavasitə yaxınlığında baş verə biləcəyini vurğulayıb. Bu, Moskvanın narahatlığının nədən ibarət olduğunu kifayət qədər açıq göstərir: Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindən çəkildiyi bir vaxtda onun boşaltdığı məkanda ABŞ-ın mövcudluğu yarana bilər.
Və burada Ermənistan üçün əsas sual ortaya çıxır: Rusiya sərhədçiləri və hərbçiləri getdikdən sonra onların yerini kim tutacaq? Belə bir şəraitdə Ermənistanın Rusiya sərhədçilərindən və hərbi bazasından imtina etməsi təkcə Moskva ilə münasibətlərin dəyişməsi demək deyil. Bu, Cənubi Qafqazda təhlükəsizlik balansının da dəyişməsi deməkdir.
Ən həssas məqam isə Ermənistan-İran sərhədidir. Rusiya sərhədçilərinin bu istiqamətdə uzun illər fəaliyyət göstərməsi Moskvanın İranla sərhəddəki mövcudluğunu təmin edirdi. İndi həmin xəttin boşalması fonunda ABŞ və Qərb strukturlarının Ermənistan ərazisində artan fəallığı yeni geosiyasi suallar doğurur.
“Qolos Armeniya” yazır ki, ən təhlükəli ssenari isə Vaşinqtonun sabah İrəvan qarşısında İranla bağlı konkret tələb qoya biləcəyidir. “ABŞ Ermənistana “İranla münasibətlərinizi anlayırıq, amma indi bizim mövqeyimizi dəstəkləməlisiniz” desə, Paşinyan hökuməti nə edəcək? Belə tələblərin variantları kifayət qədər çoxdur: İrəvandan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaq, Tehranla enerji və digər iqtisadi layihələri məhdudlaşdırmaq, yaxud İran hakimiyyətinə münasibətdə Vaşinqtonun mövqeyini dəstəkləmək tələb oluna bilər. Bu gün Donald Tramp Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, Nikol Paşinyanı “böyük dost” adlandırır . Ancaq beynəlxalq siyasətdə dostluq bəyanatlarından daha vacib olan milli maraqların toqquşduğu anda tərəflərin hansı mövqeni tutmasıdır.Bu gün ABŞ üçün Ermənistanın ərazi bütövlüyünün müdafiəsi prioritet kimi təqdim oluna bilər. Sabah isə Vaşinqtonun İranla qarşıdurması kəskinləşərsə, İrəvanın qarşısına tamam başqa tələb qoyula bilər”-”Qolos Armeniya” yazır.





































